Yaz axşamlarından birində Avropanın qədim qəsrlərindən birində müxtəlif əsrlərdə yaşamış zadəganlar möhtəşəm bir balda toplaşmışdılar. Hər birinin geyimi, saç düzümü və zahiri görkəmi gözəllik naminə çəkilən əzabların canlı nümunəsi idi.
Daş pilləkənlərlə XVI əsrdə yaşamış venesiyalı qrafinya yavaş-yavaş yuxarı qalxırdı. Məxmər libasının ətəyi sanki sonsuzluğa uzanırdı. Lakin bu dəbdəbəli geyimin altında onun ən qiymətli sərvəti gizlənmişdi: hündürlüyü 50 santimetrə çatan, nəfis naxışlarla bəzədilmiş taxta çopinalar – xüsusi platformalı ayaqqabılar.
Əslində, bu ayaqqabılar əvvəlcə olduqca praktik məqsədlə yaradılmışdı. Onlar bahalı libasları küçələrin palçığından, çirkabından və natəmizliyindən qoruyurdu. Lakin zaman keçdikcə platformanın hündürlüyü var-dövlətin və yüksək sosial statusun əsas göstəricilərindən birinə çevrildi. Bu qeyri-adi ayaqqabılar üzərində tarazlığı qorumaq demək olar ki, mümkünsüz olduğundan qrafinya iki qulluqçusunun çiynindən tutaraq hərəkət edirdi. O, ətrafdakılara yuxarıdan aşağı baxırdı. İntibah dövrünün aristokratik düşüncəsinə görə, başqalarının köməyi olmadan belə yeriyə bilməmək belə zadəganlığın bir əlaməti sayılırdı.
Onun qarşısına isə XIX əsrin ortalarında Parisdə yaşamış bir hersoginya çıxırdı. O, geniş palıd qapılardan yalnız yan çevrilərək keçə bilirdi. Çünki üzərindəki krinolin – polad halqalar üzərində qurulmuş nəhəng ətək – əsl ipək günbəzi xatırladırdı. Hər addımında bu metal konstruksiya yırğalanır, heç bir kişiyə ona iki metrdən artıq yaxınlaşmağa imkan vermirdi.
Hersoqinyanın beli balina bığından hazırlanmış sərt korsetlə o qədər möhkəm sıxılmışdı ki, o, yalnız qısa və səthi nəfəs ala bilirdi. Əvəzində belindən asılmış kristal flakonda iyləmə duzu gəzdirirdi. Bu vasitə havasız və boğucu bal salonlarında oksigen çatışmazlığı və korsetlərin yaratdığı sıxılma səbəbindən tez-tez huşunu itirən xanımların xilaskarı hesab olunurdu.
Bir qədər aralıda XVIII əsrin sonlarında yaşamış gənc markiz dayanmışdı. Onun zahiri görkəmi də heç də az cəsarət tələb etmirdi. Başında Mariya-Antuanetta dövrünün dəbinə uyğun, bütün yelkənləri açılmış nəhəng gəmini xatırladan pudralı parik vardı. At tükündən və məftildən hazırlanan bu mürəkkəb konstruksiya donuz piyindən hazırlanmış xüsusi pomada ilə yağlanır, üzərinə isə buğda unu səpilirdi.
Belə bir saç düzümünün hazırlanması böyük sərvət tələb etdiyindən onu həftələrlə, bəzən isə aylarla sökmürdülər. Balo salonunun istisində yağın qoxusu ağırlaşır, saçların arasında isə arzuolunmaz qonaqlar – bitlər məskən salırdı. Bu da parikin sahibini dözülməz qaşınmalara məruz qoyurdu.
Bərbər sənətinin bu “şah əsərini” dağıtmamaq üçün markiz vaxtaşırı cibindən fil sümüyündən hazırlanmış uzun bir iynə çıxarır, onu ehtiyatla parikin arasından baş dərisinə qədər yeridərək qaşınmanı aradan qaldırmağa çalışırdı. Bütün bunları edərkən boynunu daim düz saxlamalı idi. Sanki udduğu qılınc onu dik dayanmağa məcbur edirdi.
Onun yanında, venesiyalı qrafinya ilə eyni – XVI əsrdə yaşamış başqa bir nüfuzlu zadəgan qızılı saplar və mirvarilərlə bəzədilmiş bahalı kamzolunun altında iri, xüsusi formalı qasıq yastığını – qülpiki düzəldirdi. Həmin dövrdə kişi geyiminin bu qeyri-adi elementi kişilik, nüfuz və sərvətin əsas rəmzlərindən biri hesab olunurdu.
Hər iki kişinin, eləcə də ətrafdakı xanımların üzünə qalın qatla qurğuşun əsaslı ağardıcı kosmetika və zəhərli ənlik çəkilmişdi. Bu vasitələr çiçək xəstəliyindən qalan izləri gizlətmək üçün istifadə olunsa da, sahiblərini yavaş-yavaş zəhərləyirdi.
Bir qədər kənarda XIX əsrin əvvəllərində yaşamış iki dəbli centlmen söhbət edirdi. Onların bədən quruluşu ideal proporsiyaları ilə diqqət çəkirdi: arı beli enli və güclü görünən çiyinlərlə tamamlanırdı. Bu antik heykəlləri xatırladan görkəmin sirri isə fraklarının altında gizlənmişdi.
Reqentlik dövrünün kişiləri də qadınlardan geri qalmır, özlərini sərt kişi korsetlərinə salırdılar. Hər dəfə əyilib salam verəndə qabırğaları o qədər sıxılırdı ki, gözləri qaralırdı. Daha əzəmətli görünmək üçün dərzilər onların pencək qollarına at tükü və pambıqla doldurulmuş qalın çiyinliklər yerləşdirirdilər. Beləcə, hətta arıq və zərif bədən quruluşuna malik aristokrat da zahirən əsl pəhləvana çevrilirdi.
Salonda udun səsi eşidilir, yüzlərlə şamın işığı ətrafa yayılırdı. Dörd müxtəlif əsrdən gəlmiş qonaqların heç biri yorğunluğundan şikayət etmirdi. Gələcəyin insanının gözü ilə baxdıqda, bu axşam sağ qalmaq uğrunda mübarizəyə bənzəyən bir sirk tamaşasını xatırladırdı.
Lakin həmin dövrün qəhrəmanları üçün taxta platformalar, polad halqalı ətəklər, həşəratların məskən saldığı nəhəng pariklər, zəhərli kosmetik vasitələr və sərt korsetlər əsl nüfuz zirehi idi.
Əsrlər boyu yüksək təbəqənin nümayəndələri kor-koranə şəkildə dəbin diktəsinə tabe olur, gözəllik naminə sağlamlıqlarını təhlükəyə atırdılar. Halbuki həmin dəb insan bədənini gözəlləşdirməkdən daha çox onu şikəst edir, fiziki əzablarla yanaşı, psixoloji gərginlik də yaradırdı. Onlar özlərini seçilmiş insanlar hesab edir, dəbdəbə və zahiri görünüşün arxasında hansı təhlükələrin gizləndiyini belə dərk etmirdilər.
Yəqin ki, heç ağıllarına da gəlməzdi ki, əsrlər sonra onların ən böyük sərvət və gözəllik rəmzləri gələcək nəsillərdə qısqanclıq deyil, təəccüb və səmimi təəssüf hissi doğuracaq.
İllüstrasiya haqqında: Təqdim olunan təsvir XVIII əsrə aid, təxminən 1777-ci ildə yaradılmış məşhur satirik qravüranı xatırladır. “Kənd təsərrüfatı” və “Ov” adları ilə tanınan bu əsərdə Mariya-Antuanetta dövrünün nəhəng saç düzümləri lağa qoyulur. Bir xanımın başındakı saç düzümündə şumçu, öküzlər və ağac təsvir edildiyi halda, digərinin saçları ov itləri ilə birlikdə bütöv bir ov məkanını xatırladır. Keçmişin dəb anlayışındakı absurdluğu bundan daha yaxşı ifadə etmək çətin olardı!
Rəsmiyyə Şərifova,
KONKRET.az
