“ Alimentin məbləğinin artırılması mümkündür və təcrübədə bu məsələ xüsusilə hər il yaşayış xərclərinin, uşağın təhsil, qidalanma, tibbi və digər gündəlik ehtiyaclarının artması fonunda aktuallaşır.
İlk növbədə qeyd etmək lazımdır ki, Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, aliment məhkəmə tərəfindən müəyyən edildikdən sonra tərəflərdən birinin maddi və ya ailə vəziyyətində dəyişiklik baş verərsə, məhkəmə həmin alimentin məbləğini artıra və ya azalda bilər”.
Bu sözləri Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Məsələn, uşağın təhsil xərcləri artıbsa, müalicə və dərman xərcləri yaranıbsa, gündəlik saxlanma xərcləri əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlibsə və əvvəl müəyyən edilmiş aliment artıq uşağın real ehtiyaclarını qarşılamırsa, bunlar alimentin artırılması tələbinin əsaslandırılmasında nəzərə alına bilər.
Burada hər il müəyyən olunan yaşayış minimumu da mühüm göstəricidir. Məsələn, 2026-cı il üçün uşaqların yaşayış minimumu 260 manat müəyyən edilib. “Uşaq hüquqları haqqında” Qanun da uşağın qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan az olmayan səviyyədə maddi təminat almaq hüququnu təsbit edir”.
Vəkil vurğulayır ki, amma hüquqi baxımdan vacib bir fərqi qeyd etmək lazımdır:
“Yaşayış minimumunun hər il artması mövcud aliment məbləğinin avtomatik artırılması demək deyil. Ali Məhkəmənin mövqeyinə görə, yalnız uşaqlar üçün yaşayış minimumunun artması Ailə Məcəlləsinin 112-ci maddəsi üzrə alimentin artırılması üçün öz-özlüyündə kifayət edən əsas deyil.
Əgər aliment sabit pul məbləğində müəyyən edilibsə, onun indeksasiyası ayrıca qaydada həyata keçirilir. Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən, belə aliment minimum əmək haqqının artımına mütənasib şəkildə indeksasiya olunur.
Eyni zamanda, uşağın faktiki xərclərinin artması, valideynlərin maddi vəziyyətində dəyişiklik, aliment ödəyən şəxsin gəlirlərinin yüksəlməsi və digər diqqətəlayiq hallar sübut olunarsa, alimentin artırılması ilə bağlı ayrıca iddia qaldırmaq mümkündür.
Yəni aliment məsələsində yalnız müəyyən bir rəqəmə baxmaq düzgün deyil. Məhkəmə uşağın real ehtiyaclarını, onun əvvəlki təminat səviyyəsini, hər iki valideynin maddi və ailə vəziyyətini və konkret dövrdə yaranmış xərcləri birlikdə qiymətləndirir. Əsas prinsip isə uşağın mənafeyinin və normal maddi təminatının qorunmasıdır”.
Aynurə İsmayıl
KONKRET.az
