Avropa Birliyi liderləri dünən Rusiya neftinə embarqo qoyulması barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, qərara əsasən embarqo mərhələli olacaq.
Belə ki, Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək.
Bu formul bir aydan çoxdur neft qadağasının da daxil olduğu 6-cı sanksiya paketinin qəbuluna imkan verməyən Macarıstanı razı salmaq üçün seçilib. Macarıstan, eləcə də Çexiya və Slovakiya nefti boru kəməri ilə alır.
Qeyd edək ki, Rusiyanın Avropaya satdığı neftin 2/3 hissəsi dəniz yolu ilə göndərilir.
Beləliklə, AB-nin qərarına əsasən Rusiya neftinin 2/3 hissəsinə embarqo qoyulur. İlin sonuna qədər isə ümumilikdə Rusiyadan satın alınan neftin 90 faizindən imtina olunacaq.
Natiq Səlim,
KONKRET.az