“Artıq bıçaq sümüyə dirənib” – İcra başçısı ilə bağlı Prezidentə müraciət edildibackend

“Artıq bıçaq sümüyə dirənib” – İcra başçısı ilə bağlı Prezidentə müraciət edildi

“Artıq bıçaq sümüyə dirənib, aclıqdan məhv olmaq üzrəyik”.

Bu fikirləri KONKRET.az saytının redaksiyasına Kürdəmir rayon Bağman kənd sakinləri yazdıqları şikayət məktubunda vurğulayıblar.

Bu kənddə yaşayanlar Azərbaycan Prezidenti İlham Əliyevə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun qanunsuz əməlləri ilə bağlı təcili tədbirlərin görülməsi barədə müraciət ediblər.

Müraciətdə daha sonra bildirilir: “Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun korrupsiya əməlləri nəticəsində Bağman kəndinə məxsus 285 hektar örüş sahələri qanunsuz olaraq uzunmüddətli icarəyə verilib və həmin şəxslər örüş torpaqlarını qanunsuz olaraq əkiblər. Nəticədə də kənd sakinləri heyvanlarını otarması üçün örüşsüz qalıblar. Bu isə bir kəndin əhalisinin məhv olması deməkdir.

Belə ki, aqrar islahat zamanı kənd sakinlərinə pay torpaqları verildi, 285 hektar ümumi örüş sahəsi və 16 hektar perspektiv inkişaf üçün torpaq sahəsi ayrıldı, 56 hektar isə yararsız hesab edildi.

Hazırda həmin 285 hektar örüş torpaq sahəsi Bağman bələdiyyəsinin keçmiş sədri Vidadi Pirişov tərəfindən ailə üzvlərinə və yaxın qohumlarına uzunmüddətli icarəyə verilib. Həmin şəxslər isə təyinat dəyişdirilmədən həmin torpaqları əkiblər. Bu isə cinayət əməli hesab edilir. Bağman bələdiyyəsinin sabiq sədri Vidadi Pirişov bu cinayəti icra başçısı Ceyhun Cəfərovun razılığı ilə onunla əlbir olub etmişdir.

Diqqət edin, 285 hektar örüş sahəsinin çox hissəsini öz ailə üzvülərinə və yaxın qohumlarına icarəyə verib.

Qardaşı Natiq Pirişova 8 hektar, qardaşı Qədir Pirişova 14 hektar, qardaşı Abbas Pirişova 17 hektar, əmisi Vahid Pirişova 4 hektar, əmisi oğlu Əlizadə Pirişova 12 hektar, əmisi oğlu Aqil Pirişova 4 hektar, əmisi oğlu Zülfüqar Pirişova 6 hektar, oğlu Sərvər Pirişova 10 hektar, qardaşı Rafiq Pirişova 40 hektar örüş sahəsini uzun müddətli icarəyə vermişdir. Həmçinin digər şəxslər Saleh Qasımova 10 hektar, Ənvər Əmrahova 5 hektar, Eminəxatun Dadaşovaya 55 hektar örüş torpaqlarını uzunmüddətli icarəyə vermişdir.
Vidadi Pirişov bu cinayəti tək icra başçısı Ceyhun Cəfərovla əlbir olub etməmişdir. Ona bu cinayətin saxta sənədlərlə leqallaşdırılmasında 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasımov köməklik etmişdir. 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasımov külli miqdarda rüşvət müqabilində bu cinayətə imza atmışdır. Hansı ki, ümumi istifadədə olan kəndin örüş torpaqlarının hərraca çıxarılıb icarəyə verilməsi və örüş torpaqlarında təyinat dəyişdirilmədən əkin işləri aparılması cinayət əməlidir. Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə birbaşa Nazirlər Kabinetinin səlahiyyətinə aiddir.

3 nəfər vəzifəli şəxsin əlbir olub törətdikləri cinayət əməli nəticəsində Bağman kənd sakinləri aclıq və yoxsulluq içində yaşamağa məhkum olublar. Çünk Bağman kənd sakinlərinin əsas qazancı heyvandarlıqdır. Örüş yeri olmayanda isə kənd sakinləri məhv olacaqlar. Bizə qarşı edilən bu cinayət əməli barədə kənd sakinləri birlikdə orqanlara gedib əyani şikayətlər etmişik. Prezident Administrasiyasında, Ədliyyə Nazirliyində, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində, Göyçay Regional Ədliyyə İdarəsində və Kürdəmir Rayon İcra Hakimiyyətində bizi qəbul edib dinləyən vəzifəli şəxslər məsələni araşdırıb problemi tez bir zamanda həll edəcəklərinə söz versələr də, indiyə qədər heç bir tədbir görülməyib. Çünki bu cinayətin başında birbaşa icra başçısı Ceyhun Cəfərov dayanıb.

Bir neçə gün əvvəl su probleminin həll edilməməsinə etiraz edən Ucar rayon Bərgüşad kənd sakinləri Bakı-Qazax magistral yolunu bağladıqdan sonra məsələ həllin tapdı, problem aradan qaldırıldı. Etirazçılar yolu bağlayan kimi rayonun icra başçısı şəxsən ora gəlib söz verdi. İndi bizim də bir əlacımız qalıb ki, kəndimizdən 12 km aralıda olan Bakı-Qazax yolunu bağlayıb etiraz edib səsimizi Prezidentə çatdıraq. Çünki artıq bıçaq sümüyə dirənib, aclıqdan məhv olmaq üzrəyik.

Biz Bakı-Qazax yolunu bağlamazdan əvvəl mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik.

Cənab Prezident, xahiş edirik, komissiya yaradılsın, Kürdəmir rayon Bağman kəndinə gəlib icra başçısı Ceyhun Cəfərovun, keçmiş bələdiyyə sədri Vidadi Pirişovun və 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasımovun əlbir olub törətdikləri cinayəti araşdırılıb barələrində ciddi tədbirlər görülsün, kəndin örüş torpaqları quldurlardan alınıb kəndlilərə qaytarılsın”.

İmza:  Kürdəmir rayonu Bağman kənd sakinləri

Balakişiyev Rüstəm Saməli oğlu
Əliyev Nüsrət Əlibala oğlu
Dəmirov Habil Cəfər oğlu
Balakişiyev Hikmət Xanlar oğlu
Balakişiyeva Leyla Səfər qızı
Balakişiyev Xanlar Məhərrəm oğlu
Əliyev Alim Ağaəli oğlu
Balakişiyeva Nazxanım Mahmud qızı
Balakişiyev Saməli Əhməd oğlu
Həsənov Əli Babaxəlil oğlu
Balakişiyev Əminə Saleh qızı
Balakişiyev Yalçın Əhməd oğlu
Balakişiyeva Narınc Şəmi qızı
Əliyev Allahverdi Maqsud oğlu
Dəmirov Niyaməddin Ağakişi oğlu
 Dəmirov İdiris Cəfər oğlu
Dəmirova Sevda Cəfər qızı
Dəmirova Qumru Əliməhəmməd qızı”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*