Azərbaycan vətəndaşlarının xarici səfərlərində ən çox üstünlük verdiyi istiqamətlərdən biri uzun illərdir Gürcüstandır. Coğrafi yaxınlıq, sərfəli qiymətlər və geniş turizm imkanları bu ölkəni xüsusilə cəlbedici edir. Lakin quru sərhədlərin uzun müddətdir bağlı qalması həm səyahət imkanlarını məhdudlaşdırır, həm də iqtisadi və turizm əlaqələrinə təsirsiz ötüşmür.
Mövcud şəraitdə Azərbaycan–Gürcüstan quru sərhədinin açılması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, quru sərhədlərin uzun müddət bağlı qalması artıq həm Azərbaycanın iqtisadiyyatına, həm də regional əməkdaşlığa mənfi təsir göstərir.

Natiq Cəfərli
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə turizm və ticarət sahələrində özünü daha qabarıq şəkildə büruzə verir:
“Ümumiyyətlə, quru sərhədlərin bağlı qalması Azərbaycanın iqtisadiyyatına da, regional əməkdaşlığa da ziyan vurur. Bu qədər uzun müddət sərhədlərin bağlı qalması həm turizmə, həm də ticarətə mənfi təsir edən amildir. Gürcüstan bu baxımdan əsas istiqamətlərdən biridir. Gürcüstan hökuməti də sərhədlərin açılmasında maraqlıdır”, – deyə iqtisadçı qeyd edib.
Natiq Cəfərli əlavə edib ki, hazırda quru sərhədlərin bağlı qalması ilə bağlı qərarın müddəti iyulun 1-dək uzadılıb. O, bu qərarın sonuncu olacağına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, yaxın həftələr və ya aylarda bu məsələ öz həllini tapacaq. Çox istərdim ki, bu, sonuncu məhdudiyyət qərarı olsun və bundan sonra quru sərhədlər açılsın. Bu addım həm Azərbaycan iqtisadiyyatı, həm də vətəndaşlar üçün faydalı olacaq”.
Ekspertin fikrincə, quru sərhədlərin açılması turizm axınının artmasına, ticarət dövriyyəsinin genişlənməsinə və regionda iqtisadi fəallığın güclənməsinə təkan verə bilər. Bununla yanaşı, vətəndaşların daha rahat və sərfəli səyahət imkanları əldə etməsi də gözlənilir.
Aynurə İsmayıl
KONKRET.az
