Al Kaponenin kölgəsində yüksəldi, 80 il cinayət dünyasında qaldı: Mafiyanın ən sirli bossu necə həbsdən yayındı?backend

Al Kaponenin kölgəsində yüksəldi, 80 il cinayət dünyasında qaldı: Mafiyanın ən sirli bossu necə həbsdən yayındı?

Toni Akkardo mafiyanın tarixində ən paradoksal fiqurlardan biri hesab olunur. ABŞ-ın ən güclü cinayət təşkilatlarından biri olan Çikaqo sindikatına rəhbərlik edən bu şəxs onilliklər ərzində kölgədə qalmağı, rəqiblərinin gülləsindən və hüquq-mühafizə orqanlarının diqqətindən yayınmağı bacardı.

O, nə rəqib mafioz tərəfindən öldürüldü, nə də ömrünü həbsxanada başa vurdu. Siciliyadan ABŞ-a köçmüş sadə mühacir ailəsinin, cəmi səkkiz sinif təhsil almış övladı necə oldu ki, nəhəng cinayət imperiyasının başına keçdi və ömrünün sonuna qədər azadlıqda qaldı?

Antonio Leonardo Akkardo 28 aprel 1906-cı ildə Çikaqonun “Kiçik Siciliya” adlandırılan məhəlləsində dünyaya gəldi. Valideynləri Françesko və Mariya XIX əsrin sonlarında daha yaxşı həyat ümidi ilə Amerikaya gələn minlərlə siciliyalı mühacirdən idi.

Akkardonun uşaqlığı elə də fərqlənmirdi. O, əvvəlcə Ceyms Otis məktəbində, daha sonra Vaşinqton məktəbində oxudu. Lakin təhsilə böyük maraq göstərmədi.

1920-ci ildə, cəmi səkkiz sinif təhsil aldıqdan sonra işləməyə qərar verdi. Yetkinlik yaşına çatmadığı üçün valideynləri həmin dövrdə geniş yayılmış üsula əl atdılar: doğum haqqında şəhadətnamənin itdiyini bildirərək yeni sənəddə onun doğum ilini 1904 kimi göstərdilər. Beləliklə, yeniyetmə Akkardo rəsmi şəkildə işləmək imkanı qazandı.

Onun qanunla ilk problemi də çox adi səbəbdən yarandı. 22 mart 1922-ci ildə yol hərəkəti qaydalarını pozduğuna görə həbs edildi. Lakin əslində Akkardonun “həyat məktəbi” küçələrdə başlayırdı.

Məktəbi küçələr, müəllimi isə Çikaqo mafiyası oldu

Akkardo kriminal aləmdə ilk addımlarını “Circus Café Gang” adlı küçə dəstəsində atdı. Qrup adını Nort-Avenyudakı eyniadlı kafedən götürmüşdü.

Bu dəstədə gələcəkdə Çikaqo cinayət dünyasının tanınmış simalarına çevriləcək şəxslər də vardı. Onların arasında Klod Maddoks, Toni Kapetsio və sonralar Al Kaponeyə xidmət edən məşhur killer Cek Makgörn də yer alırdı.

Gənc Akkardo oğurluq, qarət və avtomobil qaçırılması ilə məşğul olurdu.

Onun həyatında dönüş nöqtəsi isə ABŞ-da “Quru qanun”un – alkoqol satışına qadağanın qüvvəyə minməsi oldu. Akkardo yük maşını sürücüsü kimi işləyir və bu peşə ona qanunsuz spirtli içkilərin Çikaqodakı gizli barlara – “speakeasy”lərə daşınması üçün ideal örtük yaradırdı.

Onun soyuqqanlılığı və etibarlılığı tezliklə diqqət çəkdi. Cek Makgörn ilə yaxın münasibətləri isə Akkardoya Çikaqonun ən güclü cinayət təşkilatına – Al Kapone sindikatına yol açdı.

1926-cı ilin yazında Miçiqan prospektindəki “Metropole” hotelində Akkardo Al Kapone ilə şəxsən tanış edildi. Onun təşkilata qəbulunda Makgörnin tövsiyəsi mühüm rol oynadı.

Akkardo burada sədaqət andı içərək mafiyanın əsas prinsiplərindən biri olan “omerta” – susmaq qanununa tabe oldu.

Kaponeyə sipər olan gənc mafioz

Akkardo karyerasına Al Kaponeyə cangüdənlik etməklə başladı.

20 sentyabr 1926-cı ildə Siserodakı “Hawthorne” hotelində Kapone və adamları rəqib dəstənin hücumuna məruz qaldılar. Silahlı şəxslər binanı güllə yağışına tutdular.

Rəvayətə görə, Akkardo həmin anda Kaponeyə tərəf atılaraq onu yerə yıxıb və öz bədəni ilə qoruyub.

Bu hadisə onun Kaponenin gözündə nüfuzunu daha da artırdı.

Sonralar Akkardo sindikatın ən təhlükəli killerlərindən birinə çevrildi. Onun “Joe Batters” ləqəbini necə aldığı barədə müxtəlif versiyalar mövcuddur. Ən məşhur rəvayətə görə, o, iki rəqibini beysbol çubuğu ilə öldürdükdən sonra Kapone ona bu ləqəbi verib.

Kapone həbs edildi, Akkardo isə yüksəldi

1931-ci ildə Al Kapone vergi ödəməkdən yayınmaqda təqsirli bilinərək həbsxanaya göndərildikdən sonra Çikaqo kriminal aləminin strukturu dəyişməyə başladı.

Akkardo isə artıq öz dəstəsinə rəhbərlik edəcək qədər güclənmişdi. O, təkcə zorakılıqla deyil, təşkilatçılıq və pul qazanmaq bacarığı ilə də seçilirdi.

Frank Nittinin ölümündən sonra və Çikaqo sindikatının digər rəhbərləri təzyiq altında geri çəkildikcə Akkardonun nüfuzu daha da artdı.

Pol Rikka hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Akkardo faktiki olaraq Çikaqo sindikatının əsas rəhbərlərindən birinə çevrildi.

Onun dövründə cinayət təşkilatının gəlir mənbələri daha da şaxələndirildi. Çikaqodakı slot-aparat biznesinə nəzarət genişləndirildi, Las-Veqas kazinolarında paylar əldə edildi və narkotik ticarətindən gələn gəlirlər artdı.

Lakin Akkardonun əsas fərqi onda idi ki, o, özünü nümayiş etdirməyi sevmirdi.

“Görünməz boss” strategiyası

Kapone kimi mətbuatın diqqət mərkəzində olmaqdan qaçan Akkardo aşağı profilli həyat tərzinə üstünlük verirdi.

O, mafiyanın fəaliyyətini mümkün qədər görünməz etməyə çalışırdı. Qanunsuz bizneslərin bir hissəsi daha “qanuni” görünüşə gətirilir, gəlirlər isə müxtəlif kommersiya sahələrinə yönəldilirdi.

Akkardonun əsas silahı artıq tapança deyil, səbr, əlaqələr və ehtiyatlılıq idi.

O, zaman-zaman rəsmi şəkildə geri çəkilsə də, kriminal aləmdə təsirini qoruyurdu. Sonrakı illərdə daha parlaq və riskli fiqurlar ön plana çıxarkən Akkardo pərdəarxasında məsləhətçi rolunu oynayırdı.

Mafiyanın ən böyük uğuru: həbsxanadan yayınmaq

Akkardonun kriminal karyerasının ən heyrətamiz tərəfi məhz budur.

Mənbələrə görə, o, təxminən 80 il davam edən cinayət fəaliyyəti boyunca heç vaxt ciddi cinayət işi üzrə məhkum edilmədi və həbsxanada cəmi bir gecə keçirdi.

Bu, Al Kapone, Sem Cankana və digər məşhur mafiozların taleyi ilə müqayisədə son dərəcə qeyri-adi nəticə idi.

Akkardo zənginliyini və gücünü nümayiş etdirməkdən də çəkinirdi. O, jurnal üz qabığında görünmək, ictimaiyyət qarşısında şöhrət qazanmaq və “mafiyanın kralı” obrazını yaratmaq kimi maraqlara sahib deyildi.

Onun üçün əsas məqsəd hakimiyyəti görünmədən qorumaq və pul axınını davam etdirmək idi.

Qocalıqda belə təhlükəli idi

Akkardonun zorakılıqdan tamamilə uzaqlaşdığını düşünmək isə yanlış olardı.

1978-ci ildə Kaliforniyadakı evinin qarət edilməsindən sonra onun oğruların tapılması üçün göstəriş verdiyi və həmin şəxslərin sonradan boğazları kəsilmiş vəziyyətdə tapıldığı barədə məlumatlar yayılıb. Bu hadisə ilə bağlı bəzi mafiozların sonradan məhkum edildiyi bildirilir.

Lakin Akkardonun adı müxtəlif cinayət hadisələrində hallansa da, onun özü hüquqi baxımdan məsuliyyətə cəlb olunmaqdan yayınmağı bacarırdı.

Pərdəarxasında yaşayan ailə başçısı

Kriminal dünyadakı obrazından fərqli olaraq, Akkardo şəxsi həyatında ailə adamı kimi tanınırdı.

O, evli idi, iki qızı vardı və həyat yoldaşı ilə birlikdə daha iki uşağı övladlığa götürmüşdü.

Zaman keçdikcə o, sərvətinin bir hissəsini qanuni bizneslərə yatırdı. Tikinti və daşınmaz əmlak, ofis və kommersiya binalarının icarəsi, ağac ticarəti, nəqliyyat şirkətləri və restoran biznesi onun maliyyə maraqları arasında idi.

22 may 1992-ci ildə Toni Akkardo 86 yaşında İllinoys ştatının Barrinqton-Hills şəhərindəki evində ürək tutmasından vəfat etdi.

O, güllə ilə öldürülmədi. Həbsxanada ölmədi. Və ən əsası – həyatının böyük hissəsini rəhbərlik etdiyi cinayət imperiyasına baxmayaraq, azad insan kimi dünyasını dəyişdi.

Al Kapone mafiyanın ən məşhur siması olaraq tarixə düşdü. Toni Akkardo isə başqa bir rekorda imza atdı: kölgədə qalaraq, onilliklər boyu cinayət imperiyasını idarə etmək və qanunun qarşısında məğlub olmamaq.

Hazırladı: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*