Vatikan noyabrın 24-də mərhum Roma Papası Fransiskin 1992-ci il dekabrın 20-dən 2024-cü il avqustun 18-dək, təxminən 32 il ərzində yazdığı şəxsi gündəlik qeydlərini ictimaiyyətə təqdim edib.
Bu qeydlərdə pontifik şeytanla qarşılaşdığını düşündüyü hadisələrdən, qocalıq və ölüm qorxusundan, hakimiyyət vəsvəsəsindən, öz qüsurlarından və sağlığında demək olar ki, heç kimin xəbər tutmadığı ağır mənəvi böhranından bəhs edir.
160 səhifəlik kitab dünyanın 94 ölkəsində eyni vaxtda beş dildə – italyan, ingilis, ispan, portuqal və fransız dillərində nəşr olunub. Bu barədə Vatikanın rəsmi informasiya portalı Vatican News məlumat yayıb.
Xorxe Mario Berqoqlionun şəxsi qeydləri qara plastik üzlüklü köhnə gündəlikdə saxlanılırdı. Gələcək Roma Papası bu gündəliyi Argentinadan Romaya gətirmiş və Müqəddəs Marta iqamətgahında qoruyub saxlamışdı.
Həyatının ən mühüm dönüş nöqtələrindən birini isə Berqoqlio olduqca sadə şəkildə qeyd edib. 2013-cü il iyulun 21-də gündəliyinə belə yazıb: «Martın 13-də məni Papa seçdilər».
Şeytanla üç qarşılaşma
Fransisk gündəliyində şeytanın qarşısına fiziki şəkildə çıxdığına inandığı üç hadisəni təsvir edib. Onlardan ikisi Berqoqlionun Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə Argentinada, üçüncüsü isə artıq Roma Papası kimi fəaliyyət göstərdiyi vaxt baş verib.
İlk qarşılaşma avtomobildə olarkən yaşanıb. O, şeytanı avtomobilin pəncərəsindən gördüyünü iddia edib.
“Onun təhlükəli, eyni zamanda şirnikləndirici baxışlarını heç vaxt unuda bilmirəm”, – Berqoqlio yazıb.
İkinci hadisə karmelitlərin kilsəsində ibadət zamanı baş verib.
“O, mənə odlu gözlərlə baxırdı. Gözləri sanki alov şüaları idi”.
Fransiskin sözlərinə görə, naməlum varlıq ona yaxınlaşmağa çalışıb. Berqoqlio təsbehi əllərində möhkəm sıxaraq Məryəm Anaya dua edib və geri çəkilib.
Gündəliyə əsasən, üçüncü qarşılaşma 2018-ci ilin yanvarında, pontifik Çilidən Romaya qayıtdıqdan sonra baş verib. Bu dəfə Fransisk təkcə şeytanı gördüyünü deyil, onun səsini də eşitdiyini bildirib.
“İndi istədiyim hər şeyi əldə etdim”, – pontifikin iddiasına görə, şeytan ona belə deyib.
Fransisk həmin səsi qeyri-adi dərəcədə güclü və boğuq kimi təsvir edib, onu heç vaxt unutmadığını yazıb.
Cəhənnəmin qapısında
Roma Papası 2018-ci il iyunun 7-dəki qeydində yatmazdan əvvəl yaşadığı başqa bir qorxulu təcrübədən danışıb.
“Dünən gecə cəhənnəmin girişini gördüm”.
Pontifik onu bürüyən dəhşəti təsvir edərək təsbehdən sanki xilas silahı kimi yapışdığını etiraf edib. Onun sözlərinə görə, əvvəllər də buna bənzər hallar yaşanmışdı, lakin bu dəfə qorxu xüsusilə güclü olub.
Maraqlıdır ki, həmin dövr Fransisk pontifikatının ən böyük qalmaqallarından biri ilə üst-üstə düşürdü. Çilidə katolik ruhanilərin yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq halları araşdırılırdı.
Çiliyə səfəri zamanı Fransisk əvvəlcə bu cinayətləri gizlətməkdə ittiham olunan yepiskop Xuan Barrosu müdafiə etmişdi. Lakin sonradan səhv etdiyini etiraf edərək zərərçəkənlərdən üzr istəmiş və məsələ ilə bağlı araşdırma aparılmasını tapşırmışdı.
Hakimiyyət vəsvəsəsi: Papa olmaqdan qorxurdu
Fransisk 2016-cı il aprelin 9-da yazdığı qeyddə şeytanın hücumlarının getdikcə daha güclü və qəfil xarakter aldığını, müxtəlif görkəmlərdə peyda olduğunu bildirib.
“Əgər şeytan bu qədər həyasızcasına hücum edirsə, deməli, mənim vaxtım az qalıb və o, ovunu ələ keçirmək istəyir”.
Lakin pontifikin ən böyük qorxularından biri maddi nemətlər və ya dünyəvi ehtiraslar deyildi. Onu daha çox Katolik Kilsəsinin rəhbəri kimi sahib olduğu hakimiyyətin insan xarakterinə göstərə biləcəyi təsir narahat edirdi.
Argentinalı kardinal Viktor Manuel Fernandes «Corriere della Sera» qəzetinə müsahibəsində bildirib ki, Fransisk başqalarının taleyini həll etmək imkanının insanda hər şeyə qadir olmaq hissi yarada biləcəyindən qorxurdu. O, ətrafındakı insanları öz planlarına uyğun hərəkət etdirilən kuklalar kimi görməyə başlamaq istəmirdi.
Gündəlikdə pontifik hətta gündəlik həyatın ən kiçik epizodlarını belə təhlil edirdi. Kimi kifayət qədər səmimi qarşılamadığını, xəstə olduğu vaxt kimin ziyarətinə getməyi unutduğunu, yaxud bilmədən kimi incitdiyini düşünürdü.
2022-ci il dekabrın 30-da özünü təkəbbürlü, özündənrazı, kinli və özünü aldatmağa meylli insan kimi xarakterizə etmişdi.
İki il davam edən ağır mənəvi böhran
Fransisk pontifikatının ən çətin dövrü kimi 2021–2022-ci illəri xatırlayırdı. Səhhətinin pisləşməsi, koronavirus pandemiyasının yaratdığı fəsadlar və Vatikanın idarəçilik problemləri fonunda o, dərin mənəvi böhran keçirirdi.
Həmin vaxt pontifik özünü boşluqda və tənhalıqda hiss edir, bəzən isə öz missiyasını yerinə yetirmək üçün kifayət qədər güclü olmadığını düşünürdü. Başqalarına zərər verməkdən qorxur, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmədiyi halda Allahdan onu yanına aparmasını diləyirdi.
Bu dövr Vatikanın Müqəddəs Taxt-Tac Dövlət Katibliyinin fəaliyyəti ilə bağlı böyük maliyyə qalmaqalının yaşandığı vaxta da təsadüf edirdi.
Kardinal Fernandesin sözlərinə görə, Fransisk bu böhrandan 2022-ci ilin dekabrının sonlarına doğru çıxmağa başlayıb. Yaşadığı sarsıntılar sonrakı illərdə onun iki mühüm dini sənədində də əksini tapıb. Bunlardan biri 2023-cü ildə Müqəddəs Lizyeli Tereza haqqında dərc olunan apostolik məktub, digəri isə 2024-cü ilin oktyabrında yayımlanan, İsa Məsihin insani və ilahi məhəbbətinə həsr edilmiş son ensiklikası “Dilexit nos” olub.
Qocalıq və ölüm qorxusu
Berqoqlio ölüm haqqında Roma Papası seçilməzdən xeyli əvvəl düşünməyə başlamışdı. Hələ 1990-cı illərdə fiziki yorğunluğundan və səhhətindəki problemlərdən yazırdı.
Onu ölümün özündən daha çox qocalıq narahat edirdi. Gündəliyində valideynləri və nənələri ilə bağlı xatirələrə, itirilmiş zaman haqqında düşüncələrə, dualara və yaxınlarının vəfatı ilə əlaqədar yaşadığı hisslərə də geniş yer ayırmışdı.
Lakin Fransiskin qeydlərində yalnız qorxulu görüntülər və ağır mənəvi sarsıntılar yer almır. O, Allahın hüzurunu hiss etməsindən, İsa Məsihlə görüşlərindən və Məryəm Ana ilə səssiz söhbətlərindən də bəhs edirdi.
Xüsusilə 2023-cü ilin avqustunda Portuqaliyanın Fatimə şəhərinə səfəri zamanı jurnalistlər pontifikin Məryəm Ananın heykəli qarşısında uzun müddət səssizcə dua etdiyini müşahidə etmişdilər. Fransisk sonradan gündəliyində həmin anlarda zehnində Məryəm Anaya müraciət etdiyini yazıb.
Gizli gündəlik necə üzə çıxdı?
Kardinal Viktor Manuel Fernandes gündəliyin mövcudluğundan Fransisklə şəxsi söhbəti zamanı xəbər tutub. Həmin vaxt onlar Roma Papasının şüurunu geri qaytarılması mümkün olmayan şəkildə itirməsi halında hansı addımların atılacağını müəyyənləşdirən sənədin hazırlanması imkanını müzakirə edirdilər.
Fransisk kardinala bir neçə sənəd və şəxsi gündəliyini göstərərək gələcəkdə hansı materialların ictimaiyyət üçün faydalı ola biləcəyini müəyyənləşdirməyi ona həvalə edib.
Fransiskin ölümündən və yeni Roma Papası XIV Leonun seçilməsindən sonra Fernandes əlyazmaların taleyindən narahat olmağa başlayıb. O, yeni pontifikə müraciət edib. İki gün sonra XIV Leo sələfinin sənədləri saxlanılan qutunu taparaq kardinala təhvil verib.
«Mən təəccübləndim, sarsıldım», – Fernandes gündəliklə ilk tanışlığı barədə danışarkən bildirib.
Kitabın hazırlanması təxminən bir il davam edib. Bununla belə, gündəlik tam şəkildə nəşr olunmayıb. Fransisk ən məxfi düşüncələrinin bəzilərini bu günə qədər deşifrə edilməmiş xüsusi şifrə ilə yazıb. Bundan başqa, başqa insanlara aid bir sıra qeydlər də nəşrdən çıxarılıb.
Fransisk 2025-ci il aprelin 21-də, 88 yaşında, gündəliyindəki son qeyddən təxminən səkkiz ay sonra vəfat edib. O, 12 il Katolik Kilsəsinə rəhbərlik edib və tarixdə Latın Amerikasından seçilmiş ilk Roma Papası olub.
Bu gündəliyin ictimaiyyətə açıqlanması bir çox baxımdan əlamətdar hadisədir. Çünki burada yalnız Vatikanın ən nüfuzlu dini liderlərindən birinin şəxsi həyatı deyil, həm də böyük hakimiyyətə sahib olduğu halda öz zəiflikləri ilə mübarizə aparan insanın daxili dünyası üzə çıxır.
Bəlkə də bu qeydlərin ən diqqətçəkən tərəfi şeytanla qarşılaşma hekayələri deyil. Əsl maraqlı məqam özünü milyonlarla insanın mənəvi rəhbəri hesab edən bir şəxsin belə hakimiyyətin onu dəyişdirə biləcəyindən qorxması, səhvlərini etiraf etməsi və bütün nüfuzuna baxmayaraq, öz daxilindəki mübarizəni davam etdirməsidir.
Ağagül Mürsəlov,
KONKRET.az
