Gələn il aprelin 1-dən etibarən Azərbaycanda vətəndaşlar əməkhaqlarını istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Yeni qaydaya əsasən, maaş hesabının bir bankdan digərinə köçürülməsi üçün əlavə ödəniş tələb olunmayacaq. Bu dəyişiklik işçilərə bank seçimi baxımından daha geniş imkanlar yaradacaq və banklar arasında rəqabəti gücləndirəcək.
Lakin vətəndaşlar maaş kartını dəyişərək başqa bankın xidmətlərindən yararlanmaq istədikdə əlavə komissiya və ya xidmət haqqı ilə üzləşə bilərlərmi? Banklar müştəri cəlb etmək məqsədilə bu cür ödənişlərdən imtina edəcəklərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələdə qərar hər bir bankın özündən asılı olacaq. Onun fikrincə, bankların maaş hesabının başqa banka keçirilməsinə görə komissiya tətbiq etməsi real görünmür.

Ekspertin sözlərinə görə, banklar əksinə, daha çox müştəri cəlb etməkdə və vətəndaşların məhz onların xidmətlərindən istifadə etməsində maraqlıdırlar. Bu baxımdan, hər hansı bank belə bir ödəniş müəyyənləşdirsə, vətəndaşlar həmin bankı seçməkdən imtina edərək alternativ maliyyə qurumuna üz tuta bilərlər.
Əkrəm Həsənov qeyd edib ki, vətəndaşlara bank seçmək imkanının verilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Beləliklə, hər kəs təqdim olunan xidmətlərin qiymətini və keyfiyyətini nəzərə alaraq özü üçün daha uyğun bankı seçə biləcək.
Aynurə İsmayıl
KONKRET.az
