Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək!backend

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək!

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə “dedollarizasiya” haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də dünya maliyyə sisteminin əsas sütunudur. Bununla yanaşı, avro mövqeyini qorumağa çalışır, Çin isə yuanı beynəlxalq valyutaya çevirmək üçün geniş strategiya həyata keçirir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda dünya mərkəzi banklarının valyuta ehtiyatlarında dolların payı təxminən 57%, avronun payı 20%, Çin yuanının payı isə cəmi 2%-ə yaxındır. Bu göstəricilər dolların hələ də ən böyük ehtiyat valyutası olduğunu göstərir.

Dolların gücü yalnız ABŞ iqtisadiyyatının ölçüsündən qaynaqlanmır. ABŞ xəzinə istiqrazları dünyanın ən likvid və etibarlı maliyyə bazarını təşkil edir. Beynəlxalq ticarətin böyük hissəsi, xüsusilə enerji və xammal əməliyyatları əsasən dollarla aparılır. Buna görə də bir çox ölkələr ehtiyatlarının əsas hissəsini dollarla saxlayırlar.

Avro dünyanın ikinci ən mühüm beynəlxalq valyutasıdır. Avropa İttifaqının böyük iqtisadi potensialına baxmayaraq, avronun əsas problemi vahid fiskal və siyasi mərkəzin olmamasıdır. ABŞ vahid dövlət olduğu halda, avrozonada müxtəlif hökumətlər və fərqli iqtisadi siyasətlər mövcuddur. Bu səbəbdən avro dolları tam əvəz edə bilmir. Buna baxmayaraq, avro ehtiyat valyutası kimi sabit mövqeyini qoruyur və payı son illərdə təxminən 20% ətrafında qalır.

Ən maraqlı proses isə Çin yuanı ilə bağlıdır. Pekin son illərdə yuanın beynəlxalq istifadəsini artırmaq üçün böyük addımlar atır. Çin dövlət şirkətlərini xarici əməliyyatlarda yuanla hesablaşmağa təşviq edir, beynəlxalq ödəniş sistemlərini genişləndirir və rəqəmsal yuan layihəsini inkişaf etdirir. 2026-cı ildə Çin rəqəmsal yuanın beynəlxalq istifadəsini genişləndirmək məqsədilə onlarla maliyyə qurumunu yeni platformaya cəlb edib.

Bununla belə, yuanın qarşısında ciddi maneələr var. Çin kapital hərəkətlərinə tam sərbəstlik vermir, maliyyə bazarları ABŞ qədər açıq deyil və investorlar üçün hüquqi şəffaflıq səviyyəsi Qərb ölkələri ilə müqayisədə daha aşağı hesab olunur. Məhz buna görə yuanın qlobal ehtiyatlardakı payı hələ də çox aşağıdır.

Son illərdə BRICS ölkələri və bir sıra inkişaf etməkdə olan dövlətlər dollar asılılığını azaltmağa çalışırlar. Çin və Rusiya, Çin və bəzi Asiya ölkələri arasında milli valyutalarla ticarət artır. Yuanın Çin xarici ticarətində istifadəsi sürətlə yüksəlir və bəzi ölkələr onunla hesablaşma sistemlərinə qoşulurlar. Lakin bu proses dolların dominantlığını yaxın illərdə sona çatdıracaq səviyyədə deyil.

Əgər sual “dünyanın növbəti əsas valyutası olmaq üçün ən güclü namizəd kimdir?” şəklində qoyularsa, cavab ilk növbədə Çin yuanıdır. Çünki onun arxasında dünyanın ikinci böyük iqtisadiyyatı dayanır və Pekin bu məqsəd üçün sistemli siyasət yürüdür. Lakin yaxın 10-15 ildə yuanın dolları əvəz etməsi ehtimalı aşağı görünür. Daha real ssenari dolların payının tədricən azalması, avronun mövqeyini qoruması və yuanın payının mərhələli şəkildə artmasıdır.

Digər namizədlər arasında Yapon yeni, Britaniya funt sterlinqi və İsveçrə frankı da  mövcuddur. Lakin onların iqtisadi bazası və qlobal təsir imkanları dollar, avro və yuanla müqayisədə xeyli məhduddur. Ona görə də gələcək qlobal valyuta rəqabətinin əsas iştirakçıları yenə də dollar, avro və yuan olacaq.

Nəticə etibarilə, bu gün dünyanın əsas valyutası dollar olaraq qalır, ikinci yerdə avro gəlir, üçüncü yerdə isə sürətlə yüksəlməyə çalışan yuan dayanır. XXI əsrin ortalarına doğru dünya maliyyə sisteminin tam “çoxvalyutalı” modelə keçməsi mümkündür. Lakin yaxın perspektivdə dolların liderliyinin ciddi şəkildə sarsılması gözlənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*