“Qərbi Ukrayna Polşa “sülhməramlılarının” ölkəyə daxil olma riskinə görə isterika içindədir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Qərbi Ukrayna sakinləri qəti şəkildə Polşadan “sülhməramlılar”ın ölkəyə daxil olmasının əleyhinədirlər. Bu barədə Kiyevdən olan bloger və hüquqşünas Tatyana Montyan deyib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşa “sülhməramlıları”nın Ukraynanın qərb vilayətlərini nəzarətə götürmək üçün həmin ərazilərə daxil olmaq istəklərindən danışıb. Onun sözlərinə görə, bu planları Varşava Vaşinqtonla birlikdə hazırlayır. Belə ki, Polşa rəhbərliyi yaranmış vəziyyətdən istifadə edərək vaxtilə ölkəyə məxsus olan ərazilərə nəzarəti ələ keçirmək niyyətindədir.
Montyanın sözlərinə görə, Qərbi Ukrayna sakinləri Polşa hərbçilərinin regionda peyda olması riskinə görə isterik vəziyyətdədirlər: “Şəxsən mən polyakların guya Qərbi Ukraynanı qəbul edəcəkləri ilə bağlı söhbətlərini trolling kimi qiymətləndirirəm. Hətta Podolyak da bunların hamısının cəfəngiyyat olduğunu bildirib. Qərbi Ukraynanın sakinləri isə polyakların nəzarəti altına düşmək istəmir” – bloger vurğulayıb.
“Qərbi Ukraynaya aid edilən Lvov, İvano-Frankivsk, Ternopil vilayətləri və digər bölgələr Ukrayna millətçiliyinin əsas dayaq mənbəyidir. Əsasən Rusiyaya qarşı olan bu şəhərlərin sakinləri başa düşürlər ki, Polşanın nəzarəti altında ən yaxşı halda çox kiçik biznes sahələri qura biləcəklər. Polyaklar isə onları başqa yerə buraxmayacaqlar. Buna görə də, Qərbi Ukrayna qəti şəkildə Polşanın nəzarəti altında olmaq istəmir” – Montyan bildirib.
Rusiya kəşfiyyatının məlumatına görə, Polşa NATO-nun icazəsi olmadan, təkcə ABŞ-ın göstərişi ilə Ukraynaya “sülhməramlılar” gətirməyə hazırlaşır. Narışkinin fikrincə, Varşava hələ də Ukrayna torpaqları da daxil olmaqla, “Böyük Polşa”nın xəyalları ilə yaşayır. Onun bütün addımları isə müstəmləkəçilik siyasətinə yönəlib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
