“Ermənistanın keçmiş rəhbərliyi hərbi cinayətlərdə və terror hadisələrində iştirakına görə daha ciddi məsuliyyət daşıyır, lakin beynəlxalq ictimaiyyət bu məsələdə susqunluq nümayiş etdirir”.
Bu sözləri politoloq Əli Mustafa KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Ermənistanın keçmiş rəhbərliyinin cinayət əməllərini bütün dünya bilir və susur. Gerçəklik ondan ibarətdir ki, indiki rəhbərliyin də məsuliyyəti var. Amma keçmiş rəhbərlik daha ciddi məsuliyyət daşıyır. Onlar birbaşa bütün hərbi cinayətlərdə iştirak ediblər. Hətta terror hadisələrində də iştirak ediblər. Onlar beynəlxalq terrorçulardır və terrorçu kimi məsuliyyətə cəlb olunmalıdırlar”, – deyə politoloq vurğulayıb.
Əli Mustafa beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı mexanizmlərin ya mövcud olmadığını, ya da kifayət qədər zəif olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət beynəlxalq təşkilatların sülh və təhlükəsizliyin təmin olunmasında effektivliyini azaldır.
Politoloq Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin uzun müddət icrasız qalmasını buna nümunə göstərib:
“Azərbaycan münaqişəsi ilə bağlı qətnamələr qəbul edildi, amma onların icrası həyata keçirilmədi. Demək olar ki, 30 il icrasız qaldı. Bu baxımdan məsələ ciddi və aktualdır. Ümumiyyətlə, beynəlxalq təşkilatlar səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların icrasını da təmin etməlidirlər. Əgər bunu etmirlərsə, verdikləri qərarların bir anlamı qalmır”.
Politoloq qeyd edib ki, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasına təminat verilməsi sülh və təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
