Aleksandr İskəndəryan: “Ermənistandakı siyasi vəziyyət belə davam etsə, Qarabağda məğlub olacağıq”backend

Aleksandr İskəndəryan: "Ermənistandakı siyasi vəziyyət belə davam etsə, Qarabağda məğlub olacağıq"

Keçən il inqilabi hakimiyyət dəyişikliyindən sonra Ermənistanda siyasi proseslər fırtınalı şəkildə davam edir. İl yarım ərzində erməni ictimaiyyəti bir çox məhkəmə proseslərinin, yüksək vəzifəli istefaların, həbslərin və Qarabağ tənzimlənməsi ətrafında qarışıq hadisələrin şahidi oldu. “KONKRET” Beynəlxalq Araşdırmalar Qrupu erməni ekspertlərinə istinadən bildirir ki, Ermənistanda siyasi vəziyyət namüəyyən istiqamətdə inkişaf edir. Bunun nəticələri isə arzuolunmaz vəziyyətlə müşahidə edilə bilər. Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan hesab edir ki, Ermənistanda hakimiyyətə təsadüfi adamların gəlməsi ölkənin dalana dirənməsinə səbəb olacaq.

“İnqilab özü pozitiv deyil, yalnız mənfi şüarlar altında baş verib”, – deyən siyasi analitikə görə “Serjdən imtina et!” deməklə iş bitmir. Nifrət edilən köhnə rejimin məhv edilməsi ilə cəmiyyətin gözləntiləri arasında böyük fərq hiss edilir.

İndiki hakimiyyət özünü Qərbyönlü hesab edir. Bu isə o deməkdir ki, Rusiyayönlü insanlar meydandan getməli, digər siyasi qüvvələr ümumi maraqlar naminə birləşməlidir. Axı bu, necə baş verə bilər?

“Sol, sağ, liberal, mühafizəkar – bütün bunlar insanları birləşdirmir, əksinə bölür”, – deyən politoloq vurğulayır ki, korrupsiyaya, oliqarxiyaya, bərabərsizliyə qarşı mübarizədə ciddi nəticələr yoxdur. İskəndəryanın sözlərinə görə, keçmiş hakimiyyətlərin konsolidasiya mexanizmləri var idi və onlar da buna görə hərəkət edirdilər. Çox vaxt maddi, korrupsiyalaşmış, cahil bir hakimiyyət olduğunu bütün Ermənistan cəmiyyəti bilirdi. Və bu həqiqəti də yaxşı anlayırdı ki, korrupsioner məmurları hansı amallar birləşdirir.

Politoloq bu sualın cavabını tapmağa çalışır. “Hakimiyyətə gələn yeni insanları nə birləşdirir? İdeologiya? Təəssüf ki, indiki siyasi səhnədə tamamilə fərqli ideologiyalarla yaşayan simalar var”.

Analitik qırmızı xətlə qeyd edir ki, ilkin vaxtlarda belə qənaət hasil olurdu ki, yeni hakimiyyətin ideologiya mərkəzi antikorrupsiya nüvəsi ətrafında cəmləşib. Lakin burada böyük anlaşılmazlıqlar var.

Politoloqun şərhinə görə, hakimiyyətə yönələn etiraz yüksələn xətlə artır. Hakimiyyətə gəldikdən sonra yeni elitanın nümayəndələri yaxşı başa düşdülər ki, bəzi sahələrdə güclü mütəxəssislərə ehtiyac var.

Ancaq bu ehtiyaclar ödənilmədiyindən hakimiyyət eşalonunda dağılmaların olması mütləqdir. Bunun baş verməyəcəyini gözləmək isə axmaqlıq olar.

Bu dövrü gərgin mərhələ adlandıran İskəndəryan vurğulayır ki, Paşinyan Ermənistanda müxtəlif siyasi qrupları birləşdirməkdə ciddi çətinlik çəkir. Müxalifətin özündə də ziddiyyətlər var: oradakı insanlar birləşə bilməzlər. Ümumiyyətlə, Ermənistanda heç vaxt vahid bir müxalifət olmayıb.

Mediada və sosial şəbəkələrdə bu mövzular ətrafında qaynar müzakirələr gedir. Söhbət Ermənistandakı qüvvələrin getdikcə bölünməsini əhatə edir.

Bu baxımdan hazırkı hakimiyyət üçün əsas problem Amulsar yatağının istismarı məsələsi, İstanbul Konvensiyasının ratifikasiya olunması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmamasıdır.

Bütün bunlar siyasi etiraz formalarına bəhanədir.

A.İskəndəryan belə bir nəticəyə gəlir ki, “Ermənistan siyasi kataklizmlərlə üz-üzədir. Çünki köhnə institusional sistemi rədd etdik və yenisini yaratmadıq. Ancaq yaradılmalı idi”.

Ancaq hakimiyyət üçün pozitiv gündəliyi yaratmağa imkan verməyən maneələr də böyüyür. Məsələn, indi Konstitusiya Məhkəməsi belə bir “müqavimət bazası” sayılır.

O deyir ki, əvvəlcə icra hakimiyyəti, sonra yerli, sonra qanunverici, indi məhkəmə, sonra məntiqi olaraq dördüncü hakimiyyət – mətbuat Paşinyana ciddi maneələr yaradacaq.

Bu proses artmaqda davam edəcək, amma bu prosesi idarə etmək getdikcə çətinləşəcək. İnqilab, islahat, korrupsiyaya qarşı mübarizə – bunlar məqsəd deyil, vasitədir. Niyə inqilab edildi? Nə üçün islahatlar? Korrupsiyaya qarşı mübarizə nə üçündür? İnsanların yaxşı yaşadığı bir sistem qurmaq üçün. Əlbəttə ki, çiçəklənən bir cəmiyyətdə işlək bir mexanizm qurmaq üçün. Sosial, iqtisadi və siyasi mənada. O vaxta qədər köhnəni inkar edir və gücə çatana qədər bir şeylə mübarizə aparırsan, ancaq məqsədə çatanda inkişaf proqramını yaratlmalısan. Bu, baş verirmi? YOX!

Politoloq ümid edir ki, “Yeni siyasi elitadakı bəzi insanlar bu barədə bir qədər anlayışa sahibdirlər. Heç olmasa bu barədə danışırlar. Ancaq bu günə qədər bu həfədə yönələn qurumlar, mexanizmlər yaradılmadı. Ancaq hələlik ideologiya belədir: pisləri yaxşılarına dəyişdirməlisən, hər şey yaxşı olacaq. Olmayacaq!

Ermənistanın bütün problemləri sistem problemləridir. Korrupsiya riskləri, işgüzar siyasətlə birləşmə, pis idarəetmə, xarici siyasət, təhlükəsizlik, investisiya aclığı problemləri və s. Bu problemlərdən heç birini ani şəkildə həll edə bilmərik. İnqilab zamanı küçələrə çıxan sadə insanlar mürəkkəb problemlərin sadə bir həllinin olduğuna sadəlövhcəsinə inanırdılar. Onlara bu, izah edilmədi. Təhlükəlidir, deyilmi? Bu mürəkkəb problemlərin sadə bir addımla həll edilə biləcəyini təsəvvür etmək təhlükəlidir.

İlk aylarda hesab edilirdi ki, “Serjdən imtina et” şüarı ilə ermənilər xoşbəxtliyə qovuşacaq və İsveçrədə olduğu kimi yaşayacaq. Buradan belə nəticə çıxır ki, vaxt keçib və biz İsveçrədə yaşamırıqsa, sual yaranır, niyə bütün bunları etdik?”

“KONKRET” Beynəlxalq Araşdırmalar Qrupunun gəldiyi nəticə də politoloqla üst-üstə düşür. Çünki Ermənistanda siyasi mədəniyyət elə bir səviyyədədir ki, burada siyasi qruplar, ümumiyyətlə, formalaşmır. Məsələ tək müxalifətin deyil, hakimiyyətin institusional siyasi mexanizmlər yaratmaması aktual olaraq qalır. Artıq bu ölkənin heç bir siyasi partiyası mükəmməl deyil. Özlərini siyasi partiyalar adlandıran qruplar cəmiyyətdə sözün klassik mənasında gülünc doğurur. Statistikaya görə, Ermənistanda 109 siyasi partiya var. Bu siyasi partiyalar hakimiyyətə gəlmək iqtidarında deyil və ya hakimiyyəti ələ keçirərlərsə belə, mövcud problemləri həll etmək qüdrətində deyillər.

Bu vəziyyətdə belə bir sistemin qurulması üçün yeganə amil sosial tələbdir. Ermənistanda açıq şəkildə dürüstlük və korrupsiya olmayan bir tələb var idi. İnsanlar elitada “özlərini yox, xalqı düşünən” dürüst hökmdarları görmək istəyirdilər. Bu ölkədə belə bir istəyin reallıqla əlaqəsi azdı. İnsanlara isə elə gəlir ki, əgər vicdanlı bir adam hakimiyyətə gəlsə, səriştəsindən asılı olmayaraq hakimiyyəti düzgün idarə edəcək və bu dəyişikliklər üçün kifayətdir.

Ölkədə baş verənlər onu deməyə əsas verir ki, insanlar artıq kəskin sosial dəyişiklikləri gözləmirlər. Yenə də İskəndəryanın fikirlərinə istinad etsək daha mühüm məlumatı əldə edə bilərik. Politoloq qəti əminliklə vurğulayır ki, “Eyforiyadan uzaqlaşan cəmiyyətdə hətta Dağlıq Qarabağ münaqişəsinin həllinə də ümidlər azalıb. Qarşıdan gələ qış və onun doğuracağı problemlər (burada təbii qazın qiymətlərinin artması da diqqətdən qaçmamalıdır), siyasi qarışıqlıq, etirazlar, xaotik vəziyyətin inkişafı bizi Qarabağda da uduzduran mühüm amil olacaq”.

Ermənilərin bir ümid yeri qalır. Müxalifətin birləşməsi və kəskin dəyişikliklər yaradan güclü bir liderin meydana gəlməsi.

Bu isə indiki halda inandırıcı görünmür.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*