Abbas Əraqçi İraq kürdlərinə səsləndi: Təxribatlara uymayınbackend

Abbas Əraqçi İraq kürdlərinə səsləndi: Təxribatlara uymayın

İranın xarici işlər naziri Abbas Əraqçi kürdləri təxribatlara uymamağa çağırıb və İraq Kürdüstanının baş naziri Məsrur Bərzaninin Ərbildəki ofisinə endirilən zərbənin tərəflər arasında nifaq salmaq məqsədi daşıdığını bildirib.

KONKRET.az xəbər verir ki, Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Əziz kürd dostlarımız qonşular arasında nifaq salmaq məqsədi daşıyan təxribatlara uymamalı və ayıq-sayıq olmalıdırlar”, – deyə İran XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, İraqın Kürdüstan bölgəsinə hücumu “heç nə ilə əsaslandırmaq mümkün deyil”.

Bundan əvvəl İraqın xarici işlər naziri Fuad Hüseyn Əraqçi ilə telefon danışığı zamanı bazar ertəsi Ərbildə İraq Kürdüstanı regional hökumətinin ofislərinə endirilən dron zərbələrini müzakirə edib.

İraq Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Hüseyn Kürdüstanın baş nazirinin iqamətgahı və şəxsi ofisinə hücumla bağlı İranın rəsmi mövqeyinə aydınlıq gətirilməsini istəyib. O, hücumun “İraqın təhlükəsizliyinə və regionun sabitliyinə mənfi təsir göstərəcəyini” vurğulayıb.

Öz növbəsində Abbas Əraqçi hücumla bağlı təəccübünü ifadə edib və zərbələrin İran ərazisindən həyata keçirildiyinə dair məlumatının olmadığını bildirib.

İran XİN rəhbəri həmçinin qeyd edib ki, İran hökuməti ilə İraq Kürdüstanının regional hökuməti arasında “müsbət və möhkəm münasibətlər” nəzərə alınmaqla, bu cür hücumların heç bir əsası ola bilməz.

İran Xarici İşlər Nazirliyi də insidenti pisləyib.

Qeyd edək ki, bundan əvvəl İranın kamikadze dronlarının Ərbildə İraq Kürdüstanı hökumətinin baş naziri Məsrur Bərzaninin ofisinə və kəşfiyyat rəhbərinin iqamətgahına zərbələr endirdiyi barədə məlumat yayılmışdı.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*