Azərbaycanda dini və milli tolerantlığın qorunması üçün hansı addımlar atılmalıdır? – İlahiyyatçıdan AÇIQLAMAbackend

Azərbaycanda dini və milli tolerantlığın qorunması üçün hansı addımlar atılmalıdır? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda dünya sözün həqiqi mənasında dini və milli dözümsüzlükdən əziyyət çəkir. Elə bir gün olmur ki, dünya mətbuatı aqressiya, hücum, zorakılıq kimi mövzularda xəbərlər dərc etməsin. Ölkəmizdə müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyəti ta qədimdən indiyəcən qorunub saxlanmaqdadır. Azərbaycan xalqı əsrlər boyu müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb. Ölkəmizdə hər zaman yüksək tolerantlıq mühiti hökm sürüb və insanlar əmin-amanlıq şəraitində yaşayıb. Respublikamızda hər kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər.

Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış ənənələri, qarşılıqlı hörmət və anlaşma mühiti tolerantlıq siyasətinin əsas istiqamətlərindən hesab olunur. Bununla belə, müasir dövrdə dini və milli ayrı-seçkiliyin qarşısının alınması, xüsusilə gənclər arasında multikultural dəyərlərin təşviqi və cəmiyyətdə həmrəyliyin gücləndirilməsi məsələsi aktuallığını qoruyur. Bəs ölkəmizdə bu sahədə hansı tədbirlər həyata keçirilir və millətlərarası münasibətlərin daha da inkişafı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov Azərbaycanda dini və milli tolerantlığın qorunması istiqamətində görülən işləri müsbət qiymətləndirib.

Haramdır” deyilən əməllərlə bağlı gerçəklər ortaya çıxdı – Şok Peyğəmbər  detalı - Turkustan.az

Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların bir arada yaşadığı məkan olub. Bu ənənənin qorunması təkcə dövlət siyasətinin deyil, həm də xalqımızın tarixi-mənəvi dəyərlərinin tərkib hissəsidir.

İlahiyyatçı qeyd edib ki, dini konfessiyaların fəaliyyətinə dəstək göstərilməsi, dinlərarası dialoqun təşviqi, beynəlxalq konfrans və forumların təşkili, eləcə də maarifləndirici tədbirlərin keçirilməsi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və müxtəlif dini icmaların nümayəndələrinin bir araya gətirilməsi də mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

Ə.Həsənov vurğulayıb ki, tolerantlıq yalnız rəsmi tədbirlərin keçirilməsi və müvafiq prinsiplərin sənədlərdə əks olunması ilə məhdudlaşmamalıdır. Əsas məsələ insanların gündəlik həyatında bir-birinin dini inancına, milli kimliyinə, dilinə, adət-ənənələrinə və fərqli düşüncəsinə hörmətlə yanaşmasıdır.

Onun fikrincə, İslam dini də insanlar arasında ayrı-seçkiliyi deyil, bərabərliyi, ədaləti və qarşılıqlı hörməti təşviq edir. İlahiyyatçı Qurani-Kərimin Hucurat surəsinin 13-cü ayəsini xatırladaraq bildirib ki, insanların müxtəlif xalqlara və qəbilələrə mənsub olması qarşıdurma üçün deyil, bir-birini tanımaq və anlamaq üçündür. Bəqərə surəsinin 256-cı ayəsindəki “Dində məcburiyyət yoxdur” prinsipi də dini seçim azadlığının əhəmiyyətini göstərir.

İlahiyyatçı əlavə edib ki, tolerantlığın daha da möhkəmləndirilməsi üçün xüsusilə gənclər arasında maarifləndirmə işləri genişləndirilməlidir. Məktəblərdə və ali təhsil müəssisələrində müxtəlif dinlər və mədəniyyətlər haqqında düzgün məlumatların verilməsi, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin aşılanması vacibdir.

Ə.Həsənov medianın və sosial şəbəkələrin roluna da diqqət çəkib. O bildirib ki, dini və milli fərqliliklər üzərindən yayılan yanlış məlumatlar, stereotiplər və qərəzli yanaşmalar cəmiyyətdə süni qarşıdurmalara səbəb ola bilər. Buna görə də jurnalistlər, din xadimləri, ictimai xadimlər və ziyalılar insanları qarşı-qarşıya qoyan deyil, birləşdirən mövqe nümayiş etdirməlidirlər.

Müsahibimizin qənaətinə görə, bu sahədə daha böyük nəticələr əldə etmək üçün dövlət qurumları, dini icmalar, təhsil müəssisələri, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir. Müxtəlif dini və milli icmaların nümayəndələri yalnız rəsmi tədbirlərdə deyil, gündəlik sosial, mədəni və maarifləndirici layihələrdə də bir araya gəlməlidirlər.

İlahiyyatçı sonda vurğulayıb ki, tolerantlıq qarşılıqlı hörmətə əsaslanmalıdır: “Fərqli olmaq düşmən olmaq demək deyil. İnsanları birləşdirən dəyərlər onların arasında olan fərqliliklərdən daha çoxdur”. Onun sözlərinə görə, Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənələrinin qorunması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi həm dövlətin, həm də cəmiyyətin ortaq məsuliyyətidir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;” mövzusuna uyğun olaraq dərc edilir.

medialoqo1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*