Mənziliniz təhvil verilmir? Tikinti şirkətindən KOMPENSASİYA tələb edə bilərsiniz!backend

Mənziliniz təhvil verilmir? Tikinti şirkətindən KOMPENSASİYA tələb edə bilərsiniz!

Mənzil alan vətəndaşların üzləşdiyi problemlərdən biri də tikinti şirkətlərinin mənzilləri müqavilədə nəzərdə tutulan müddətdə təmir edib təhvil verməməsidir. Bəzən aylarla, hətta daha uzun müddət davam edən gecikmələr alıcıları əlavə xərclərlə üz-üzə qoyur.

Belə hallarda vətəndaşın tikinti şirkətindən kompensasiya tələb etmək hüququ varmı? Gecikməyə görə ödənilən kirayə haqqı və digər xərcləri geri almaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, tikinti şirkəti müqavilədə göstərilən müddətdə mənzili təhvil vermədikdə alıcı dəymiş zərərə görə kompensasiya tələb edə bilər.

Onun sözlərinə görə, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərdən keçirilməlidir. Əgər sənəddə mənzilin təhvil verilmə müddəti müəyyən edilibsə və həmin vaxt ötübsə, alıcının kompensasiya tələb etmək hüququ yaranır.

Hüquqşünas qeyd edib ki, müqavilədə belə bir şərt nəzərdə tutulduğu halda, gecikdirilən hər gün və ya ay üçün dəbbə pulu (cərimə) tələb etmək mümkündür.

Tağı Hüseynovun sözlərinə görə, müqavilədə cərimə və ya dəbbə pulu ilə bağlı bəndin olmaması da vətəndaşın kompensasiya tələb etmək imkanını tamamilə aradan qaldırmır:

“Əgər mənzilin təmirinin və təhvilinin gecikməsi səbəbindən əlavə xərclər çəkmisinizsə və bunları sənədlərlə sübut edə bilirsinizsə, həmin məbləğlərin ödənilməsini tələb edə bilərsiniz. Məsələn, mənzil təhvil verilənədək kirayədə yaşamaq üçün ödədiyiniz vəsait, eləcə də mənzilin təmiri ilə bağlı faktiki çəkdiyiniz digər xərclər bu qəbildəndir”.

Hüquqşünasın sözlərinə görə, belə vəziyyətlə üzləşən vətəndaş ilk növbədə tikinti şirkətinə rəsmi qaydada yazılı pretenziya, yəni xəbərdarlıq məktubu göndərməlidir. Müraciət nəticəsiz qaldıqda isə dəymiş zərərin və kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*