Əbu Nüvas: Şərab, sevgi və hazırcavablıqla dolu ömür sürən məşhur şairbackend

Əbu Nüvas: Şərab, sevgi və hazırcavablıqla dolu ömür sürən məşhur şair

Bir gün Bağdad şəhərinə dəhşətli bir xəbər yayıldı: məşhur şair Əbu Nüvas içkidən imtina edib, günahlarından tövbə edib və bundan sonra mömin bir həyat sürmək qərarına gəlib.

Dostları onu təbrik etmək üçün evinə axışdılar. Allahın belə bir möcüzəli dəyişiklik yaratdığına şükür edir, nəhayət, böyük günahkarın ağıllandığına sevinirdilər.

Əbu Nüvas isə bu xəbəri eşidəndə dəhşətə gəldi. Belə bir qərar vermədiyinə and içir, deyilənləri təkzib edirdi. Lakin təbriklər səngimirdi. Nəhayət, şair öz nüfuzunu və əvvəlki şöhrətini qorumaq üçün yeganə inandırıcı yolu tapdı: ayıqlığı münasibətilə onu təbrik etməyə gələn hər kəsin qarşısında nümayişkaranə şəkildə bir qədəh şərab içirdi. Beləcə, yayılan şayiələr tədricən kəsildi.

Əbu Nüvas (təxminən 756–814) orta əsrlər Şərqinin ən məşhur şairlərindən biri idi. Müasir İran ərazisində dünyaya gəlmiş, Bəsrədə böyümüş, şöhrətini isə Bağdadda qazanmışdı. Həmin dövrdə xəlifənin sarayında elm, musiqi və poeziya çiçəklənirdi. Dini qadağalara baxmayaraq, şən məclislər və təmtəraqlı ziyafətlər də saray həyatının ayrılmaz hissəsi idi.

Əbu Nüvas Quranı, qədim ədəbiyyatı mükəmməl bilirdi, güclü yaddaşı və iti zəkası ilə seçilirdi. Lakin onun ən böyük həvəsi şərab, hazırcavab söhbətlər və gözəl insanlar idi.

Gənclik illərində müəllimi ona min qədim şeir əzbərləməyi tapşırmışdı. Şagird tapşırığı yerinə yetirdikdən sonra müəllim bu dəfə ona belə dedi:

“İndi isə onların hamısını unut!”

Müəllimin fikrincə, əsl şair əvvəlcə ədəbi ənənəni dərindən mənimsəməli, sonra isə təqliddən azad olmağı bacarmalı idi. Əbu Nüvasın sonrakı həyatına nəzər saldıqda, bu azadlığın kifayət qədər uğurlu alındığını görmək mümkündür.

Köhnə ənənələrə meydan oxuyan şair

Qədim ərəb şairləri tərk edilmiş düşərgələrdən, köçüb getmiş karvanlardan, dağıntılar arasında qalan xatirələrdən bəhs etməyi sevirdilər. Onların şeirlərində keçmişə həsrət, ayrılıq və kədər əsas mövzulardan idi.

Əbu Nüvas isə bütün bunları darıxdırıcı hesab edirdi. Onun düşüncəsinə görə, Bağdadda şərab, musiqi və gözəl qadınlar olduğu halda, nə üçün xarabalıqların qarşısında ağlamaq lazım idi?

Bir dəfə o, özü kimi şərab həvəskarı olan başqa bir məşhur şairlə tanış olmaq qərarına gəlir. Onun evinə gedir, lakin ev sahibi sərxoş vəziyyətdə yatırdı.

Qonaq xidmətçidən yemək və şərab gətirməsini xahiş edir. Yeməyini yeyir, şərabını içir və özü də yuxuya gedir.

Bir müddət sonra ev sahibi oyanır, qonağın yatdığını görür. O da yemək yeyib şərab içir və yenidən yatır.

Qonaq oyananda isə bu dəfə ev sahibinin yatdığını görür. Yenidən şərab içir və dincəlmək üçün uzanır.

Rəvayətə görə, bu vəziyyət düz yeddi gün davam edir!

Beləliklə, iki məşhur şair eyni dam altında qalır, lakin biri yatarkən digəri içdiyinə görə heç cür tanış ola bilmirlər. Nəhayət, ev sahibi xidmətçiyə əmr edir ki, onlar görüşənə qədər qonağa daha şərab verilməsin.

Yalnız bundan sonra iki şairin tanışlığı baş tutur.

Xəsis ev sahibinə verilən dərs

Əbu Nüvas qısa müddətdə varlı ailələrin sevimlisinə çevrildi. Lakin onu qonaq çağırmaq xüsusilə xəsis ev sahibləri üçün riskli idi. Çünki şair belə insanları məsxərəyə qoymaq fürsətini heç vaxt əldən vermirdi.

Bir dəfə qonaq qəbul etməyi sevən, amma süfrəyə yemək gətirməyə tələsməyən varlı bir şəxs haqqında bütöv bir satirik şeir yazır.

Şeirdə ev sahibinin çörəyini əfsanəvi bir quşa bənzədir: hamı onun haqqında eşidib, bəziləri hətta şəklini də görüb, amma canlısına rast gələn olmayıb.

Bununla belə, hazırcavablığı ilə tanınan şairin özü də bəzən məğlub olurdu.

Bir dəfə o, ətir dükanında oturmuşdu. Həmin vaxt gənc bir qadın ətir seçirdi. Qəfildən qadından ədəbsiz bir səs eşidildi. Qadın pərt oldu.

Ətrafdakıları məsxərəyə qoymaq fürsətini heç vaxt qaçırmayan Əbu Nüvas dərhal dilləndi:

“Gözəl xanım, bu quş balasını mənə satmazsan?”

Qadın da ondan geri qalmadı:

“Xeyr, satmayacağam. Qoy əvvəlcə balaları olsun, sonra səni də yedirdərik!”

Bu dəfə məşhur şairə layiqli cavab verilmişdi. Əbu Nüvas susmalı oldu.

Qarşılıqsız sevgi və Məkkəyə qeyri-adi səfər

Şairin sevgi macəraları da ən azı onun zarafatları qədər maraqlı idi.

Əbu Nüvas kişilərə, xüsusilə gənc oğlanlara olan sevgisindən açıq şəkildə şeirlər yazırdı. Lakin onun ən ağrılı məhəbbəti Cinan adlı gözəl qadına qarşı idi.

Orta əsr rəvayətlərinə görə, Cinan qadınlara maraq göstərir və məşhur şairin sevgisinə heç bir qarşılıq vermirdi. O, Əbu Nüvası danlayır, onunla məzələnir, söhbət etməkdən belə imtina edirdi.

Lakin şair hətta təhqirlərdən də təsəlli tapırdı. Onun üçün əsas məsələ sevdiyi qadının adını dilinə gətirməsi idi.

Bir dəfə Əbu Nüvas Cinandan məktublarındakı səhvləri daha tez-tez düzəltməsini xahiş edir. Çünki o dövrdə yazıdakı səhvləri silmək üçün bəzən həmin yer dili ilə isladılırdı. Şair isə düzəldilmiş yerləri öpür, sanki sevgilisinin dodaqları həmin kağıza toxunmuş kimi xəyal edirdi.

Cinan Məkkəyə həcc ziyarətinə yollananda Əbu Nüvas da qəfil dini həvəsə düşərək onun ardınca getmək qərarına gəlir.

Tanışları şairin bu gözlənilməz dindarlığına təəccüblənirdilər. Halbuki Əbu Nüvas səfərinin əsl səbəbini elə də gizlətmirdi.

Xəlifə ilə münasibətlər: bir gün qızıl, ertəsi gün zindan

Əbu Nüvasın hakimiyyət nümayəndələri ilə münasibətləri heç də həmişə rəvan deyildi.

Xəlifə bəzən onu qızıla qərq edir, bəzən isə növbəti qalmaqallı hərəkətlərinə görə zindana saldırırdı.

Bir dəfə həbsdə olan şairi nüfuzlu dövlət xadimlərindən birinin sadəlövh qohumu ziyarət edir. O, Əbu Nüvasdan nə üçün həbs edildiyini öyrənmək istəyir.

Əvvəlcə soruşur:

– Sən qoça sitayiş edirsən?

– Xeyr, mən onu yeyirəm!

– Bəs günəşə?

– Günəşə heç dözə bilmirəm, xüsusilə də isti havada!

– Bəlkə, xoruzlara sitayiş edirsən?

– Xoruzlarla mənim çoxdan haqq-hesabım var!

Qonaq tamam çaş-baş qalır.

Bundan sonra Əbu Nüvas məsələnin əsl mahiyyətini izah edir. Deyir ki, onu cənnətdə salehlərə vəd edilən içkini içməkdə və bir sıra başqa, üstüörtülü şəkildə təsvir etdiyi əyləncələrdə ittiham edirlər.

Bunu eşidən qonaq heyrətlə qışqırır:

“Axı mən də eyni şeyləri edirəm!”

O, bu ədalətsizlikdən şikayət etmək üçün oradan çıxıb gedir.

Hadisə xəlifəyə çatdırıldıqda, rəvayətə görə, o, bərkdən gülür və şairin azadlığa buraxılmasını əmr edir.

Şərab məclislərinin arxasında gizlənən böyük şair

Əbu Nüvası yalnız içkiyə və əyləncəyə aludə olmuş bir insan kimi təqdim etmək onun şəxsiyyətini tam anlamaq üçün kifayət deyil.

O, dövrünün ən istedadlı şairlərindən biri idi. Sevgi, təbiət, ovçuluq, qocalıq və ölüm haqqında şeirlər yazır, əsərlərinin üzərində diqqətlə işləyir, uğursuz hesab etdiyi misraları tərəddüd etmədən atırdı.

Onun ən məşhur şərab şeirlərindən birində nəsihət verməyi sevən insanlara təxminən belə müraciət olunur:

“Məni danlamaqdan əl çək. Sənin məzəmmətlərin yalnız istəyimi daha da artırır. Yaxşısı budur, məni xəstələndirən şeylə müalicə et”.

Lakin illər keçdikcə səhhəti pisləşir, yaradıcılığında tövbə, günah və ölüm haqqında düşüncələr daha çox yer almağa başlayır.

Rəvayətlərdən birinə görə, ölümündən az əvvəl o, əlyazmalarının bir hissəsini yandırıb. Bunu isə həmin şeirləri həddindən artıq sevdiyi və başqasının onları mənimsəməsini istəmədiyi ilə izah edib.

Əbu Nüvas Bağdadda vəfat etdi. Arxasında yüzlərlə şeir və həqiqətlə əfsanənin bir-birinə qarışdığı saysız-hesabsız əhvalat qoydu.

Rəvayətlərdən biri də onun ölüm yatağında söylədiyi son məsləhətlə bağlıdır. Şairdən son nəsihətini verməsini xahiş edəndə o, belə deyib:

“Heç vaxt acqarına şərab içməyin. Məni məhv edən məhz bu oldu”.

Aradan on iki əsrdən çox vaxt keçib. Əbu Nüvası qızılla mükafatlandıran və gah da zindana saldıran xəlifələr çoxdan tarix kitablarının səhifələrinə çevriliblər. Şairin özü isə şeirlərində, lətifələrdə və xalq yaddaşında yaşamaqda davam edir.

Əgər bu gün kimsə ona bəşəriyyətin nəhayət, daha ciddi, daha mömin və daha ağıllı olduğunu söyləsəydi, yəqin ki, ilk növbədə bir qədəh şərab tələb edərdi. Heç olmasa, bu xoşagəlməz xəbəri təkzib etmək üçün!

Bununla belə, onun bitib-tükənməyən zarafatlarının, sevgi macəralarının və şərab məclislərinin arxasında həyatın faniliyini dərk edən bir insanın fəlsəfəsi gizlənirdi.

Bəlkə də bu düşüncəni onun şərab mövzusunda yazdığı şeirlərdən birinin sərbəst tərcüməsi daha yaxşı ifadə edir:

Şərab süz, adını da şərab qoy, İçilməsi mümkün olanı dünyadan gizlətmə. Axı həyat qısa bir yuxu kimi ötüb keçir, Ən uzun ömür belə göz açıb-yumana qədər bitir.

Hazırladı: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*