1959-cu il. Moskva. Sokolniki parkı. Burada ABŞ-ın “Sənaye Məhsulları” sərgisi açılır. Bu hadisə təkcə iki ölkə arasında mədəni və iqtisadi mübadilə deyil, həm də SSRİ ilə ABŞ arasında gedən ideoloji rəqabətin diqqətçəkən epizodlarından biri idi.
Hər şey amerikalıların təklifi ilə başlamışdı. Onlar Nyu-Yorkda Sovet İttifaqının nailiyyətləri sərgisinin, Moskvada isə ABŞ sərgisinin təşkil olunmasını təklif etdilər.
Razılaşmanın şərtlərinə görə, hər bir ölkə öz sərgisində nə nümayiş etdirəcəyini müstəqil müəyyənləşdirirdi. Heç bir senzura və məhdudiyyət nəzərdə tutulmurdu. Tərəflər bir-birinə tam etimad göstərməli idilər.
Sovet rəhbərliyi öz nailiyyətlərinin amerikalıların nümayiş etdirəcəyi məhsullardan qat-qat üstün olduğuna əmin idi. Nyu-Yorka peyklərin, atom elektrik stansiyalarının, kosmik raketlərin, buzqıran gəmilərin və sinxrofazotronların maketləri, eləcə də müxtəlif sənaye dəzgahları göndərildi.
Amerikalılar isə fərqli strategiya seçdilər. Onlar sadəcə texnoloji nailiyyətlərini deyil, adi amerikalının gündəlik həyatını nümayiş etdirmək qərarına gəldilər.
Sərgidə həmin dövr üçün ən müasir məişət texnikası, rəngarəng süfrə dəstləri, yemək hazırlamaq üçün rahat mətbəx avadanlıqları və evlərin işıqlandırılmasında istifadə olunan texnologiyalar təqdim edilirdi. Başqa sözlə, amerikalılar sovet insanına öz ölkələrində insanların necə yaşadığını göstərmək istəyirdilər.
Xruşşov Amerika məişət texnikası ilə tanış olur
1959-cu il iyulun 25-də sərginin təntənəli açılışı keçirildi. Tədbirə SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşov, ABŞ tərəfdən isə vitse-prezident Riçard Nikson qatılmışdı.
Əvvəlcə hər şey sakit və rəsmi çərçivədə davam edirdi. Lakin sərgi pavilyonlarını gəzdikcə Xruşşov qarşısında tamamilə fərqli bir məişət dünyasının dayandığını gördü. Bir müddət nümayiş etdirilənlərə təəccüblə baxdı, hətta nə deyəcəyini bilmədiyi anlar da oldu.
Sərgidə müxtəlif ölçülü və modelli televizorlar, o cümlədən rəngli televizorlar, qabyuyan və paltaryuyan maşınlar, elektrik şirəçəkənlər və digər məişət cihazları nümayiş etdirilirdi.
Həmin gün Xruşşovla Nikson arasında sonradan tarixə “Mətbəx debatları” adı ilə düşən məşhur mübahisə də baş verdi.
Nikson Amerika məişət texnikasının üstünlüklərindən danışaraq bildirdi ki, ABŞ-da əsas məqsədlərdən biri evdar qadınların həyatını asanlaşdırmaqdır.
Xruşşov isə buna cavab olaraq sovet cəmiyyətində qadınlara kapitalist münasibətinin olmadığını söylədi. O, SSRİ-də insanların heç də pis yaşamadığını sübut etməyə çalışır, iki ölkənin inkişaf səviyyəsini müqayisə edirdi.
Xruşşovun arqumentinə görə, ABŞ-ın 150 illik tarixi olduğu halda, Sovet İttifaqının cəmi 42 yaşı vardı. Buna baxmayaraq, o, SSRİ-nin cəmi yeddi ildən sonra ABŞ-la eyni inkişaf səviyyəsinə çatacağını iddia edirdi.
Məhz həmin mübahisə zamanı onun məşhur ifadəsi səsləndi:
“Biz sizi yetişib ötəndə, sizə əl eləyəcəyik!”
“Biz sizə Kuzkinanın anasını göstərəcəyik!”
Mübahisə getdikcə daha emosional xarakter almağa başladı. Xruşşov sovet sisteminin üstünlüklərini sübut etməyə çalışır, bəzən isə sərt və hədələyici ifadələrə əl atırdı.
Onun ən məşhur ifadələrindən biri də bu oldu:
“Biz sizə hələ Kuzkinanın anasını göstərəcəyik!”
Bu sözlər sonradan Xruşşovun siyasi ritorikasının ən yadda qalan ifadələrindən birinə çevrildi. Əslində, rus dilindəki bu deyim kiməsə gözlənilməz və ağır dərs vermək mənasını daşıyırdı.
Sərgi isə sovet vətəndaşları üçün əsl hadisəyə çevrildi. Milyonlarla insan Sokolniki parkına gələrək Amerika məişət texnikası, gündəlik həyat tərzi və texnoloji yeniliklərlə tanış oldu.
P.S. Maraqlı bir məqam: Xruşşov “Kuzkinanın anası” ifadəsini məhz bu sərgidə işlətməmişdi. Bu sözlər onun siyasi çıxışlarında başqa bir vaxt və başqa şəraitdə səslənmişdi. Sonradan həmin ifadə 1959-cu il sərgisi və “mətbəx debatları” ilə də əlaqələndirilməyə başladı.
Ağagül Mürsəlov,
KONKRET.az
