Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov erməni sosial şəbəkə istifadəçiləri və bəzi analitiklər tərəfindən tez-tez səsləndirilən “Siz Birinci Qarabağ Müharibəsində, biz isə İkinci Qarabağ savaşında məğlub olduq” tezisinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Zülfüqarov “Facebook” hesabında yazıb ki, bu fikir revanşist yanaşmaları əsaslandırmaq üçün istifadə olunur və 1994-cü il hadisələri ilə 2020-ci ilin nəticələri arasında ciddi fərqlər mövcuddur.
Keçmiş nazirin sözlərinə görə, 1994-cü ildə əldə olunan razılaşma yazılı müqavilə deyil, vasitəçinin iştirakı ilə aparılan faks mübadiləsindən ibarət olub.
O, qeyd edib ki, həmin sənəddə tərəflərin statusu və öhdəlikləri dəqiq şəkildə təsbit edilməmişdi.
Zülfüqarov vurğulayıb ki, atəşkəs elan edilən zaman Azərbaycan tutduğu mövqelərdə qalıb, danışıqlar isə qarşı tərəflə deyil, vasitəçilik edən Rusiya ilə aparılıb. Onun sözlərinə görə, yeganə öhdəlik sülh danışıqlarının davam etdirilməsinə hazırlıq göstərmək idi.
Sabiq XİN başçısı bildirib ki, 1994-cü ilin mart-aprel aylarında qarşı tərəfin Gəncə istiqamətindəki genişmiqyaslı hücum cəhdi böyük itkilərlə nəticələnib və Rusiya hərbçilərinin təkidi ilə əməliyyatlar dayandırılıb.
Zülfüqarov 2020-ci ildə müharibənin başa çatmasını tənzimləyən sənədlə müqayisədə isə qeyd edib ki, həmin bəyanat Ermənistan rəhbəri, Azərbaycan Prezidenti və Rusiya lideri tərəfindən imzalanıb.
Onun sözlərinə görə, Ermənistan müəyyən edilmiş müddətlərdə bütün qoşun və hərbi texnikasını tərəflər arasındakı şərti sərhəddən çıxarmaq, eləcə də bir sıra hərbi-texniki öhdəlikləri yerinə yetirmək barədə öhdəlik götürüb və bunları icra edib.
Sabiq nazir əlavə edib ki, hadisələrin şahidi olan insanların qarşısında siyasi məqsədlərlə tarixi reallıqları təhrif etməyə çalışmaq düzgün deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
