“lovegift.baku” adlı “İntagram” satış səhifəsi dələduzluqla müştərilərin pulunu mənimsəyir.
KONKRET.az xəbər verir ki, bu barədə pravda.az-a şikayət ünvanlayan tələbələrdən biri bildirib ki, o, “lovegift.baku” səhifəsindən 90 manat dəyərində “İnstax mini 12” kamera sifariş edib.
Səhifə idarəçisi “Whatsapp” üzərindən müştəri ilə danışıqlar aparıb və məhsulu “Binə ticarət mərkəzi, korpus 1, sıra 4, mağaza 65A” ünvanından götürə biləcəyini deyib. Vətəndaş çatdırılma ilə sifarişi götürə biləcəyini dedikdə, satıcı ona ödəniş etməsi üçün bank hesabını göndərib.
O, pul köçürərkən müştərinin öz bankının mobil hesabının görüntülərini də tələb edib. Müştəri görüntüləri göndərməyib, lakin 90 AZN satış səhifəsinin hesabına yükləyib.
Mesajlaşmanın davamında dələduz satıcı hesabına pulun yüklənmədiyini deyərək bank hesab nömrəsi olan mesajı silib və müştərini “Whatsapp” və “Instagram”dan blok edib.
Əvvəlcə çaşqınlıq yaşadığını deyən vətəndaş yanlış anlaşılma olduğunu zənn edərək səhifənin satıcısından pulun hesaba köçüb-köçmədiyini öyrənmək üçün başqa nömrədən əlaqə saxlamağa çalışıb. Lakin həmin nömrə də satıcı tərəfindən blok edilib.
Məsələ ilə bağlı vətəndaş Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edilib. Onunla əlaqə saxlanılacağı deyilib, amma hələ reaksiya yoxdur. Vətəndaş Daxili İşlər Nazirliyinin rəsmi saytına da şikayət ünvanlayıb.
“lovegift.baku” “Instagram” səhifəsində hələ də “satış xidməti” davam edir.
