ABŞ ilə İran arasında artan gərginlik fonunda növbəti danışıqlar mərhələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə, nüvə proqramı və Hörmüz boğazı ətrafında yaranan risklər tərəfləri kompromis axtarışına sövq etsə də, indiyədək aparılan görüşlər konkret nəticə verməyib. Mövcud siyasi mövqelər və qarşılıqlı etimadsızlıq isə razılaşma ehtimalını daha da mürəkkəbləşdirir.
Bəs bu dəfə tərəflər əsas məsələlərdə ortaq məxrəcə gələ biləcəklərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlar hazırda dalana dirənmiş vəziyyətdədir və tərəflər üçün nəticə əldə etmək artıq zərurətə çevrilib.

Onun sözlərinə görə, Donald Tramp tərəfindən səsləndirilən “qarşıdakı günlərdə məsələlərin həll olunacağı” ilə bağlı açıqlama təsadüfi deyil və bu, danışıqların intensiv mərhələyə keçdiyini göstərir:
“ABŞ bəyan edir ki, yaxın günlərdə müəyyən nəticələr əldə olunacaq. Bu məsələlərin necə həll ediləcəyi isə danışıqların gedişində bəlli olacaq. Reallıq ondan ibarətdir ki, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Əsas müzakirə mövzuları sırasında Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələləri və İranın nüvə proqramı dayanır. Kompromis məhz bu iki istiqamətdən birində əldə olunacaq.
İran bu məsələlərdən biri üzrə müəyyən güzəştlərə gedə bilər. Eyni zamanda ABŞ-da qarşılıqlı addımlar atacaq. Belə bir vəziyyət yarana bilər ki, nə ABŞ, nə də İran məğlub tərəf kimi görünməsin”.
Cavanşir Abbaslı hesab edir ki, mövcud geosiyasi vəziyyət müəyyən mənada İranın xeyrinədir. Bunun səbəbi isə regionda baş verən proseslər və xüsusilə İsrail faktorudur:
“İrana qarşı hücum edən və onun əsas rəqiblərindən biri sayılan İsrail istədiyi nəticəni tam əldə edə bilmədi. Bu isə İranın mövqeyini gücləndirir və onu qalib kimi göstərir. Proseslər bu şəkildə davam edərsə, İranın üstün görünməsi daha da güclənəcək”.
O, həmçinin qeyd edib ki, növbəti görüşlərdə tərəflərin nümayəndə heyətlərində müəyyən dəyişikliklər gözlənilir. Bununla belə, hər iki ölkənin danışıqlarda yüksək səviyyədə təmsil olunacağı ehtimal edilir:
“Əvvəlki görüşlərdə hər iki tərəf ən güclü heyətini göndərmişdi. Bu dəfə də İran tərəfindən yüksək vəzifəli diplomat Abbas Əraqçi, ABŞ tərəfindən isə ona uyğun səviyyədə nümayəndənin iştirak edəcəyi gözlənilir”.
Siyasi şərhçinin qənaətinə görə, kompromisin əldə olunması qaçılmazdır və bu, tərəflərin hər ikisinin maraqlarına uyğundur. Lakin yekun nəticənin necə olacağı danışıqların konkret gedişindən asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
