Leon Lüis nasistlərin ABŞ-da hakimiyyəti ələ keçirmək planlarını ifşa etmək üçün öz hesabına gizli agentlər şəbəkəsi yaratmışdı.
1940-cı ilin payızında Los-Anceles polisinin rəisi Cim Devisin kabinetinə bir nəfər daxil oldu.
— Sizə nasistlər haqqında danışmağa gəlmişəm, — deyə o, söhbətə başladı. — Onlar San-Dieqoda silah alırlar. Nasistlər Los-Anceles meriyasını ələ keçirməyi planlaşdırırlar. Sonra isə yəhudilərin yaşadığı Boyl-Hayts məhəlləsinə gedərək mümkün qədər çox insanı güllələmək istəyirlər!
Bu şəxsin adı Leon Lüis idi. Vəkil başa düşürdü ki, onu dəli hesab edə bilərlər. Buna görə də özü ilə sübutlar gətirmişdi: xəritələr, fotoşəkillər və danışıqların qeydləri olan bir qovluq.
Lakin polis rəisinin cavabı onu heyrətə gətirdi.
— Bəs siz bilirsinizmi ki, Hitler haqlıdır? — deyə rəis onun sözünü kəsdi. — O, öz ölkəsini xilas etmək üçün lazım olanı edir. Los-Ancelesin əsl problemi nasistlər deyil. Problem sizin Boyl-Hayts məhəllənizdir — orada yəhudi kommunistləri toplaşıblar!
Bu, fantastik filmin səhnəsi deyil, real tarixdir.
İkinci Dünya müharibəsi ərəfəsində və müharibə illərində ABŞ-da nasist tərəfdarları yəhudi qırğınları törətməyi, Los-Ancelesi, daha sonra isə imkan yaranarsa, bütün ölkəni ələ keçirməyi planlaşdırırdılar. Onların planlarının qarşısını almaq üçün isə qeyri-adi bir insan mübarizə aparırdı. O, öz vəsaiti hesabına nasist təşkilatlarının daxilində fəaliyyət göstərən gizli agentlər şəbəkəsi yaratmış yəhudi əsilli amerikalı vəkil Leon Lüis idi.
Onun unudulmuş hekayəsini Cənubi Kaliforniya Universitetinin tarixçisi Stiven Ross arxivlərdə araşdıraraq üzə çıxarıb.
Los-Anceles necə nasistlərin mərkəzinə çevrildi?
Nasistlərin niyə məhz Los-Ancelesi seçməsi təsadüfi deyildi. 1930-cu illərdə bu şəhər ABŞ-da nasist ideyalarının yayıldığı əsas mərkəzlərdən birinə çevrilmişdi. Nyu-Yorkda isə vəziyyət fərqli idi: şəhərin meri Fiorello La Qvardiya açıq şəkildə faşizmə qarşı çıxırdı.
Kaliforniyada radikal sağçı qrupların güclənməsinin səbəblərindən biri ştatda on minlərlə alman mühacirin yaşaması idi. Onların bir hissəsi nasist təşkilatlarının əsas dayağına çevrilmişdi. Bu qruplara Hitlerin siyasətini dəstəkləyən amerikalılar da qoşulurdular.
Tarixçi Stiven Ross həmin dövrü belə təsvir edir:
— Əvvəlcə parklarda piknik adı altında toplantılar keçirir, mitinqlər təşkil edir və palma ağaclarının altında yürüşlər edirdilər. Mən bunu “günəşli nasizm” adlandırıram.
1933-cü ildə 44 yaşlı vəkil Leon Lüis də təsadüfən belə toplantılardan birinin yanından keçmişdi. Birinci Dünya müharibəsinin veteranı olan yəhudi əsilli Lüis svastikalı, qəhvəyi köynək geyinmiş aqressiv şəxslərin Amerikadan qaradərililəri və yəhudiləri “təmizləmək” barədə çağırışlarını eşidəndə dəhşətə gəlmişdi.
O dövrdə bir çox amerikalı nasistləri ciddi təhlükə hesab etmir, onların tezliklə sakitləşəcəyini düşünürdü. Lüis isə vəziyyətin tamam başqa istiqamətdə inkişaf edə biləcəyini anlayırdı. O, gözləmək əvəzinə hərəkətə keçdi.
Nasistlərin sıralarına gizli agentlər yerləşdirildi
Leon Lüis əvvəlcə dostları arasından dörd Birinci Dünya müharibəsi veteranını seçdi. Onlardan üçü xristian, biri isə yəhudi idi. Bu şəxslər nasist təşkilatlarına daxil olaraq onların fəaliyyətini izləməyə razılıq verdilər.
Beləliklə, genişmiqyaslı casusluq əməliyyatının əsası qoyuldu.
Artıq bir il sonra gizli agentlərin sayı 34 nəfərə çatmışdı. Onların arasında yenə də yalnız bir yəhudi vardı. Bu, təşkilatların daxilində şübhə doğurmamaq üçün əhəmiyyətli idi.
Agentlər nasist tərəfdarları ilə əlaqələr qurur, özlərini Hitlerə rəğbət bəsləyən insanlar kimi təqdim edir, könüllü xidmətlər təklif edərək təşkilatların etibarını qazanırdılar. Tədricən bu qrupların daxili fəaliyyətinə, əlaqələrinə və planlarına çıxış əldə edirdilər.
Ən maraqlısı isə Leon Lüisin bu əməliyyatı öz cibindən maliyyələşdirməsi idi.
Agentlər şəbəkəsi böyüdükcə xərclər də artırdı. Vəkil əlavə maliyyə mənbələri axtarmağa başladı. Bu məqsədlə o, MGM kinostudiyasının rəhbərlərindən biri İrvinq Talberqlə və Hollivud ulduzları ilə geniş əlaqələrinə görə “ulduzların ravvini” adlandırılan nüfuzlu ravvin Edqar Maqninlə görüş təşkil etdi.
Görüşdə kino sənayesinin bir neçə yəhudi prodüseri də iştirak edirdi.
Tarixçi Stiven Rossun sözlərinə görə, Lüis maliyyə dəstəyinin nə üçün lazım olduğunu izah etmək üçün masanın üzərinə “Gümüş Legion” adlı Amerika faşist jurnalının nüsxələrini qoymuşdu. Jurnalda yəhudiləri Amerika cəmiyyətini pozmaqda və qadınları yoldan çıxarmaqda ittiham edən məqalələr dərc edilirdi.
Bununla belə, prodüserlər açıq şəkildə antinasist təşkilatı maliyyələşdirməkdən çəkinirdilər. Bu tərəddüd həmin dövrdə Kaliforniyada faşist ideyalarının nə dərəcədə yayıldığını göstərirdi.
Hitler Hollivudun təsir imkanlarından necə istifadə edirdi?
Nasist Almaniyası Hollivudun gücünü yaxşı anlayırdı. Kino milyonlarla insana təsir göstərmək, ictimai rəy formalaşdırmaq və siyasi ideyaları yaymaq üçün son dərəcə təsirli vasitə idi.
Hitler rejimi bu imkanlardan yararlanmaq üçün 1933-cü ildə Los-Ancelesə alman konsulu Georg Gisslinqi göndərmişdi.
Tarixçi Ben Urvand “Əməkdaşlıq: Hitlerin Hollivudla sazişi” adlı kitabında yazır ki, konsulun əsas məqsədi nasist rejimini tənqid edən filmlərin çəkilməsinin qarşısını almaq idi.
Stiven Rossun sözlərinə görə, həmin dövrdə Böyük Depressiyanın təsirləri hələ də hiss olunurdu. Kino şirkətləri maliyyə çətinlikləri yaşayır, xarici bazarları itirməkdən qorxurdular. Gisslinq isə studiyalara Almaniya bazarını itirə biləcəkləri ilə bağlı xəbərdarlıq edirdi.
O dövrdə Almaniya Avropanın ən böyük kino bazarlarından biri idi. Buna görə də bəzi Hollivud studiyaları təzyiqlərə boyun əyirdilər. Onların arasında “Columbia Pictures” və “Warner Brothers” də vardı.
Nəticədə Almaniya konsulu Hollivud filmlərinin məzmununa birbaşa təsir göstərməyə başladı.
Məsələn, “Emil Zolyanın həyatı” filminin ilkin variantında haqsız yerə casusluqda ittiham edilmiş yəhudi zabit Alfred Dreyfusun məşhur işi mühüm yer tuturdu. Lakin Almaniya konsulunun müdaxiləsindən sonra Warner Brothers filmdən bu xətti çıxardı.
1938-ci ildə çəkilmiş, Erix Mariya Remarkın əsəri əsasında hazırlanan “Üç yoldaş” filminin də antinasist məzmunu yumşaldıldı. Tarixçi Ben Urvandın fikrincə, filmin hadisələrinin baş verdiyi dövrün dəyişdirilməsi də onun siyasi mesajını zəiflətmək məqsədi daşıyırdı.
Sonralar “Vətəndaş Keyn” filminin ssenari müəlliflərindən biri kimi məşhurlaşan Herman Mankeviç isə nasistlərdən qaçan bir yəhudi haqqında film layihəsini bir neçə studiyaya təqdim etmişdi. Lakin Gisslinqin telefon zənglərindən sonra layihə qəbul edilmədi.
Bütün bunlara baxmayaraq, Hollivudun bəzi nüfuzlu nümayəndələri Leon Lüisə maliyyə yardımı göstərməyə razılaşdılar. Onun gizli agentlər şəbəkəsi İkinci Dünya müharibəsinin sonunadək fəaliyyətini davam etdirdi.
Nasistlərin Los-Ancelesdə çevriliş planı
1940-cı ilə gəlib çatanda Lüisin topladığı məlumatlar artıq son dərəcə təhlükəli mənzərəni ortaya qoyurdu.
Onun əldə etdiyi sənədlərə görə, radikal sağçı qruplar Meksika vasitəçilərindən istifadə edərək San-Dieqo və San-Xosedə tüfənglər, qumbaralar və digər silahlar əldə etməyə çalışırdılar.
“Yeni Almaniyanın dostları” və “Gümüş köynəklilər” kimi təşkilatların üzvləri Los-Ancelesdə silah anbarlarını ələ keçirmək və şəhərdə çevriliş təşkil etmək barədə müzakirələr aparırdılar. Onların ümidinə görə, Los-Ancelesdə uğurlu olacağı təqdirdə, bu hadisə ölkənin digər ştatlarında da oxşar çıxışlara təkan verə bilərdi. Planlar bununla bitmirdi.
Nasist tərəfdarları Los-Ancelesdəki nüfuzlu yəhudilər və antifaşist siyasətçilər arasından 20 nəfəri oğurlamağı, daha sonra isə onları ictimaiyyət qarşısında asaraq edam etməyi müzakirə edirdilər.
Onlar həmçinin Boyl-Hayts yəhudi məhəlləsində avtomobillərlə hərəkət edərək pəncərələrdən insanlara atəş açmağı planlaşdırırdılar.
Bundan başqa, fumiqasiya xidməti göstərən saxta bir şirkətin köməyi ilə Los-Ancelesdəki bütün yəhudiləri zəhərli qaz vasitəsilə öldürmək imkanlarını araşdırırdılar.
Radikalların hədəfində Hollivud ulduzları da vardı.
Onların ilk hədəflərindən biri Çarli Çaplin olmalı idi. Aktyor yenicə Adolf Hitlerə qarşı kəskin satira olan “Böyük diktator” filminin çəkilişlərini başa vurmuşdu.
- Beləliklə, nasistlərin planları təkcə siyasi hakimiyyəti ələ keçirməklə məhdudlaşmırdı. Onlar yəhudiləri, antifaşistləri və öz ideologiyalarına qarşı çıxan ictimai xadimləri fiziki cəhətdən məhv etməyi də düşünürdülər.
Polis rəisi inanmadı, federal hakimiyyət hərəkətə keçdi
- Leon Lüis topladığı sübutları Los-Anceles polisinin rəisinə təqdim edəndə ciddi münasibət gözləyirdi. Lakin rəisin reaksiyası göstərdi ki, şəhərin bəzi nüfuzlu dairələrində nasistlərə rəğbət bəsləyənlər də vardı.
Buna baxmayaraq, vəkil geri çəkilmədi. O, ABŞ-ın baş prokurorunun ofisinə müraciət etdi. Bu dəfə onun təqdim etdiyi sənədlərə daha ciddi yanaşıldı.
ABŞ artıq İkinci Dünya müharibəsinə nasist Almaniyasına qarşı mübarizə aparan müttəfiqlərin tərəfində qoşulmuşdu. Bu şəraitdə ölkə daxilində Hitler tərəfdarlarının fəaliyyəti daha böyük təhlükə kimi qiymətləndirilirdi.
İllinoys Universitetinin tarixçisi Donald Hiki həmin vəziyyəti belə izah edir: Hitlerə rəğbət bəsləyən yerli qruplar artıq sadəcə siyasi təşkilatlar və ya eyni düşüncəli insanların birlikləri deyildilər. Onların arasında çoxlu etnik almanların olması da nəzərə alınmaqla, bu qruplar potensial düşmən qüvvəsi kimi qəbul edilirdilər.
Lüisin topladığı məlumatlar əsasında Federal Təhqiqatlar Bürosu — FTB Kaliforniyadakı ifrat sağçı qrupları nəzarətə götürdü və bir sıra həbslər həyata keçirdi.
Lüisin təqdim etdiyi dosyelərdə adı keçən “Yeni Almaniyanın dostları” təşkilatının rəhbərləri Hans Dibell və Herman Şvinn də həbs edilənlər arasında idi. Onlara casusluq və qiyama təhrik ittihamları irəli sürüldü.
Müharibə illərində ABŞ-da ümumilikdə təxminən 11 min etnik alman saxlanıldı. Onların əksəriyyəti internasiya düşərgələrinə göndərildi. Nəticədə nasist tərəfdarı olan təşkilatların böyük hissəsinin fəaliyyəti zəiflədi və ya dayandırıldı.
Stiven Rossun fikrincə, Leon Lüis nasistlərə qarşı şəxsi mübarizəyə başlamasaydı, onların fəaliyyəti ölkəni böyük sarsıntı və xaosa sürükləyə bilərdi.
Unudulmuş qəhrəmanın sonu
Müharibə başa çatdıqdan sonra Leon Lüis yenidən vəkillik fəaliyyətinə qayıtdı. O, 1954-cü il mayın 20-də, Sakit okean sahili boyunca uzanan avtomobil yolunda səfərdə olarkən ürək tutmasından vəfat etdi. Cəmi 65 yaşı vardı.
Onun adı geniş ictimaiyyətə çox da tanış deyil. Halbuki Lüis şəxsi vəsaitini xərcləyərək, öz təhlükəsizliyini riskə ataraq və böyük müqavimətlə üzləşərək ABŞ-dakı nasist şəbəkələrinin ifşa edilməsində mühüm rol oynamışdı.
Tarixçi Stiven Ross onu belə xarakterizə edir:
— Bu, layiq olduğu şöhrəti qazanmamış bir qəhrəmandır. O, inanılmaz bir iş görüb, amma haqqında çox az adam bilir. İndi bunu təsəvvür etmək çətindir, lakin hadisələr başqa cür inkişaf etsəydi, biz Kaliforniya Reyxinin hökm sürdüyü bir dövrdə yaşaya bilərdik.
Leon Lüisin hekayəsi göstərir ki, demokratiyanı qorumaq üçün bəzən təkcə dövlət qurumlarının deyil, təhlükəni vaxtında görən və ona qarşı mübarizə aparmağa cəsarət edən ayrı-ayrı insanların da fədakarlığı həlledici rol oynayır.
Tərcümə etdi: Ağagül Mürsəlov,
KONKRET.az
