Almaniyanın qəbul edəcəyi yeni qanun immiqrantların vətəndaşlıq almasını asanlaşdıracaq. Həmçinin bu ölkədə birdən çox vətəndaşlığa sahib olmağa icazə veriləcək. Xatırladaq ki, hazırda immiqrantlar bu ölkədə 8 il yaşadıqdan sonra Almaniya vətəndaşlığını qazanmaq hüququ əldə edirsə, yeni qanunun qəbulundan sonra tələb olunan müddət beş ilə endiriləcək.
Görkəmli elm adamları, peşəkar nailiyyətləri ilə fərqlənən və yaxşı dil biliklərinə malik immiqrantlar üçün isə həmin müddət üç il təşkil edəcək.
Almaniyanın daxili işlər naziri Nensi Fazer qərarı alqışlayıb və bunu hökumətin immiqrasiya qanunlarını modernləşdirmək səylərinin bir hissəsi adlandırıb. Onun sözlərinə görə, vətəndaşlıq qaydalarının sadələşdirilməsinin vaxtı çoxdan çatmışdı.
O, həmçinin bəzi siyasətçiləri miqrasiya ilə bağlı ictimai müzakirələri təhrif etdiklərinə, uzun illər mühacirlərə qarşı irqçi təbliğat apardıqlarına görə tənqid edib. Vurğulayıb ki, vətəndaşlıq qanununda islahatlar Almaniyaya ixtisaslı işçi çatışmazlığını aradan qaldırmağa, xaricdən ixtisaslı mütəxəssislərin cəlb olunmasına kömək edəcək:
“İqtisadiyyatımızın bir çox sahələrində ixtisaslı işçilərə ehtiyacımız var. Biz ən yaxşı beyinləri o zaman cəlb edə biləcəyik ki, onlar yaxın gələcəkdə bütün hüquqları qazanaraq cəmiyyətimizin tamhüquqlu üzvlərinə çevriləcəklər”.
Qeyd edək ki, hazırda Almaniyada 12 milyona yaxın insan (ümumi əhalinin təxminən 14%-i) Almaniya vətəndaşlığına malik deyil.
Rəsmi məlumatlara görə, onların təxminən 5,3 milyonu ölkədə ən azı 10 ildir yaşayır.
Ayan,
KONKRET.az
