“Azərbaycan və Türkiyə Zəngəzur məsələsini ermənilərin iştirakı olmadan həll edə bilməzlər”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov erməni KİV-nə müsahibəsində deyib.
Türkiyə və Azərbaycan prezidentlərinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən Tarasov birtərəfli mövqeyi ilə ermənipərəstliyini sərgiləyib. Sayıqlamalarına davam edən “ekspert” deyib:
“9 Noyabrdakı üçtərəfli sazişdə Zəngəzur dəhlizi anlayışının yoxdur, ancaq kommunikasiya sözü var. İkinci məqam bu yolun Ermənistan ərazisindən keçməsidir. Bunu ermənilərin iştirakı olmadan necə həll edə bilərlər?“
Tarasov Şuşa Bəyannaməsinin Ermənistandakı seçkilər ərəfəsində imzalanması xüsusi vurğulayıb. Daha sonra “politoloq” sərsəmləmələrinə davam edib.
“Bəlkə də bunu etməklə seçkilərin nəticələrinə təsir etmək istədilər. Əgər belədirsə,onlarda bu alınmadı. Baza məsələsinə gəldikdə isə, bu cəfəngiyatdır, heç bir baza olmayacaq. Baza üçüncü dövlət tərəfindən təhlükə olduqda yaradılır. İndi Azərbaycanı kim təhdid edir? Heç kim. Heç bir motivasiya yoxdur. Buna görə də bu cür açıqlamalar daxili auditoriyaya yönəlib. Bu mənada Türkiyənin imkanları çox şişirdilir və azərbaycanlılar da öz növbəsində müstəqilliklərini itirmək istəmirlər ”deyərək çirkin fikirlər səsləndirib.
Xatırladaq ki, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev 15 iyun tarixində Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edən Şuşa Bəyannaməsini imzalayıblar. Ərdoğan Azərbaycanda Türk hərbi bazasının yaradılmasını da istisna etməyib.
Xuraman Etibarlı
KONKRET.az
