1912-ci ilin sentyabrında London tamaşaçıları qeyri-adi bir ixtira ilə tanış oldu. O, insan boyundan hündür idi, iki klaviaturası, saysız-hesabsız borusu, qolu və açarı vardı. Bütün bu əzəmətin üstündə isə nəhəng metal qıfı ucalırdı.
Görkəmindən belə düşünmək olardı ki, bu, bütöv bir orkestri əvəz edə biləcək gələcək musiqi alətidir.
Lakin dirijor təntənəli şəkildə musiqiçidən güclü səs tələb edəndə gözlənilməz bir şey baş verdi.
Alət susdu.
Sonra isə bir neçə yazıq, cingiltili səs çıxardı.
Tamaşaçılar qəhqəhə ilə güldü.
XX əsrin əvvəllərində ixtiraçılar yeni musiqi alətləri ilə həvəslə təcrübələr aparırdı. Lüis Sidni bu həvəsə bir qədər gülmək qərarına gəldi və musiqi ifası üçün tamamilə yararsız, möhtəşəm görünüşlü bir aparat qurdu. Ona follifon adını verdi.
London qəzetləri bu musiqi canavarını ətraflı təsvir edirdi. Jurnalistləri xüsusilə heç bir işə yaramayan çoxsaylı registrlər və nəhəng üst qıfın qapağı təəccübləndirmişdi: o, ən gözlənilməz anlarda açılıb-bağlanırdı.
1913-cü ilin yanvarında follifonun fotosunu hətta amerikalıların Popular Mechanics jurnalı da dərc etdi. Jurnal bu qorxunc aparatın futuristik musiqi ifa etmək üçün olduqca uyğun ola biləcəyini yazmışdı.
Bu günə qədər follifonun fotoşəkilləri və onun çıxışları haqqında qəzet yazıları qalıb. Təəssüf ki, səsini eşitmək artıq mümkün deyil.
Amma yəqin ki, çox da şey itirməmişik.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
Fotoda: follifonun yaradıcısı Lüis Sidni öz musiqi canavarının arxasında. London, 1912-ci il.

