Almaniya Avropa İttifaqının Ukraynanın yüksək texnologiyalı tanklarla təmin edilib-edilməməsi ilə bağlı yekun qərarını təxirə salır. Belə ki, Almaniya kansleri Olaf Şolts bir neçə yüksək vəzifəli məmurun təzyiqinə baxmayaraq, Rusiya ilə müharibədə Ukraynaya kömək məqsədi ilə Kiyevə göndərilməsi nəzərdə tutulan tanklarla bağlı qərarı təxirə salmaqda israrlı olub. Onu da qeyd etmək yerinə düşər ki, ötən gün Almaniya Avropa İttifaqının beşinci sanksiya paketinə daxil olan Rusiyadan kömür idxalı qadağasını da iyul ayından avqust ayına ertələdib.
Bəs görəsən Almaniya niyə Aİ ölkələrinin qərarlarına qarşı çıxır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirb ki, Almaniya Ukraynaya görə Rusiya ilə qarşıdurmaya getmək istəmir: “SSRİ-nin dağılması və sosializm sisteminin çökməsindən sonra Almaniyanın birləşməsi Avropada və bütün dünyada rəsmi Berlinin mövqelərinin sürətlə yüksəlməsinə səbəb oldu. Sonradan Almaniya Avropa İttifaqında real gücə çevrildi. Sözsüz ki, bu Böyük Britaniyanı və ABŞ-ı ciddi narahat etməyə başladı. SSRİ təhlükəsi sıradan çıxdıqdan sonra Almaniya başda olmaqla Aİ ölkələri müstəqil siyasət yürütməyə çalışdılar. Almaniyanın liderliyi ilə Aİ elə bir güclü vəziyyətə gəlib çıxdı ki, Avropanın ABŞ-ın havadarlığına ehtiyacı qalmadı. Lakin Brexit məsələsindən sonra İttifaq ölkələri arasında münasibətlər gərginləşdi. Günümüzdə vahid Qərb anlayışı yoxdur. Belə bir ərəfədə Ukraynada müharibənin başlaması münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Almaniya ilə Rusiya arasında böyük layihələr var. Onlardan biri də “Şimal axını-2” layihəsidir ki, bu, Rusiya qazını Baltik dənizi üzərindən Almaniyaya ötürür. ABŞ bu layihəyə əngəl olmaq üçün uzun illər ciddi sanksiyalara əl atdı. Lakin bu, heç bir fayda vermədi. Həmçinin, Almaniyanın enerjiyə olan tələbatının 49 faizini məhz Rusiya təmin edir. Ona görə də Almaniya Ukrayna uğrunda Rusiya ilə qarşıdurmaya getmək istəmir. Bu müharibə başlamazdan əvvəl və proseslərin gedişatında özünü açıq şəkildə göstərir”.

Politoloq bildirib ki, Ukraynada vəziyyət gərginləşdikcə Avropada fərqli fikirlər səsləndirilir: “Polşanın prezidenti Avropa liderlərinin israrla Putinlə telefonla danışmaq diplomatiyasını davam etdirməsinə etirazını bildirdi. Ukrayna lideri Zelenski öz müsahibəsində qeyd etdi ki, Avropa liderlərindən biri ondan Buça qətliamının qurulmuş senari olamdığına dair sübutlar istəyib. Yəqin ki, bu lider Almaniyanın kansleri Olaf Şoltsdur. Bütün bunlar onu göstərir ki, Almaniya digər Qərb dövlətlərindən fərqli olaraq Rusiya ilə qarşıdurmaya getmək istəmir. Bundan sonra Qərb ittifaqında çatların əmələ gələcəyi gözlənilir. Putin Ukraynaya hücum əməliyyatında məhz bunu hesablamışdı. Bu günə kimi belə bir fakt özünü büruzə verməyib. Lakin növbəti mərhələdə biz Aİ ölkələri arasındakı fikir ayrılığının böyüməsinin və İttifaqın vahidlik görüntüsünün iflasa uğrayacağının şahidi ola bilərik”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
