2027-ci ildə minimum əməkhaqqı artırıla bilər? – Deputatdan AÇIQLAMAbackend

2027-ci ildə minimum əməkhaqqı artırıla bilər? – Deputatdan AÇIQLAMA

“Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Bu, minimum əməkhaqqının artırılması məsələsinin mütəmadi olaraq gündəmdə saxlanılmasına və əməkhaqlarının iqtisadi imkanlara uyğunlaşdırılmasına şərait yaradır. Bu baxımdan, 2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması üçün müəyyən iqtisadi və maliyyə əsasları mövcuddur”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov KONKRET.az-a açıqlamasında səsləndirib:

BADAMOV Azər Camal oğlu

“İlk növbədə, minimum əməkhaqqının artırılması dövlət büdcəsinin imkanları, ölkənin iqtisadi inkişaf dinamikası, inflyasiya səviyyəsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilə bilər. Son illərdə dövlət büdcəsinin sosialyönümlü xərclərinin artırılmasına xüsusi diqqət yetirilməsi də əməkhaqlarının yüksəldilməsi üçün maliyyə imkanlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.

Minimum əməkhaqqının artırılması, eyni zamanda, dövlət büdcəsindən maliyyələşən və Vahid Tarif Cədvəli üzrə əməkhaqqı alan işçilərin maaşlarının yüksəldilməsi üçün də zəmin yarada bilər. Belə qərarlar qəbul edilərkən büdcə xərclərinin dayanıqlılığı və əməkhaqlarının ölkədəki iqtisadi vəziyyətə uyğunluğu nəzərə alınmalıdır”.

Deputat vurğulayır ki, digər mühüm məqam əməkhaqlarının artmasının sosial sığorta daxilolmalarına mümkün təsiridir.

“ Əməkhaqları yüksəldikcə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da arta bilər. Bu isə Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarının gücləndirilməsinə və pensiya, müavinət və digər sosial təminat öhdəliklərinin maliyyələşdirilməsinə əlavə töhfə verə bilər.

Hesab edirəm ki, 2027-ci ildə minimum əməkhaqqının artırılması məsələsinə baxılması üçün həm sosial, həm də iqtisadi əsaslar var. Bununla belə, artımın konkret məbləği və vaxtı dövlət büdcəsinin imkanları, inflyasiya, əmək məhsuldarlığı və digər makroiqtisadi göstəricilər əsasında müəyyən edilməlidir.

Əsas məqsəd yalnız nominal əməkhaqlarını artırmaq deyil, həm də əhalinin alıcılıq qabiliyyətini qorumaq, vətəndaşların rifahını yüksəltmək və sosial təminat sisteminin maliyyə dayanıqlılığını gücləndirmək olmalıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*