KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciətində bildirib.
Qeyd olunub ki, son dövrlər avtomobil idarə edərkən mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsində canlı yayımlar açan sürücülərə tez-tez rast gəlinir.
Mərkəzin məlumatına görə, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri sürücü diqqətsizliyidir. Sükan arxasında olarkən diqqətin yoldan yayındırılaraq mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəldilməsi qəza riskini artırır.
Bildirilib ki, müşahidə kameralarının qeydə aldığı bir sıra yol-nəqliyyat hadisələrinin təhlili bəzi qəzaların məhz sürücülərin diqqətsizliyi nəticəsində baş verdiyini göstərir.
Vurğulanıb ki, sosial şəbəkələrdə izləyici və bəyənmə toplamaq, populyarlıq qazanmaq istəyi digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ata, hətta ölüm və ağır xəsarətlərlə nəticələnə bilər.
Mərkəz sürücüləri yollarda məsuliyyətli və diqqətli olmağa çağırıb.

