Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıran və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilən ən təhlükəli qayda pozuntularından biridir. Buna baxmayaraq, Bakıda fəaliyyət göstərən 140A marşrut avtobusunun sürücüsünün uzun müddət telefonla danışaraq sərnişin daşıması narazılıq doğurub.
Bəs qayda pozuntusu ilə bağlı hansı tədbirlər görülüb? Məsələ ilə bağlı “BMH” daşıyıcı şirkəti KONKRET.az-ın sorğusunu cavablandırıb.
Şirkətdən bildirilib ki, hadisə barədə məlumat dünən AYNA tərəfindən onlara təqdim edilib və dərhal rəhbərlik səviyyəsində müvafiq tapşırıq verilib.
Qeyd olunub ki, sürücülərlə bağlanmış müqaviləyə əsasən, sükan arxasında mobil telefonla danışmaq, siqaret çəkmək, dayanacaqdan kənarda sərnişin götürüb-düşürtmək və digər qayda pozuntularına yol vermək qəti qadağandır.
Şirkətin məlumatına görə, bu, sürücünün ilk belə pozuntusu olduğundan o, əməkhaqqından tutulmaqla cərimələnəcək və şifahi xəbərdarlıq ediləcək.
Bildirilib ki, sürücü dünən işdə olduğundan şirkətə dəvət edilməyib, lakin onunla sabah fərdi söhbət aparılması planlaşdırılır.
“Biz hər səhər sürücülərə təhlükəsizlik qaydalarını xatırladırıq. Onlara sükan arxasında telefonla danışmamaq, siqaret çəkməmək, dayanacaqlardan kənarda saxlamamaq barədə mütəmadi təlimatlar verilir. Sürücülərlə maddi məsuliyyət haqqında müqavilə bağlanıb və bu cür hallarda onlar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq intizam və maddi məsuliyyət daşıyırlar”, – deyə şirkətdən vurğulanıb.
Aynurə İsmayıl
KONKRET.az

