Hər dəfə hansısa məktəbin fəxrlə “Biz Montessori metodu ilə təhsil veririk” dediyini eşidəndə, istər-istəməz bu qadının bioqrafiyasının az tanınan və kifayət qədər mübahisəli bir səhifəsini xatırlayıram. Söhbət uşaqlara qayğıkeş münasibətin, onların şəxsiyyətinə hörmətin simvoluna çevrilmiş Mariya Montessoridən gedir.
Mariya Montessori böyüklərə uşağa hörmət etməyi, onun ehtiyaclarını anlamağı, iradəsini boğmamağı və kiçik insanın öz qabiliyyətlərini üzə çıxara biləcəyi mühit yaratmağı öyrədirdi.
- Amma nədənsə öz həyatının bir mühüm detalı barədə danışmağa o qədər də həvəsli deyildi: öz oğlu dünyaya gələndən sonra ondan ayrılmış, uşaqlığını anasının kim olduğunu bilmədən keçirmişdi.
Mariya Montessori 1870-ci ildə İtaliyada, qadınların peşə sahibi olmaq üçün ciddi maneələri aşmalı olduğu bir dövrdə dünyaya gəlib. O, ölkənin ilk qadın həkimlərindən biri olub, tibb təhsili alıb, psixologiya və pedaqogika ilə məşğul olub. Sonralar isə bütün dünyada uşaqların tərbiyəsi və təhsili ilə bağlı təsəvvürləri dəyişdirən özünəməxsus təhsil sistemi yaradıb.
- Mariya Romada Ortofrenik məktəbində çalışır, inkişaf xüsusiyyətləri olan uşaqlarla həkim Cüzeppe Montesano ilə birlikdə məşğul olurdu. Zaman keçdikcə həmkarlar arasında romantik münasibətlər yaranır. Lakin onların evlənmək niyyəti yox idi. Mariya isə ənənəvi ailə həyatı naminə peşəkar karyerasından imtina etmək istəmirdi.
Görünür, onun düşüncəsi belə idi: sevgili münasibəti yaxşıdır, sağlamlıq üçün də faydalıdır, amma ailə qurmaq, məişət qayğıları, ev işləri – bunlar mənim zərif təbiətimə uyğun deyil. Axı mən bunun üçün doğulmamışam!
1898-ci ildə onların Mario adlı oğlu dünyaya gəlir. Lakin həmin dövrün İtaliyasında nikahdankənar uşağın doğulması, xüsusilə elmi karyera qurmaq və ictimai nüfuz qazanmaq istəyən qadın üçün ciddi qalmaqal hesab olunurdu. Evlənməmiş qadın təkcə nüfuzunu deyil, peşəkar gələcəyini də itirə bilərdi.
Buna görə də uşağın dünyaya gəlməsi gizli saxlanılır. Sənədlərdə valideynlərinin kimliyi göstərilmir, balaca Mario isə əvvəlcə dayənin, daha sonra Romanın kənarında yaşayan bir ailənin himayəsinə verilir.
- Maraqlıdır, nikahdankənar münasibətə girmək yəqin ki, o qədər də ayıb sayılmırdı, amma bu münasibətdən uşaq dünyaya gətirmək qəbuledilməz idi. Yəni münasibət olar, amma uşaq məsələsi artıq başqa söhbətdir!
Mariya oğluna baş çəkməyə, onunla vaxt keçirməyə davam edirdi. Ancaq Mario üçün o, həyatında gah peyda olan, gah da yoxa çıxan sirli bir qadından başqa bir şey deyildi. Mariya onun gözlərinin içinə baxa, onunla söhbət edə, böyüməsini izləyə bilərdi. Amma ən vacib həqiqəti söyləmirdi: “Mən sənin ananam”.
- Təsəvvür edin, özünü kimsəsiz və tərk edilmiş hiss edən bir uşaq nə yaşayırdı? Hərdən yanına gözəl geyimli bir qadın gəlir, onunla mehriban davranır, sonra isə yenidən gedir. Nə özü ilə aparır, nə də kim olduğunu açıqlayır. Üstəlik, uşağa həqiqəti demir.
Uzun illər davam edən bu ayrılığın və qeyri-müəyyənliyin uşağa necə təsir etdiyini təsəvvür etmək çətin deyil. Mario yeddi yaşına çatanda onu Florensiya yaxınlığındakı internat məktəbinə göndərirlər.
Bu müddətdə Mariya öz karyerasını qurmaqda davam edirdi. Mühazirələr oxuyur, tədqiqatlar aparır, pedaqoji sistemini inkişaf etdirirdi. 1907-ci ildə ilk Casa dei Bambini – “Uşaq evi”ni açır. Məhz burada sonradan Montessori metodunun əsasını təşkil edəcək prinsipləri tətbiq etməyə başlayır.
Yeri gəlmişkən, bu işi görmək üçün öz uşağını böyütmək heç də vacib deyilmiş! Mario isə hələ də anasından uzaqda yaşayırdı.
Məhz həmin illərdə onun uşaq tərbiyəsi ilə bağlı ideyaları getdikcə daha çox tanınmağa başlayır. Montessori uşağa sevgi ilə yanaşmağın, onun şəxsiyyətinə hörmət etməyin və inkişafı üçün lazımi şərait yaratmaqda böyüklərin məsuliyyətinin vacibliyindən danışırdı. Hətta bu mövzuda kitablar da yazırdı.
Mühazirələrinin birində Mariya bildirirdi ki, əsl pedaqoqu fərqləndirən əsas xüsusiyyət onun uşağa, insana olan sevgisidir.
Amma öz övladına olan münasibəti barədə danışmağa ehtiyac duymurdu. Görünür, bu mövzuda deyəcək sözü yox idi…
Onun bioqrafiyasındakı ən acı və ziddiyyətli məqam da məhz budur: başqalarına uşaqların hisslərini və ehtiyaclarını anlamağı öyrədən qadın öz oğlundan həqiqəti gizlətmiş, onun uşaqlıq duyğularını və mənəvi ehtiyaclarını arxa plana keçirmişdi.
1913-cü ilin yazında, Mario təxminən 15 yaşında olarkən, görüşlərin birində cəsarətini toplayaraq Mariyanın qarşısına çıxır və ona deyir:
“Mən bilirəm ki, siz mənim anamsınız”.
Beləliklə, oğlan illərlə ondan gizlədilən həqiqəti nəhayət öyrənir və anası ilə birlikdə yaşamaq istədiyini bildirir. Mariya etiraz etmir, oğlunu yanına götürür. Nəhayət, onlar birlikdə yaşamağa başlayırlar.
Sonralar Mario anasının ən yaxın silahdaşına çevrilir. Beynəlxalq səfərlərində onu müşayiət edir, Montessori pedaqoji sisteminin dünyada yayılmasına kömək göstərir. 1952-ci ildə anasının ölümündən sonra isə onun başladığı işi davam etdirir. Montessori hərəkatının qorunub saxlanılmasında və inkişafında Mario böyük rol oynayır.
Amma sonradan yaranan yaxınlıq onun anasız keçirdiyi uşaqlıq illərini geri qaytara bilməzdi.
- Mariya Montessori dünyaya milyonlarla ailənin bəhrələndiyi pedaqoji sistem bəxş etdi. Lakin onun bioqrafiyasının bu səhifəsi yalnız adı məşhurlaşdığına görə unudulmamalıdır.
Şəxsən mən onun pedaqoji ideyalarına məhz oğlunun taleyi ilə tanış olduqdan sonra əvvəlki rəğbətlə yanaşa bilmirəm.
Çünki bu qadının böyük nailiyyətlərinin arxasında öz anasını tanımadan böyümüş kiçik bir oğlanın hissləri, yaşantıları və itirilmiş uşaqlıq illəri dayanır.
Başqalarının uşaqlarına hörmət etməyi öyrədən bir qadın öz övladının uşaqlığını ona həqiqəti demədən yaşamağa məcbur etmişdi.
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
