Avropa İttifaqının vahid ordu ideyasına nöqtə qoyuldubackend

Avropa İttifaqının vahid ordu ideyasına nöqtə qoyuldu

Avropa İttifaqının (Aİ) uzun illərdir müzakirə edilən vahid müdafiə ordusunun yaradılması planlarına Brüsselin ali rəhbərliyindən kəskin etiraz gəlib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas (Kaja Kallas) quruma üzv dövlətlərin vahid və ortaq bir ordu formalaşdırmasının əleyhinə olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bu barədə Kiprdə keçirilən Avropa İttifaqı müdafiə nazirlərinin qeyri-formal toplantısının yekunlarına dair təşkil olunmuş mətbuat konfransında danışıb.

Kallas mətbuat qarşısında çıxış edərək bu ideyanı niyə dəstəkləmədiyinin hüquqi və hərbi səbəblərini izah edib: “Mən əlavə bir ordunun yaradılmasını niyə dəstəkləmirəm? Çünki hər bir üzv dövlətin onsuz da özünün cəmi bir ordusu var. Bu ölkələrdən 23-ü həm də NATO-nun üzvüdür. Əgər siz həmin ordunu NATO-nun ixtiyarına verirsinizsə, deməli, ondan başqa bir yerdə istifadə edə bilməzsiniz. Siz sadəcə paralel olacaq ikinci bir ordu yarada bilməzsiniz”.

Avropalı baş diplomat böhran anlarında hərbi idarəetmədə xaosun yaranmaması üçün strukturların dəqiq bölünməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gərginlik və kritik məqamlarda “kimin nə işlə məşğul olduğunu” hamının aydın dərk etməsi üçün çaşqınlıq yarada biləcək paralel hərbi strukturların qurulmasından uzaq durmaq lazımdır.

Kallas eyni zamanda qeyd edib ki, Avropa İttifaqı daxilində hibrid hücumların və təhdidlərin qarşısını almaq məqsədilə artıq xüsusi “böhran reaksiyası qrupları” formalaşdırılıb. Bu qrupların fəaliyyətinin kifayət qədər uğurlu olduğunu deyən Aİ rəsmisi onların gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb: “Lakin bu qrupların inkişafı mövcud ordulara alternativ, yeni bir ordu yaratmaq məqsədi daşımamalıdır”.

Hərbi ekspertlər Kallasın bu bəyanatını Brüsselin Vaşinqton və NATO ilə hərbi sahədə rəqabətə girmək istəməməsi və Avropanın təhlükəsizlik arxitekturasında Şimali Atlantika Alyansının mütləq rolunu tanıması kimi qiymətləndirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*