Bundesverin hərbi hissələrində, qarnizonlarında və poliqonlarında Çin istehsalı olan bütün pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi qadağan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi “Der Spiegel” jurnalına danışıb.
Onları Almaniya və ya digər Avropa ölkələrində istehsal olunan analoji texnikalar əvəz edəcək.
Bundan əlavə, BYD, Geely və digər Çin markalarına məxsus avtomobillərin hərbi obyektlərin ərazisinə daxil olmasına da qadağa qoyulub. Bu avtomobillərin sahiblərinə nəqliyyat vasitələrini təhlükəsizlik zonasından kənarda saxlamaq və xidmət yerlərinə piyada getmək tapşırılıb.
“Der Spiegel” yazır ki, bu qərarın arxasında Çin istehsalı olan texnikanın yaratdığı potensial təhlükəsizlik riskləri dayanır. Belə ki, həmin avtomobillərdə və pilotsuz uçuş aparatlarında quraşdırılmış sensorlar və kameralar vasitəsilə məxfi məlumatların toplanaraq Çinin xüsusi xidmət orqanlarına ötürülə biləcəyi ehtimal edilir.
Söhbət, xüsusilə, hərbi təlimlərin gedişi, Almaniyanın silah sistemləri, eləcə də kazarmaların və hərbi poliqonların görüntüləri haqqında məlumatlardan gedir.
Qeyd edək ki, bu cür təhlükəsizlik narahatlıqları ilə bağlı daha əvvəl də məlumatlar yayılıb. Belə ki, avqust ayında “The Telegraph” qəzeti Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan, Çin istehsalı komponentlərlə təchiz edilmiş K3 Scout kəşfiyyat dəniz pilotsuz aparatlarının məlumatları gizli şəkildə Çinə ötürdüyünü iddia etmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
