Venesuela ilə ABŞ arasında neft sektorunda əldə olunan razılaşmanın müddəti 25 il olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delci Rodriges dövlət televiziyasında çıxışı zamanı açıqlama verib.
Onun sözlərinə görə, 25 illik ikitərəfli layihə Venesueladakı 17 strateji neft yatağının işlənməsini nəzərdə tutur. İlkin mərhələdə gündəlik neft hasilatının 1,5 milyon barrel olması planlaşdırılır.
Rodriges bildirib ki, daha sonra daha 8 neft yatağının da mənimsənilməsi nəzərdə tutulur. Onun hesablamalarına görə, neftin bir barrelinin qiyməti 65 dollar olduğu halda, layihənin həyata keçirilməsi Venesuelaya 209 milyard dollar gəlir gətirə bilər.
Müvəqqəti prezidentin sözlərinə görə, satılan hər barrel neftdən 19 dollar birbaşa Venesuela büdcəsinə daxil olacaq.
Rodriges həmçinin bildirib ki, Venesuela təbii ehtiyatları üzərində suverenliyini və nəzarətini qoruyacaq. Razılaşma çərçivəsində ölkənin sanksiyalardan zərər çəkmiş neft sektorunun modernləşdirilməsi üçün kapital, texnologiya və biliklərin cəlb ediləcəyi gözlənilir.
Razılaşma artıq Venesuelada həm sərt xətt tərəfdarlarının, həm də müxalifətin tənqidinə səbəb olub. Bloomberg mənbələri danışıqların Venesuela müxalifətinin iştirakı olmadan aparıldığını bildirib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun Venesuela ilə tarixin ən böyük neft razılaşmasını bağladığını açıqlamışdı. Trampın sözlərinə görə, sövdələşmə ABŞ-a amerikalı vergi ödəyicilərinə əlavə xərc yaratmadan Venesuelanın 65 milyard barreldən çox təsdiqlənmiş neft ehtiyatları üzərində nəzarət imkanı verəcək.
ABŞ dövlət katibi Marko Rubio isə razılaşmanın Venesuelaya təxminən 100 milyard dollar özəl investisiya və yeni iş yerləri gətirəcəyini bildirib.
