Təxminən yüz il əvvəl britaniyalı arxeoloq Flinders Petri Misirin Abidos bölgəsində, Umm əl-Kaab nekropolunda I sülalənin ilk fironlarına məxsus məzarları qazaraq aşkar etdi. Məlum oldu ki, hökmdarlar axirət dünyasına tək yola düşməyiblər. Onların məzarlarının ətrafında yüzlərlə saray əyanının və xidmətçinin skeleti yerləşirdi.
Bu tapıntı mühüm bir sual doğurdu: həmin insanlar ritual məqsədilə qurban verilmişdilər, yoxsa təbii səbəblərdən öldükdən sonrla hökmdarları ilə birlikdə dəfn olunmuşdular?
Petri skeletlərdə açıq-aşkar zorakılıq izləri aşkar etməmişdi. Buna baxmayaraq, o, olduqca dəhşətli bir ehtimal irəli sürmüşdü: xidmətçilər qum torbaları ilə huşsuz vəziyyətə salınır, sonra isə diri-diri basdırılırdılar. Arxeoloq bu fərziyyəsini skeletlərin guya insanın ölüm anındakı vəziyyətini əks etdirən duruşları ilə əsaslandırırdı. Bəzi qolların uzanmış, dizlərin isə yuxarı qalxmış vəziyyətdə olması onun diqqətini çəkmişdi.
Bu ənənənin miqyası Misir dövlətinin güclənməsi ilə paralel olaraq artmışdı. I sülalənin ilk hökmdarlarından olan Ahanın məzarının yaxınlığında xidmətçilərə aid cəmi bir neçə qəbir aşkar edildiyi halda, onun varislərinin məzarları ətrafında bu say yüzlərlə ölçülürdü.
Lakin II sülalənin hakimiyyətinin başlanması ilə bu ənənə qəfil yoxa çıxdı. Hökmdarın xidmətində olan şəxslər artıq ayrı-ayrılıqda, müxtəlif dəfn əşyaları ilə birlikdə torpağa tapşırılırdılar. Bu əşyalar arasında bəzən fil sümüyündən hazırlanmış daraqlar, mis alətlər və çaxmaqdaşından düzəldilmiş bıçaqlar kimi qiymətli nümunələr də vardı.
Petri məzarların fironun “hərəmi”nə aid olduğunu da güman edirdi. Ancaq həmin dövrdə skeletlərin cinsini çanaq sümükləri əsasında müəyyənləşdirmək üsulları kifayət qədər təkmil deyildi. Üstəlik, Petrinin anatomik bilikləri də bu məsələdə dəqiq nəticəyə gəlməsinə imkan vermirdi.
Bu müəmmalı hadisələrin təfərrüatlarını aydınlaşdırmaq üçün alimlər bu yaxınlarda müasir kriminalistika metodlarından istifadə ediblər. Kembricdə saxlanılan Abidos kəllələrinin yenidən təhlili maraqlı nəticələr ortaya çıxarıb.

Araşdırılan 46 kəllə nümunəsinin 18-də, yəni təxminən 40 faizində ölüm anına yaxın dövrdə baş vermiş travmaların izləri aşkarlanıb. Bunların əksəriyyəti təpə sümüklərindəki xətti sınıqlar idi. Bundan başqa, göz nahiyəsində kəsici alətlərlə yetirilmiş yaralar və başın yan hissəsinə nüfuz edən zərbələrin izləri də qeydə alınıb.
Petri kəllələrdəki çatları görmüşdü, lakin onları torpağın təzyiqi nəticəsində yaranmış zədələr hesab etmişdi. Hətta skeletləri daşımamışdan əvvəl həmin çatları parafinlə doldurmuşdu.
Müasir kriminalistika isə sümüyün ölümündən sonra zədələnməsi ilə insan hələ sağ ikən və ya ölüm anına yaxın aldığı travmanı fərqləndirməyə imkan verir. Canlı toxumanın elastikliyi və sümüyün mexaniki xüsusiyyətləri səbəbindən belə zədələrin izləri fərqli olur. Ölümə yaxın dövrdə yaranan bəzi sınıqların kənarları daha hamar və əyri görünür.
Tədqiqatçılar müəyyən ediblər ki, batıq çökəkliklər yaratmadan əmələ gələn xətti sınıqlar geniş və küt əşyanın, məsələn, ağır taxta dəyənəyin zərbəsi nəticəsində yarana bilər. Maraqlıdır ki, bu nəticə qurbanların firon hakimiyyətinin simvollarından biri sayılan daş gürzlə öldürüldüyü ehtimalını da şübhə altına alır.
Yazılı mənbələrin təhlili isə məzarların “hərəm”lə əlaqələndirilməsi ehtimalını zəiflədir. Fironların həyat yoldaşlarının öz məzarları olub, xidmətçilərin və saray əməkdaşlarının dəfn edildiyi məkanlarda isə hər iki cinsin nümayəndələrinə rast gəlinib. Qəbir yazılarında qeyd olunan titullar onların arasında sənətkarların, məmurların və kahinlərin də olduğunu göstərir. Başqa sözlə, burada hökmdarın şəxsi həyatı ilə bağlı çevrədən daha çox, sarayın adi xidmət heyəti dəfn edilmişdi.
Tafonomik təhlil — yəni qalıqların dəfn olunduqdan sonra hansı dəyişikliklərə məruz qaldığını araşdıran elm sahəsi — insanların diri-diri basdırılması ehtimalını da təkzib edir. Skeletlərdə dizlərin yuxarı qalxması və qolların uzanmış vəziyyətdə görünməsi yumşaq toxumaların çürüməsi zamanı sümüklərin yerini dəyişməsi ilə izah olunur.
Əl və ayaq oynaqlarının qorunub saxlanması isə xidmətçilərin başqa yerdə öldürülərək sonradan nekropola gətirilməsi ehtimalını zəiflədir. Bununla belə, dəfn üsulları arasında fərqlər də var: bəzi insanlar tabutlarda, digərləri isə birbaşa torpağa basdırılıblar. Bu fərq dəfn prosesinin təşkilində tələskənlik və ya müxtəlif sosial yanaşmaların mövcudluğu ilə bağlı ola bilər.
Qədim kolleksiyaların müasir elmi metodlarla yenidən araşdırılması bu gün dünyanın müxtəlif bölgələrində aparılır. Məsələn, kompüter tomoqrafiyası vasitəsilə alimlər Mesopotamiyanın Ur şəhərində yerləşən məşhur “ölüm quyuları”nda dəfn edilən insanların qəsdən öldürüldüyünə dair sübutlar əldə ediblər. Halbuki həmin məzarları ilk araşdıran arxeoloq Leonard Vulli insanların könüllü şəkildə zəhər qəbul edərək öldüyü ehtimalına üstünlük vermişdi.
Beləliklə, bir əsr əvvəl arxeoloqların yalnız skeletlərin vəziyyətinə və məhdud anatomik biliklərə əsaslanaraq irəli sürdükləri fərziyyələr müasir kriminalistika və antropologiya sayəsində yenidən nəzərdən keçirilir. Qədim məzarlar isə hələ də tarixçilərin və alimlərin cavab axtardığı çoxsaylı sualları özündə saxlayır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
Müəllif: Anna Qrebennikova
“Antropoloqun ruhu” kanalından
Mənbə: https://www.frontiersin.org/journals/environmental-archaeology/articles/10.3389/fearc.2026.1858940/full
