ABŞ-də ölkənin bütün hava limanlarında uçuşların dayandırılmasına səbəb olan genişmiqyaslı aviasiya böhranı aradan qaldırılıb. Lakin Federal Aviasiya Administrasiyası (FAA) məhdudiyyətləri ləğv etsə də, yaranmış xaosun nəticələrinin yaxın günlərdə də hiss olunacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, FAA ölkə üzrə bütün hava limanlarından təyyarələrin uçuşuna qoyulan qadağanın aradan qaldırıldığını açıqlayıb.
Məlumata görə, məhdudiyyət dörd saatdan artıq qüvvədə qalıb. Bu müddət ərzində ABŞ-də 5 117 aviareys ləğv edilib, 9 814 reys isə gecikib. Hadisə ümumilikdə 1,5 milyona yaxın sərnişinin səfər planlarına təsir göstərib.

CNN-in məlumatına görə, böhranın ilkin səbəbi Çikaqodakı Miduey beynəlxalq hava limanında şəbəkə marşrutlaşdırıcısında yaranan texniki nasazlıq olub. Problem aviasiya idarəetmə sistemində rabitə əlaqələrinin pozulmasına gətirib çıxarıb və nəticədə FAA ölkə üzrə uçuşların dayandırılması barədə qərar qəbul edib.
ABŞ Nəqliyyat naziri Şon Daffi bildirib ki, radar və rabitə sistemləri tamamilə sıradan çıxmayıb. Lakin sistemlərdəki qeyri-sabitlik uçuşların təhlükəsizliyinə risk yaratdığı üçün məhdudiyyətlər tətbiq olunub.
Nəqliyyat naziri Şon Daffi bildirib ki, nasazlıq FAA-nın yeni süni intellekt əsaslı hava hərəkətinin idarə edilməsi sistemi ilə əlaqəli deyil. Onun sözlərinə görə, problem yeni texnologiyada deyil, köhnə avadanlıqlarda yaranıb. ABŞ hökuməti yeni sistemlərin mövcud infrastruktura inteqrasiyası zamanı köhnə texnologiyaların həddindən artıq yüklənməsi ehtimalını araşdırır.

Associated Press-in məlumatına görə, rabitə problemləri ölkənin 22 regional hava hərəkətinə nəzarət mərkəzinin fəaliyyətinə təsir göstərib. Hadisə zamanı havada olan 3 mindən çox təyyarə təhlükəsiz şəkildə yerə endirilib. Ən azı 827 reys isə istiqamətini dəyişməyə məcbur olub.
ABŞ Daxili Təhlükəsizlik naziri Markveyn Mallin insidentin kiberhücum nəticəsində baş verdiyinə dair heç bir sübutun olmadığını açıqlayıb. O, problemin texniki xarakter daşıdığını və araşdırmanın davam etdiyini bildirib.
Prezident Donald Tramp da hadisənin kiberhücum və ya süni intellektlə bağlı olmadığını, əsas problemin köhnəlmiş aviasiya infrastrukturunda olduğunu deyib.

Bununla belə, uçuşların bərpası hava nəqliyyatında vəziyyətin dərhal normallaşması demək deyil. Associated Press yazır ki, təyyarələrin və ekipajların müxtəlif hava limanlarında qalması səbəbindən aviaşirkətlərə əvvəlki iş qrafikinə qayıtmaq üçün bir neçə gün lazım ola bilər. Nəqliyyat naziri də növbəti günlərdə əlavə gecikmələrin mümkünlüyünü istisna etməyib.
Hadisə ABŞ-da hava hərəkətinin idarə olunması infrastrukturunun köhnəlməsi ilə bağlı müzakirələri yenidən gücləndirib. Xatırladaq ki, FAA 2023-cü ilin yanvarında pilotlara təhlükəsizlik bildirişlərinin göndərilməsinə cavabdeh olan sistemdə yaranan nasazlıq səbəbindən də ölkə üzrə uçuşları müvəqqəti dayandırmışdı.

ABŞ rəsmiləri aviasiya sisteminin modernləşdirilməsi üçün əlavə maliyyə ayrılmasının vacibliyini vurğulayırlar. Hazırda isə texniki nasazlığın dəqiq səbəblərinin müəyyənləşdirilməsi və oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlərin görülməsi əsas prioritet olaraq qalır.
Günay Əli
KONKRET.az
