Belçikada NATO-da təcrübə keçən bir şəxs üçüncü ölkənin xeyrinə casusluq etməkdə və cinayətkar təşkilata üzv olmaqda şübhəli bilinərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
KONKRET.az xəbər verir ki, Belçika Federal Prokurorluğu şübhəlinin Çin əsilli Kanada vətəndaşı olduğunu açıqlayıb.
Saxlanılan qadın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahında (SHAPE) təcrübə keçirdi. Onun işlədiyi ofisdə və yaşadığı evdə də axtarış aparılıb.
Qadının kimliyi, axtarışın nəticələri və hansı ölkənin maraqları naminə fəaliyyət göstərdiyi barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, SHAPE NATO-nun bütün hərbi əməliyyatlarının planlaşdırıldığı və idarə olunduğu ən yüksək səviyyəli komandanlıq qərargahıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
