Bakı Apellyasiya Məhkəməsi “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətini təmin edib. Məhkəmənin qərarına əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Bəs ev dustaqlığında olan şəxsin hüquq və məhdudiyyətləri həbsdə saxlanılan şəxsdən nə ilə fərqlənir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, ev dustaqlığı və həbs qətimkan tədbirləri arasında ciddi fərqlər mövcuddur və bu, şəxsin gündəlik həyatına birbaşa təsir göstərir.

“Ev dustaqlığında olan şəxs cəzaçəkmə müəssisəsində deyil, öz yaşayış yerində saxlanılır və əksər hallarda ailə üzvləri ilə birlikdə yaşamağa davam edir. Bununla yanaşı, məhkəmənin qərarından asılı olaraq müəyyən şəxslərlə əlaqə saxlaması qadağan edilə, telefon və internetdən istifadəsinə məhdudiyyət qoyula və ya bu vasitələrdən istifadəyə icazə verilə bilər”.
Hüquqşünas qeyd edib ki, ev dustaqlığında olan şəxsin mənzildən çıxması da məhkəmənin müəyyən etdiyi qaydalara uyğun tənzimlənir.
“Belə ki, onun yaşayış yerini tərk etməsi tam qadağan oluna və ya yalnız məhkəmə iclaslarında iştirak, tibbi yardım almaq kimi xüsusi hallarda mümkünləşə bilər. Bəzi hallarda isə həmin şəxsin üzərində elektron nəzarət vasitəsi – elektron qolbaq tətbiq edilir. İşləmək və ya təhsil almaq hüququ da məhkəmənin müəyyən etdiyi şərtlərdən asılı olur”.
Tağı Hüseynov vurğulayıb ki, həbs qətimkan tədbiri tətbiq edilən şəxs isə istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılır.
“Bu zaman onun hərəkət azadlığı demək olar ki, tam məhdudlaşdırılır, gündəlik həyatı müəssisənin daxili nizam qaydaları ilə tənzimlənir. Ailə üzvləri ilə birgə yaşamaq mümkün olmur, görüşlər, telefon danışıqları və yazışmalar qanunvericiliyin müəyyən etdiyi xüsusi qaydalara uyğun həyata keçirilir. Həmçinin şəxsi əşyaların saxlanılması və istifadəsi də ciddi məhdudiyyətlərə tabedir”.
Hüquqşünasın sözlərinə görə, əsas fərq ondan ibarətdir ki, ev dustaqlığında şəxs azadlıqdan tam məhrum edilmir, yalnız hərəkət azadlığı ciddi şəkildə məhdudlaşdırılır.
“Həbs zamanı isə şəxs xüsusi müəssisədə saxlanılır və həyatının demək olar ki, bütün sahələri dövlət nəzarəti altında olur. Bu səbəbdən ev dustaqlığı həbs qətimkan tədbirinə nisbətən daha yüngül məhdudlaşdırıcı tədbir hesab edilir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
