Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏRbackend

Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR

“Qış aylarında qaz və elektrik enerjisi istehlakının artması təbii prosesdir. Çünki havaların soyuması ilə mənzillərin və fərdi evlərin qızdırılmasına daha çox enerji sərf olunur. Lakin burada əsas məsələ təkcə istehlakın artması deyil, enerjidən nə dərəcədə səmərəli istifadə edilməsidir. Təcrübə göstərir ki, bir çox evlərdə istilik itkisi, düzgün qurulmayan istilik sistemləri və enerji istifadəsinə nəzarətin olmaması əlavə kommunal xərclərə səbəb olur. Bəzən vətəndaşlar evin temperaturunu artırmaq üçün daha çox qaz sərf edirlər, halbuki problemin əsas səbəbi istiliyin qorunmaması, yəni evin kifayət qədər izolyasiya edilməməsidir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

“İlk növbədə, binaların istilik izolyasiyasına diqqət yetirilməlidir. Pəncərə və qapılardan daxil olan soyuq hava, divar və dam örtüklərindəki istilik itkisi enerji sərfiyyatını artıran əsas amillərdəndir. Pəncərələrin kip bağlanması, qapı aralıqlarının izolyasiyası, dam və divarların istilik izolyasiyasının yaxşılaşdırılması istilik sistemlərinin daha az enerji sərf etməsinə imkan verir. Xüsusilə fərdi evlərdə bu tədbirlərin əhəmiyyəti böyükdür.

Digər mühüm məsələ istilik avadanlıqlarından düzgün istifadə edilməsidir. Kombi və digər istilik sistemlərinə vaxtaşırı texniki baxış keçirilməli, radiatorların normal işləməsi təmin olunmalıdır. Radiatorların qarşısını mebel və qalın pərdələrlə bağlamaq istiliyin otağa yayılmasına mane olur. Eyni zamanda, evdə temperaturu həddindən artıq yüksəltmək əvəzinə, sağlamlıq və rahatlıq üçün kifayət edən səviyyədə saxlamaq daha məqsədəuyğundur. Gecə saatlarında və evdə heç kim olmadığı vaxtlarda istilik rejiminin azaldılması da qənaətə kömək edə bilər”.

Ekspert vurğulayır ki, elektrik enerjisindən istifadədə də müəyyən qaydalara əməl olunmalıdır.

“Elektrik qızdırıcıları yüksək enerji istehlak edən cihazlardır. Buna görə də onlardan uzun müddət və nəzarətsiz istifadə etmək həm xərcləri artırır, həm də təhlükəsizlik baxımından risk yaradır. Enerjiyə qənaət edən lampalardan istifadə etmək, işləməyən elektrik cihazlarını şəbəkədən ayırmaq və məişət texnikasını səmərəli rejimdə işlətmək də ümumi istehlakın azalmasına kömək edir.

Bununla yanaşı, enerji qənaəti yalnız vətəndaşların üzərinə düşən məsuliyyət kimi qiymətləndirilməməlidir. Dövlət səviyyəsində də binaların enerji effektivliyinin artırılması, köhnə yaşayış fondunun modernləşdirilməsi, istilik sistemlərinin yenilənməsi və enerji səmərəli avadanlıqların istifadəsinin stimullaşdırılması vacibdir. Xüsusilə çoxmənzilli binalarda istilik itkilərinin azaldılması həm ailələrin kommunal xərclərini aşağı salar, həm də ölkənin ümumi enerji istehlakına müsbət təsir göstərər.

Ümumiyyətlə, qış mövsümündə enerjiyə qənaət etmək üçün əsas yanaşma daha çox qaz və elektrik sərf etməklə evi qızdırmaq deyil, mövcud istiliyi qorumaq və istilik sistemlərindən düzgün istifadə etmək olmalıdır. Bu həm ailə büdcəsinə qənaət edər, həm də enerji resurslarından daha səmərəli istifadəyə şərait yaradar”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*