ABŞ Türkiyə ilə F-16 müqaviləsinə qoyulan məhdudiyyətləri aradan qaldırır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb. Qəzet bildirir ki, ABŞ Senatı Türkiyə ilə F-16 sövdələşməsinə dair qanun layihəsinin variantındakı məhdudlaşdırıcı şərtləri ləğv edib və Nümayəndələr Palatasından da oxşar addımlar gözlənilir.
“F-16-ların Türkiyəyə satışı ilə bağlı qanun layihəsinə əlavə edilən bütün məhdudlaşdırıcı şərtlər qanun layihəsinin Senat versiyasından çıxarılıb. Senat qanun layihəsini yekunlaşdırdıqdan sonra o, Nümayəndələr Palatasının versiyası ilə birgə mətnə çevriləcək və təsdiq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.
Xatırladaq ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı rəsmi bildiriş göndərib.
Bir müddət əvvəl Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir CNN Türk telekanalına verdiyi açıqlamada Amerika F-16-larının alınması ilə bağlı razılaşmanın baş tutmaması halında ölkənin Rusiyadan Su-35 qırıcılarını almağı nəzərdən keçirə biləcəyini bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində ölkəsinin ABŞ-dan F-16 qırıcıları almasa belə, öz qayğısına qalacağını diqqətə çatdırıb.
Ötən ilin oktyabrında Ankara Vaşinqtondan Türkiyə hərbi təyyarələrinin modernləşdirilməsi üçün 40 Lockheed Martin F-16 qırıcısı və 80-ə yaxın komponent almağı xahiş edib.
2022-ci ilin iyulunda ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi ABŞ Konqresindəki etirazlara baxmayaraq Türkiyənin F-16 qırıcıları almaq təklifini dəstəklədiyini bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
