Arkadaşlar, biz başlasaq, siz ifşa olunacaqsınız – Burnunuzu sizə aid olmayan işlərə soxmayın!backend

Arkadaşlar, biz başlasaq, siz ifşa olunacaqsınız - Burnunuzu sizə aid olmayan işlərə soxmayın!

Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar ətrafında yaranan müzakirələr qızışır. Amma hər şey ortadadır: Türkiyədə bəzi qüvvələr siyasi məqsədlərini həyata keçirmək üçün dini həssaslıqlardan məharətlə istifadə etməyə başlayıblar. Məktəbli qızların hüquqlarının müdafiəsi şüarı ilə təşkil olunan etirazların arxasında dayanan ideoloji yanaşmalar, səsləndirilən şüarlar və təşkilatçıların dünyagörüşü ayrıca mövzudur. Görəsən, aksiyada iştirak edən “arkadaş”lar anlamır ki, odla zarafat etmək olmaz?! Azərbaycanın dünyəvi dövlət modelinə ağız əymək onlara baha başa gələ bilər?! Arkadaşlar, əgər biz Türkiyənin səfirliyi qarşısında aksiyalara başlasaq, bu, sizin dövlətiniz üçün böyük itkilərə başa gələcək. İki qardaş dövlət arasında suallar yaranıbsa, bunu belə eybəcər şəkildə ifadə etmək yolverilməzdir. Azərbaycana qarşı ideoloji təzyiq göstərmək hansı ağılın məhsuludur?

Ankara və İstanbulda Azərbaycanın səfirliyi və baş konsulluğu qarşısında keçirilən aksiyalarda məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı iddialar ön plana çəkməklə, bu qruplar nə əldə edəcəyini düşünürlər? Bu məsələnin insan hüquqları adı altında təqdim edilməsi ən azından səmimi görünmür axı! Türkiyənin rəsmi dairələri bu tipli aksiyalara icazə verəndə özlərini gülünc vəziyyətə saldıqlarının fərqindədirlərmi? Siz hələ iddiaların məzmununa və aksiyaların təşkilatçılarına baxın. Biz istifadə edilən ritorika və hadisələrin siyasi kontekst də qiymətləndirilməsini bir kənara qoyaq.
Aydın olur ki, onları maraqlandıran hicab deyil, hədəf Azərbaycanın dünyəvi dövlət modelidir. Alt qatda isə daha cılız maraqlar var.

İndi nə edək, gününüzü göy əskiyə bükək?! İki dövlət, bir millət deməklə olmur, qardaşım! Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş dünyəvi dövlət prinsipi siyasi və hüquqi sistemimizin əsaslarından biridir. Siz özünüz də yaxşı bilirsiniz ki, bu prinsip dinə qarşı olmaq demək deyil. Əksinə, dövlət bütün dini inanclara bərabər yanaşır. Təhsil isə başqa məsələdir. Burada dini mənsubiyyətdən asılı olmayaraq ümumi qaydalar nəzərdə tutulur.

Məktəb yalnız bilik verilən məkan deyil. O, həm də uşaqların vahid təhsil mühitində yetişdiyi, intizam və sosial məsuliyyət qaydalarını mənimsədiyi ictimai institutdur. Buna görə də məktəbli geyimi ilə bağlı müzakirələr hüquqi çərçivədə, cəmiyyətin maraqları və uşaqların mənafeyi nəzərə alınmaqla aparılmalıdır. Hər hansı qaydanın düzgünlüyünü müzakirə etmək mümkündür, ancaq bu müzakirəni dövlətə qarşı düşmənçilik ritorikasına çevirmək başınız üçün deyil.

Azərbaycanın təhsil siyasəti ilə bağlı tənqidlər ola bilər. Bu tənqidləri Azərbaycan vətəndaşları ifadə etmək hüququna malikdir. Amma kimliyindən və hansı dövlətdən asılı olmayaraq, hansısa ölkədə diplomatik nümayəndəliyimiz qarşısında təhqiramiz şüarlar səsləndirmək, ölkənin dövlətçilik modelini hədəfə almaq və dini həssaslıqları siyasi qarşıdurmaya çevirmək artıq daxili işimizə burun soxmaq prosesidir. İyrənc yanaşmadır, ürəkbulandırıcı bir tərzdir.

İndi gəlin İstanbulda keçirilən aksiyaların təşkilatlarına. “Özgür-Der” və onun rəhbəri Rıdvan Kayaya. Kaya Türkiyənin islamçı-mühafizəkar çevrələrində tanınan fəallardandır. Onun gender bərabərliyi, ailə münasibətləri və İstanbul Konvensiyası ilə bağlı mövqeləri barədə ictimai müzakirələr mövcuddur. Belə bir ideoloji mühitdən gələn şəxslərin qəfildən başqa ölkədə məktəbli qızların hüquqlarının müdafiəçisi kimi çıxış etməsi təbii olaraq ciddi şübhələr yaradır.

Kayanın atası Hacı Nimet Kayanın 2022-ci ildə keçirilən dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və mərasimdə səsləndirdiyi şəxsi xatirələr Kaya ailəsi ilə Türkiyə rəhbərliyi arasında uzunmüddətli tanışlığın mövcudluğunu göstərir.

Ancaq burada daha geniş siyasi sual qalır: Türkiyədə fəaliyyət göstərən dini-ideoloji qrupların Azərbaycana münasibəti, onların ölkəmizin daxili məsələlərinə müdaxilə xarakterli çağırışları və bu çağırışların hansı siyasi mühitdə səsləndirilməsi necə qiymətləndirilməlidir?

Dini həmrəylik adı altında başqa dövlətin təhsil siyasətinə təsir göstərmək cəhdi, xüsusilə də bu cəhd dövlətçilik və dünyəvilik prinsiplərinə qarşı kampaniyaya çevrilirsə, Azərbaycan cəmiyyəti də cavab vermək hüququndan istifadə edə bilər. Artıq bu, an məsələsidir.

Maraqlıdır ki, bu aksiyaların əsas ziddiyyəti qadın hüquqları mövzusunda ortaya çıxır. Özlərini hicablı məktəbli qızların müdafiəçisi kimi təqdim edən radikal dini çevrələr adətən qadınların cəmiyyətdəki mövqeyini tanımır, ailədaxili münasibətlərdə və gender bərabərliyində ayrı-seçkilik nümayiş etdirirlər. Amma indi belələrinin Azərbaycanda hicab məsələsində narahatlıqları “qabarıb”. Məsələn, “Hizb ut-Təhrir”lə əlaqəli Avstraliya qadın qrupunun 2017-ci ildə geniş müzakirələrə səbəb olan videosunda ailədaxili münasibətlərdə kişinin həyat yoldaşına fiziki təsir göstərməsi məsələsinə münasibət ifadə edilmişdi. Həmin çıxışlar qadına qarşı zorakılığın dini əsaslarla izah olunması və ya yumşaldılması barədə ciddi tənqidlərə yol açmışdı.

Belə nümunələr göstərir ki, qadın hüquqları məsələsinə yalnız şüarlar və geyim üzərindən yanaşmaq olmaz. Əgər bir ideoloji cərəyan qadının müstəqil seçimlərini məhdudlaşdırır, onun hüquqi bərabərliyinə şübhə ilə yanaşır və ailədaxili zorakılığa bəraət qazandıran mövqelər sərgiləyirsə, həmin cərəyanın qadın hüquqlarının müdafiəsi iddiası da ikrah doğurur.

Bu qruplara görə hicab taxan bütün qadınlar və ya dini inanclı insanlar əlahiddə şəxslərdir. Görünən odur ki, söhbət dindarlıqdan yox, dini inanclardan siyasi məqsədlərlə istifadə edən, qadınların hüquqlarını ideoloji çərçivəyə salan və başqalarına öz baxışlarını qəbul etdirməyə çalışan təşkilatlanmış yanaşmadan gedir.

Qadının hüququnu müdafiə etmək onun geyimini siyasi mübarizənin alətinə çevirmək deyil. Həqiqi hüquq müdafiəsi qadının təhsil almaq, öz gələcəyini müəyyənləşdirmək, zorakılıqdan qorunmaq və qanun qarşısında bərabər olmaq hüquqlarının hamısını əhatə etməlidir.

Qeyd edək ki, şivən qoparan “Hizb ut-Təhrir” təşkilatı Fələstində yaradılan, dünyada xilafət qurulmasını hədəfləyən islamçı siyasi hərəkatdır. Təşkilatın fəaliyyəti bir sıra ölkələrdə qadağan edilib, bəzi dövlətlərdə isə onun üzvlərinə qarşı hüquqi tədbirlər görülüb. Bununla yanaşı, təşkilatın hüquqi statusu və ona münasibət ölkələr üzrə fərqlənir; buna görə də bütün ölkələrdə eyni statusa malik olduğunu iddia etmək düzgün olmaz.

Türkiyədə də “Hizb ut-Təhrir” uzun müddətdir təhlükəsizlik və hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. “Köklü Değişim” kimi qurumların bu təşkilatla əlaqəsi barədə ciddi iddialar var

Eyni prinsip aksiyada iştirak edən ayrı-ayrı şəxslərə də aiddir. Onların radikal ideoloji mövqeləri ortadadır. Əksəriyyət bu tipli terror fəaliyyəti ilə məşğuldur.

Beləliklə, Azərbaycan üçün əsas siyasi təhdid var: dini şüarlardan istifadə edərək başqa ölkənin daxili siyasətinə təsir göstərmək, cəmiyyətdə qarşıdurma yaratmaq və dünyəvi hüquq sistemini legitimlik böhranına sürükləmək. Bu cəhdlərə operativ reaksiya verilməlidir.

Məsələ burasındadır ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təkcə diplomatik sənədlərə deyil, tarixi yaxınlığa, qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir. Məhz buna görə də Azərbaycan diplomatik nümayəndəlikləri qarşısında dövlətimizin ünvanına yönələn təhqiramiz və qarşıdurma yaradan ritorikaya rəsmi Ankara dur deməlidir.

Deyə bilərsiniz ki, Türkiyədə müxtəlif siyasi və ictimai qrupların dinc aksiya keçirmək hüququ var. Amma bu , o demək deyil ki, sərbəst toplaşmaq hüququ başqa dövlətin suverenliyinə hörmətsizliklə müşahidə olunmalıdır. Bu mənada təhqir və dini ideologiyanın siyasi təzyiq vasitəsinə çevrilməsi onları ifşa edən mühüm detaldır.

Aksiyanın keçirilməsinə imkan verilməsi də özlüyündə Türkiyə hakimiyyətinin həmin tədbiri təşkil etdiyini və ya siyasi cəhətdən dəstəklədiyini sübut edir.

Amma bunu bilsinlər ki, Azərbaycan ictimaiyyəti kütləvi aksiyalara başlasa, ilk şüarları belə olacaq: məktəbli qızların hüquqlarını müdafiə etdiyini deyən şəxslər niyə diqqəti təhsilin keyfiyyətinə, uşaqların təhlükəsizliyinə və real sosial problemlərə deyil, başqa dövlətin daxili qaydalarını siyasi qarşıdurmanın mərkəzinə çevirməyə yönəldirlər? Niyə qadın hüquqları barədə danışan bəzi ideoloji çevrələrin öz qadın və ailə anlayışları eyni dərəcədə açıq müzakirə olunmur?

Bəli, cənablar, bizim seçimimiz bəllidir: hüquqi dövlət, dünyəvi təhsil və milli suverenlik.

Azərbaycanın dünyəvi dövlət modeli hansısa xarici dini və ya ideoloji mərkəzin razılığından asılı deyil. Ölkəmizin təhsil siyasəti, hüquq sistemi və ictimai münasibətləri Azərbaycan qanunları və cəmiyyətin maraqları əsasında müəyyənləşdirilir. Odur ki, xaricdən ideoloji diktə qəbulolunmazdır.

Din insanın şəxsi inancı və mənəvi dünyası ilə bağlı məsələdir. Onu siyasi təsir alətinə çevirmək, uşaqların təhsilini ideoloji qarşıdurmanın meydanına çıxarmaq və başqa ölkəyə öz dünyagörüşünü qəbul etdirməyə çalışmaq isə tamamilə fərqli hadisədir.

Azərbaycanın cavabı da bu fərqi aydın şəkildə ortaya qoyacaq: İnanclı insanların hüquqları qorunur, heç kim dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmır, eyni zamanda dövlətin dünyəvi əsasları və təhsil sisteminin qanuni qaydaları müdafiə edilir.

Bu məsələdə prinsipiallıq kiməsə qarşı düşmənçilik deyil. Bu, dövlətin öz hüquqi çərçivəsini, ictimai sabitliyini və gələcək nəsillərin təhsil mühitini qorumasıdır.

Heç bir xarici qruplaşma, hansı dini şüardan istifadə etməsindən asılı olmayaraq, Azərbaycana öz siyasi iradəsini diktə edə bilməz. Qadın hüquqları da, uşaqların təhsili də, dini azadlıqlar da manipulyasiya vasitəsi deyil.

Azərbaycanla bağlı qərarları Bakı verir. Ölkəmizin gələcəyini isə nə xarici ideoloji mərkəzlər, nə də dini şüarlar arxasında gizlənən siyasi ambisiyalar müəyyən edə bilər.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*