Moskvanın Çertanovo rayonunda avtomobilin partlaması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi onun Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq müşaviri Sergey Zavorotnı olduğunu təsdiqləyib.
Hadisə nəticəsində xəsarət alan Zavorotnı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rusiya İstintaq Komitəsi sui-qəsd maddəsi ilə cinayət işi açıb.
“Важные истории” nəşrinin diqqətə çatdırdığı məlumata görə, Sergey Zavorotnının adı ABŞ Senatının Kəşfiyyat Komitəsinin Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatında çəkilir.
Sənəddə Zavorotnı 33949 saylı hərbi hissənin hərbçisi kimi göstərilib. “Novaya qazeta”nın yazdığına görə, həmin hərbi hissə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə aiddir. Bu məlumatlar onun kəşfiyyat zabiti olduğu barədə iddialara əsas verib.
Sızdırılmış məlumatlara əsasən, Zavorotnı Moskvada Kirovoqradskaya küçəsi, 2 ünvanında yaşayıb. Bu ünvan partlayışın baş verdiyi Kirovoqradskaya küçəsi, 8k2 ünvanından avtomobillə təxminən beş dəqiqəlik məsafədə yerləşir.
Qeyd edək ki, Noyabrın 13-də səhər saatlarında Moskvanın Çertanovo rayonunda Sergey Zavorotnıya məxsus “Toyota” markalı avtomobildə partlayış baş verib. İlkin məlumatlara görə, avtomobil təxminən 200 metr hərəkət etdikdən sonra partlayıb.
Mash və SHOT teleqram kanallarının məlumatına əsasən, partlayıcı qurğu sürücü oturacağının altına yerləşdirilib və kustar üsulla hazırlanıb.
Hadisənin səbəbləri və mümkün sifarişçiləri ilə bağlı araşdırma davam edir.
Natiq Səlim,
KONKRET.az


