Aleksandr Orlov (1895–1973) sovet dövlət təhlükəsizlik orqanlarının yüksək vəzifəli əməkdaşı, NKVD-nin xarici kəşfiyyat rezidenti və XX əsrin ən məşhur casusluq hekayələrindən birinin qəhrəmanı idi. Onun həyatı İspaniya vətəndaş müharibəsindəki gizli əməliyyatlar, İspaniyanın qızıl ehtiyatlarının SSRİ-yə daşınması, Stalin repressiyaları və nəhayət, sovet sistemindən dramatik qaçışla yadda qalıb.
Orlov 1936-cı ildən İspaniyada NKVD-nin əsas nümayəndəsi kimi fəaliyyət göstərirdi. O, respublikaçı hökumətə sovet hərbi yardımının təşkili ilə yanaşı, əks-kəşfiyyat əməliyyatlarına və Stalinə müxalif solçu qruplara qarşı repressiyalara da rəhbərlik edirdi. Onun adı İspaniya Kommunist İşçi Partiyasının (POUM) lideri Andreu Ninlə bağlı oğurlanma və qətl hadisəsində də hallanır.
İspaniyanın qızıl ehtiyatlarının Moskvaya daşınması isə Orlovun adı ilə bağlı ən böyük əməliyyatlardan biri sayılır. 1936-cı ilin oktyabrında təxminən 510 ton qızıl ehtiyatının dörd sovet yük gəmisinə yüklənərək SSRİ-yə göndərilməsi təşkil edildi. Bu qızıl İspaniya Respublikasının xarici hərbi yardım və silah tədarükü üçün istifadə etdiyi maliyyə ehtiyatlarının əsas hissəsini təşkil edirdi.
Lakin Stalin repressiyaları genişləndikcə Orlov özü də təhlükə ilə üz-üzə qaldı. Xaricdə çalışan sovet kəşfiyyatçıları bir-birinin ardınca Moskvaya çağırılır, onların bir çoxu həbs edilərək güllələnirdi. Orlov başa düşürdü ki, vətənə qayıtmaq onun üçün də ölüm hökmü ilə nəticələnə bilər.
1938-ci ilin iyulunda ona Antverpen limanına gələrək sovet gəmisində keçiriləcək məxfi toplantıda iştirak etmək barədə əmr verildi. Orlov bu çağırışı adi xidməti tapşırıq kimi deyil, həbs və edam üçün hazırlanmış tələ kimi qiymətləndirdi. O, gəminin göyərtəsinə qalxmaq əvəzinə ailəsi ilə birlikdə qaçmaq qərarına gəldi.
Stalinın qorxduğu adam
Orlovun sovet sistemindən qaçmaq qərarı təsadüfi deyildi. O, əvvəlki iki il ərzində İosif Stalinin İspaniyadakı etibarlı nümayəndəsi kimi fəaliyyət göstərmiş, sovet kəşfiyyatının ən məxfi əməliyyatlarına rəhbərlik etmişdi.
1936-cı ilin sentyabrında Madridə İspaniya Respublikasının təhlükəsizlik məsələləri üzrə baş sovet müşaviri kimi göndərilən Orlov geniş səlahiyyətlərə malik idi. O, gizli mənzillərdən və diplomatik nümayəndəliklərin pərdəsi altında fəaliyyət göstərən məxfi qərargahlardan istifadə edirdi. Stalinə qarşı çıxan solçu qüvvələrin təqibində, xüsusilə də POUM lideri Andreu Ninin oğurlanması və qətlə yetirilməsi ilə nəticələnən əməliyyatda onun adı hallanırdı.
Orlovun təşkilatçılığı ilə həyata keçirilən ən böyük əməliyyatlardan biri isə İspaniyanın qızıl ehtiyatlarının SSRİ-yə daşınması idi. 1936-cı ilin oktyabrında üç gecə ərzində, hərbi dəniz qüvvələrinin müşayiəti altında, İspaniya Respublikasına məxsus təxminən 510 ton qızıl dörd sovet yük gəmisinə yükləndi. Gəmilər Odessaya istiqamət götürdü. Beləliklə, İspaniyanın milli qızıl ehtiyatlarının böyük hissəsi Stalinin nəzarətində olan sovet anbarlarına daşındı.
Orlovun fəaliyyəti bununla məhdudlaşmırdı. O, həmin dövrdə SSRİ-nin xaricdə həyata keçirdiyi bir çox gizli əməliyyatlar barədə məlumatlı idi. Demək olar ki, sovet kəşfiyyatının İspaniyadakı ən həssas işləri onun nəzarətində idi.
Lakin Böyük terror sovet təhlükəsizlik aparatını da öz ağuşuna aldıqca, Stalinə yaxınlıq üstünlükdən daha çox ölümcül təhlükəyə çevrildi. NKVD rəhbəri Nikolay Yejov xaricdə çalışan və həddindən artıq çox sirr bilən kəşfiyyatçıları sistemli şəkildə aradan götürürdü.
Orlov keçmiş rəhbərlərinin, dostlarının və həmkarlarının bir-birinin ardınca yoxa çıxdığını görürdü. Onun tanıdığı Abram Slutski və Yan Berzin kimi sovet kəşfiyyatının nüfuzlu simaları da repressiyaların qurbanına çevrildilər.
Rejimdən üz döndərən digər kəşfiyyatçılar da təhlükəsiz deyildilər. İsveçrədə sovet hakimiyyətindən ayrılan İqnats Reys kimi şəxslər təqib edilir, sovet xüsusi xidmət orqanlarının əməliyyatları nəticəsində öldürülürdülər.
Orlov yaxşı anlayırdı ki, qaçmaq son dərəcə çətin olacaq. NKVD-nin beynəlxalq şəbəkəsi və müxtəlif ölkələrdə fəaliyyət göstərən gizli agentləri vardı. Lakin onun üçün başqa seçim qalmamışdı.
Qaçış və Stalinə göndərilən xəbərdarlıq
1938-ci il iyulun 9-da Parisə yüksək prioritetli şifrəli teleqram daxil oldu. Teleqramda sovet general-mayoru Aleksandr Orlova dərhal Antverpen limanına gəlməyə çağırırdılar. İspaniyadakı NKVD rezidenti sovet yük gəmisi “Svir”ə minməli və təcili, tam məxfi əməliyyat müşavirəsində iştirak etməli idi.
İyirmi ilə yaxın bolşevik xüsusi xidmət orqanlarında çalışmış Orlov bu çağırışın əsl mənasını dərhal anladı. O, sovet gəmisinə minməyin və ya Moskvaya qayıtmağın həbs və edamla nəticələnə biləcəyini düşünürdü.
Buna görə də əmrə tabe olmaq əvəzinə, ailəsi ilə birlikdə qaçmağa qərar verdi. İddialara görə, o, əməliyyat fondlarından 60 min dollar nağd pul götürdü, saxta pasportla gəmi biletləri aldı və izini itirməyə nail oldu.
Orlovun qaçışı ilə bağlı ən maraqlı məqamlardan biri də Stalinə göndərdiyi məktub idi. Məlumata görə, o, məktubunda ailəsinə zərər yetiriləcəyi təqdirdə əlindəki məxfi sənədləri və sovet rejiminin cinayətlərini ictimaiyyətə açıqlayacağı barədə xəbərdarlıq etmişdi.
Bu təhdid onun və ailəsinin təhlükəsizliyini qorumaq üçün atdığı ən mühüm addımlardan biri idi.
Orlov əvvəlcə Kanadaya, daha sonra isə ABŞ-a getdi. Uzun illər ərzində əsl kimliyini gizlədərək yaşadı. O, Stalin rejiminin ən məxfi sirlərini bilən bir şəxs kimi özünü və ailəsini sovet kəşfiyyatının mümkün təqibindən qorumağa çalışırdı.
Stalin cinayətlərinin şahidi
1953-cü ildə Orlov “Stalinin cinayətlərinin gizli tarixi” adlı kitabını nəşr etdirdi. Əsər sovet rəhbərliyinin daxili həyatı, Moskva məhkəmə prosesləri, siyasi repressiyalar və Stalinin yaxın ətrafında baş verən hadisələr haqqında mühüm məlumatlar təqdim edirdi.
Kitabın əsas dəyəri müəllifin sovet təhlükəsizlik sisteminin daxilində çalışmış, bir çox hadisələrin iştirakçısı və şahidi olmuş şəxs kimi danışmasında idi. Orlovun açıqlamaları Qərbdə böyük maraq doğurdu.
Ömrünün sonrakı illərində o, Miçiqan Universitetində elmi tədqiqatçı kimi çalışdı. 1973-cü ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində vəfat etdi.
Beləliklə, Aleksandr Orlov XX əsrin ən ziddiyyətli kəşfiyyatçılarından biri kimi tarixdə qaldı. O, bir tərəfdən Stalin rejiminin xaricdəki gizli əməliyyatlarında iştirak etmiş, digər tərəfdən isə həmin rejimin qurbanına çevrilməkdən qorxaraq ölkədən qaçmışdı. Onun həyatı sovet xüsusi xidmət orqanlarının qaranlıq dünyasını, hakimiyyət uğrunda mübarizəni, xəyanət və qorxunu əks etdirən dramatik bir tarixdir.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
