ABŞ-nin Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir. Buna səbəb isə Türkiyənin qadağaya məhəl qoymayaraq ABŞ mallarını Rusiyaya ixrac etməsidir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod Britaniyanın “Financial Times” (FT) qəzetinə açıqlamasında deyib.
“Türkiyə Amerika texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almaqda bizə kömək etməlidir”, – deyə o bildirib.
“Biz bu məsələdə Türkiyənin səlahiyyətli orqanlarından və sənayesindən müsbət anlayış görmək istəyirik. Əks halda, bizim ixrac nəzarətimizdən yayınanlara məhdudiyyətlər tətbiq etməkdən başqa çarəmiz olmayacaq”, – ABŞ Ticarət Nazirliyinin nümayəndəsi əlavə edib.
Nəşrin məlumatına görə, Akselrod bu yaxınlarda Ankara və İstanbula səfəri zamanı ABŞ-nin qadağasından yan keçərək, həssas Amerika texnologiyalarının Rusiya Federasiyasına ötürülməsində əli olduğu iddia edilən Türkiyə hakimiyyət orqanlarından narazılığını bildirib.
O, həmçinin Ankaranı ABŞ-nin nəzarətində olan malların Rusiyaya daşınmasına qoyulan qadağaya əməl olunmasını təmin etməyə çağırıb.
Qəzetə danışan Amerika rəsmiləri qeyd ediblər ki, ABŞ Ticarət Nazirliyi artıq Amerika mallarını Rusiya Federasiyasına daşıdığı iddia edilən 18 şirkəti sanksiya siyahısına əlavə edib və gələcəkdə Türkiyə tərəfindən heç bir irəliləyiş əldə olunmasa, bu siyahı genişləndiriləcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
İsgalciya, qatile komek eden…