Ana dili milli-strateji məsələdir – AY Partiyadan təhsillə bağlı MÜRACİƏTbackend

Ana dili milli-strateji məsələdir - AY Partiyadan təhsillə bağlı MÜRACİƏT

Azərbaycan Yüksəliş Partiyası yeni tədris ili ilə əlaqədar valideynlərə müraciət edib.

KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycanımızın gələcəyini yetişdirən əziz valideynlər!

Yeni tədris ili yaxınlaşır. Haqlı olaraq, yeni tədris ilini bayram kimi qeyd edirik. Xüsusilə birincilər, onların valideynləri üçün bu tarix çox önəmli, əlamətdar olur.

AY Partiya olaraq sizi xeyli əvvəlcədən təbrik edirik! Xeyli əvvəldən təbrik etməyimizin səbəbi təbriklə bərabər, bəzi mesajlarımızı da sizə çatdırmaq istəyimizdir. Çünki sizin də bildiyiniz kimi, artıq məktəbə qəbul prosesi başlayıb. Çağırışımız da bununla bağlıdır, səmimi və önəmli, vacib məsələ kimi qəbul edəcəyinizə inanırıq.

Əziz valideynlər, gəlin məktəblərimizə xarici dil hazırlığı kursu kimi yanaşmayaq!

“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən öz dilimizi unutmayaq.

Latın dilinə baxaraq, latın xalqına heyifsilənən təəssübkeş azərbaycanlılar! Artıq bizi də tarixin səhifələrində ilişib qalan həmin o mütərəqqi xalqın taleyi gözləyir.

Əziz valideynlər, zaman-zaman hər birimiz belə bir ifadə işlədirik: “Ot kökü üstə bitər”. Milli keçmişimizdən gələn, milli dərrakəmizi, düşüncəmizi əks etdirən və doğma ana dilimizdə bizə çatan bu ifadəni sadəcə deyib, keçməyək. Öz ruhumuzla nə dediyimizi düşünək. Düşünən zaman mütləq anlayacağıq ki, anasının şirin laylasından qoparılaraq, bağçada, məktəbdə dayanmadan “skazka”, “poem” öyənməyə məcbur etdiyimiz fidanlarımız nə qədər ucalsa da, əzəmətindən yıxılacaq, ucaldığı yüksəklikdən yıxılacaq.

Bir dil onu daşıyan xalqın, bu xalqın təfəkkürünün, mədəniyyətinin, tarixinin daşıyıcısıdır. Yəni uşağımız ilk vərdişlərini hansı dildə alsa, o təkcə həmin dilin daşıyıcəsına deyil, həmin xalqın mədəniyyətinin tarixinin daşıyıcısına, bir parşasına çevrilir. Bu dövlətimiz üçün real təhlükədir.

Unutmayaq ki, dilin fikri doğru ifadə etməsi üçün beynin milli zəmində doğru proqramlaşması lazımdır. Dil milli olmalıdır, doğma olmalıdır. Yad bir dil beyni də yadlaşdırır, kökündən qoparır və selə qapılıb gedir. Xalqına, millətinə aid dildə danışan uşaq beyni doğma ilə yad arasındakı uçurumda qalmır.

Bəlkə də, Cəlaləddin Ruminin “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” ifadəsi bizim cəmiyyət olaraq, yaratdığımız bu eybəcər mənzərəyə üsyan etmək üçün yazılıb. Biz başqa dildə düşünərkən olduğumuz kimi necə görünə bilərik?!

Tolstoyun “Anna”sının hisslərini, Çexovun “Gözətçi Nikita”sının məhv olmuş arzularını, Markesin “Patriarxı”nın hüznlü payızını, Hüqonun “Səfillər”ini anlamaq üçün bu müəllifləri öz dilindən oxumaq, hər sözün, hər ifadənin kontekst mənasını anlamaq çox önəmlidir, amma Sabirin “Orucu tutdum Ramazanda” misrasındakı tablonu görmək daha vacibdir.

Anlamalı idik ki, çox halda “ağız əymək”, başqası kimi görünmək üçün sonunu bilmədiyimiz palçıqlı yola çıxarkən çəkmələrimizi unutmuşuq, yolda tapdığımız “sapoşki”lərə isə qıymadığımız üçün ayağımıza geyinib, sağlam addım ata bilmirik.

Ana dili milli-strateji məsələdir, təhsil milli təhlükəsizlik sahəsidir; onu başqa millətlərin və dövlətlərin təsirinə məruz qoymaq millətin və dövlətin gələcəyini bilərəkdən təhlükəyə salmaqdır.

İnanırıq ki, siz də bu təhlükəni artıq duyub doğru qərar verəcəksiniz. Bizi yetişdirən bayatılarımızı, fəlsəfi düşüncəmizi formalaşdıran şeirlərimizi, xəyal qurmağı öyrədən nağıllarımızı, kim olduğumuzu anladan dastanlarımızı, yuxumuzda belə bizi qızıl güllər içində ovutmaq istəyən analarımızı yada salaraq, övladlarımızı rus, ingilis bölməsinə, xarici dilli məktəblərə qoymayaq.

Cəmiyyət olaraq bizə nəinki rus dili, hətta fars dili, erməni dili, ingilis dili, çin dili və s. də lazımdır. Bir dil bir insan deməkdir. Deməli nə qədər çox dil bilsək o qədər çox insan qazanmış olarıq. Dil öyrənmək cəmiyyətin iki addım irəli getməsi deməkdir. Dil öyrənmək çox önəmlidir. Bizim cəmiyyətin yabancı dil bilməsi bizi ancaq sevindirə bilər. Lakin təhsilin milli dildə olması çox vacibdir. Biz cəmiyyət olaraq idrak etməliyik ki, uşağımızı hansı millətin dilində oxutsaq, o millətin kültürünün daşıyıcısı olacaq.

“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən öz dilimizi unutmayaq. Biz partiya olaraq əcnəbi dillərə qarşı deyilik, hətta bu təşəbbüs üçün valideynləri dəstəkləyirik, ancaq dil öyrənmək başqa, təhsili yabancı dildə almaq başqa…

Gəlin toylarımızda hamımız birlikdə “Heyvagülü”nə, “Baş Sarıtel”ə oynayaq, dərdlənəndə Cavidin Sibir sürgünü zamanı ayaqqabılarına yapışan ayaq dərisini düşünək, utananda həm də Xocalıda qarnı deşilən hamilə qadını yada salaq, qürurlananda Teymurla Bəyazidin “Avrasiyaya sahib bir kor, bir topal” hekayəsini xatırlayaq və heç bir halda kim olduğumuzu, nələrə qadir olduğumuzu unutmayaq!”

Yüksəliş partiyası ABŞ və Fransaya etiraz edir

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*