Son illər Azərbaycanda doğum göstəricilərinin kəskin azalması demoqrafik təhlükəsizliklə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə və ekspert dairələrində ailələrin maddi yükünün artması, uşaqların saxlanma xərclərinin yüksəlməsi və dövlət dəstəyinin yetərli olmaması tez-tez müzakirə edilir. Bu fonda bir sıra ölkələrdə tətbiq edilən uşağın doğulmasına görə, valideynin işlədiyi müəssisə tərəfindən maaşına aylıq əlavələr, vergi güzəştləri və sosial stimullar edilməsi Azərbaycanda da mümkün mexanizm kimi diqqət mərkəzinə düşüb. Bəs, cəmiyyətdə belə bir addım atıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu istiqamətdə nə rəsmi təklif, nə də qanun layihəsi hazırlanıb.
“Amma Azərbaycanda doğuş sayının kəskin azaldığını nəzərə alsaq, gələcəkdə müəyyən təşviq proqramlarına ehtiyac yarana bilər”.
N.Cəfərlinin sözlərinə görə, bir sıra ölkələrdə demoqrafik azalmanın qarşısını almaq məqsədilə ailələrə maliyyə dəstəyi, vergi güzəştləri və maaşa əlavə mexanizmləri tətbiq olunur. Azərbaycanda da oxşar addımların müzakirəyə çıxarılması demoqrafik balansın qorunması baxımından vacib ola bilər. Hazırda isə bu istiqamətdə rəsmi qurumlar tərəfindən konkret qərar və ya sənəd mövcud deyil.
Aynurə İsmayıl
KONKRET.az

