Almaniya Xarici İşlər Nazirliyinin Şimali Amerika ilə əlaqələrə nəzarət edən siyasi departamentinin, onun siyasi planlaşdırma qərargahının, transatlantik əməkdaşlıq üzrə hökumət koordinatorunun ofisinin nümayəndələri Almaniyanın Vaşinqtondakı səfirliyinin əməkdaşları ilə birlikdə Almaniyada qeyri-rəsmi böhran qrupu yaradıblar.
KONKRET.az xəbər verir ki, bu, Donald Trampın ABŞ prezidenti seçilməsi ehtimalı ilə bağlıdır. Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, “Diplomatlar ağlasığmaz hesab etdiyi ssenariyə hazırlaşmağa can atırlar: Donald Trampın Ağ Evə qayıdışını Almaniya və onun dünyadakı yeri üçün misilsiz nəticələrə səbəb ola biləcək hadisə kimi dəyərləndirirlər”. Onların məqsədi mümkün ssenariləri nəzərdən keçirmək və müvafiq tədbirlər hazırlamaqdır.
Berlin qorxur ki, yeni Amerika administrasiyası proteksionist iqtisadi siyasətləri sərtləşdirəcək və bu, bütün idxala 10% tariflərin tətbiqi ilə nəticələnə bilər ki, bu da ixrac yönümlü Almaniyaya böyük ziyan vura bilər.
Almaniya hökumətinin transatlantik əməkdaşlıq üzrə koordinatoru, böhran qrupunun bir hissəsi olan Maykl Linkin sözlərinə görə, Co Baydenin ən yüksək hökumət postuna yenidən seçilməkdən imtina etməsi oyunun qaydalarını dəyişə bilər. “Bu addım prezidentlik uğrunda yarışı təzələyir və seçki kampaniyasına kökündən fərqli dinamika gətirir”, – deyə o vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az