ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 14 gəmi, o cümlədən “USS Abraham Lincoln” atom aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Ərəbistan dənizinə dislokasiya olunub. ABŞ Hərbi Dəniz İnstitutunun (USNI) hesabatına görə, Vaşinqtonun Hörmüz boğazını blokadaya almağa başladığı 13 aprel tarixində bölgədə artıq genişmiqyaslı hərbi qüvvə cəmləşib. Bu qrupa “USS Abraham Lincoln” aviadaşıyıcısı ilə yanaşı, “USS Spruance” və “USS Petersen” esminesləri, həmçinin “USS Tripoli”, “USS New Orleans” və “USS Rushmore” gəmilərindən ibarət desant qrupu daxildir.
KONKRET.az xəbər verir ki, hazırda Ərəbistan dənizində bu qruplardan asılı olmayaraq daha səkkiz esmines, o cümlədən aprelin 11-də Hörmüz boğazında minatəmizləmə missiyasını yerinə yetirən “USS Murphy” yerləşir. Yaxın vaxtlarda bölgədəki hərbi gücə “USS George HW Bush” aviadaşıyıcısının da qoşulacağı gözlənilir. Qeyd olunur ki, aprelin 11-də “Abraham Lincoln” gəmisi İran sahillərindən cəmi 200 km məsafədə – Oman körfəzinin kənarında müşahidə edilib. Bu, Yaxın Şərqdə müharibə başlayandan bəri ABŞ atom aviadaşıyıcılarının İran ərazisinə ən yaxın məsafəyə yaxınlaşdığı hadisə kimi qeydə alınıb.
Natiq Səlim,
KONKRET.az
