AİD Group şirkəti ilə bağlı sosial şəbəkədə ciddi iddialar səsləndirilib.
KONKRET.az xəbər verir ki, bir vətəndaş sosial şəbəkədə etdiyi paylaşımda şirkətin fəaliyyətinin dayandırıldığını və çoxsaylı müştərilərin maddi zərərə uğradığını iddia edib.
Paylaşım müəllifinin sözlərinə görə, onun özünə də 4 250 manat məbləğində zərər dəyib. O, digər şəxslərin isə 5 min, 10 min və hətta 15 min manatadək vəsait itirdiyini, zərərçəkənlərin sayının yüzlərlə olduğunu bildirib.
Vətəndaş paylaşımında şirkətlə və onun fəaliyyəti ilə əlaqəli olduğunu iddia etdiyi bir neçə şəxsin də adını çəkərək onların məsuliyyətə cəlb olunmalı olduğunu qeyd edib.
Paylaşımda konkret şəxslərlə bağlı müxtəlif ittihamlar səsləndirilsə də, bu iddiaların doğruluğu müstəqil şəkildə təsdiqlənməyib. Adları çəkilən şəxslərin mövqeyi və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması məlum deyil.

