TRIPP Ermənistanı İranla qarşıdurmaya aparır? – Analitikdən sərt xəbərdarlıqbackend

TRIPP Ermənistanı İranla qarşıdurmaya aparır? – Analitikdən sərt xəbərdarlıq

Analitik Tiqran Dumikyan “24news” nəşri üçün yazdığı məqalədə TRIPP layihəsinin tikintisi fonunda Ermənistan–İran münasibətləri üçün yarana biləcək risklərdən bəhs edib.

KONKRET.az xəbər verir ki, ekspertin sözlərinə görə, ABŞ-ın regionda müəyyən iştirakını nəzərdə tutan bu layihə Tehranda ciddi narahatlıq doğurur. İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ-ın bölgədə təsirinin artması və qüvvələr balansının dəyişməsi İranın maraqlarına ziddir və belə addımlara adekvat cavab veriləcək.

Məqalədə qeyd olunur ki, bu vəziyyət əslində Ermənistanın İran istiqamətində apardığı diplomatiyanın uğursuzluğu kimi qiymətləndirilə bilər və bu, ölkə üçün ciddi nəticələr vəd edir. Çünki Ermənistan iqtisadi baxımdan İrandan əhəmiyyətli dərəcədə asılıdır. Ölkədə istehlak olunan təbii qazın təxminən 20 faizi İrandan idxal edilir.

Bundan əlavə, İran Ermənistan üçün dünyaya çıxış qapısı hesab olunur. Ermənistanı Hindistan, Çin, Fars körfəzi ölkələri və Cənub-Şərqi Asiya ilə birləşdirən əsas logistika marşrutları İran ərazisindən keçir. Həmçinin Ermənistana gətirilən sənaye məhsullarının və ərzağın böyük hissəsi də məhz İran üzərindən daşınır.

Məqalədə vurğulanır ki, Rusiya ilə münasibətlərdə problemlər hələ həll olunmamışkən, TRIPP layihəsi Ermənistan üçün İranla da qarşıdurma riskini artıra bilər.

Sonda nəşr belə bir sual irəli sürür: Görəsən, Ermənistanı İranla münasibətlərdə də Moskva ilə yaşadığı uğursuz nəticəyə bənzər bir vəziyyət gözləyirmi?

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*