“Səhranın bəyaz günəşi” filmində Abdulla obrazını canlandıran gürcü aktyoru Kaxi Kavsadze 85 yaşında vəfat edib. Onun həyat hekayəsi ilə tanış olarkən məni aktyorluq karyerasından daha çox həyat yoldaşına olan sevgisi və sədaqəti təsirləndirdi.
Kaxi 22 yaşında ailə qurmuşdu. Həyat yoldaşı Bella əvvəlcə qız, sonra isə oğlan övladı dünyaya gətirmişdi. Lakin ikinci hamiləliyi zamanı qripə yoluxmuş, körpəyə zərər verməmək üçün antibiotik qəbulundan imtina etmişdi. Doğuşdan sonra xəstəliyin ağır fəsadları ortaya çıxmışdı: əvvəlcə ayaqları, daha sonra əlləri iflic olmuşdu.
Beləliklə, onların 26 illik ailə həyatının 23 ili Bella üçün əlil arabasında keçdi. Amma Kaxi bu illəri həyatının ən xoşbəxt dövrü hesab edirdi.
O, həyat yoldaşına özü qulluq edir, onu tək qoymamaq üçün bəzən maraqlı rollardan belə imtina edirdi. Aktyorun yaxınları, dostları və həmkarları onun Bellaya münasibətini böyük sevgi və sədaqət nümunəsi kimi xatırlayırdılar.
Düşündüm ki, görəsən, bu qadının daxilində nə qədər böyük bir güc, hansı xüsusi xüsusiyyət var idi ki, belə ağır vəziyyətdə belə özünü xoşbəxt hiss edə bilirdi?
Maraqlandım və aktyorun həyat yoldaşı haqqında oxumağa başladım. Onun adı Bella Mirianaşvili idi. O da aktrisa olmuşdu. Həyatın bütün çətinliklərinə baxmayaraq, üzündən təbəssüm əskik olmurdu. Heç vaxt şikayətlənmirdi. Kimsə onu bədbəxt adlandıranda isə buna əsəbiləşirdi.
Deyirdi:
“Nə olub ki? Mənim yaraşıqlı, güclü ərim, iki gözəl övladım var. Bəs siz nə istəyirsiniz, insan tamamilə xoşbəxt olmalıdır?”
Ailənin bir neçə fotosuna baxdım. Hamısında Bella gülümsəyirdi. İstər gənclik illərində Kaxi ilə çəkdirdiyi şəkillərdə, istərsə də saçlarına dən düşmüş sonrakı fotolarda…
Kaxi həyat yoldaşının son anlarını belə xatırlayırdı:
“Mənim Bellam uzanmışdı. Ona nəsə soruşmağa başladım, amma cavab vermirdi. Sonra rusca dedi: “Məni rahat burax, səadətdən məhrum etmə!” və gözlərini yumdu. Əvvəlcə elə bildim ki, sadəcə yuxuya gedib. Beləcə, mən Bellamı itirdim”.
Bəzən xoşbəxtlik sağlamlıqda, var-dövlətdə və ya problemsiz həyatda deyil. Xoşbəxtlik insanın yanında onu heç bir şərt qoymadan sevən birinin olmasındadır.
Bella bəlkə də bunu hamıdan yaxşı bilirdi. O, 23 il əlil arabasında yaşadı, amma özünü bədbəxt hesab etmədi. Çünki yanında onu sevən, çətinliklərdən qorxmayan və bir an belə tək buraxmaq istəməyən bir insan vardı.
Bəlkə də əsl sevgi elə budur: həyatın ən ağır sınaqları qarşısında belə bir-birinin əlini buraxmamaq.
Müəllif: Saule Kaldıbayeva
Təqdim etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az


