Avtomobil almaq istəyənlərə vacib xəbər: Qiymətlər bahalaşacaq?backend

Avtomobil almaq istəyənlərə vacib xəbər: Qiymətlər bahalaşacaq?

Son günlər ölkədə və regionda baş verən geosiyasi və iqtisadi proseslər müxtəlif sahələrə, o cümlədən avtomobil bazarına da təsirsiz ötüşmür. İdxal xərcləri, valyuta bazarındakı vəziyyət, logistika imkanları və istehlakçı davranışları avtomobil qiymətlərinin gələcək istiqamətini müəyyən edən əsas amillər sırasındadır.

Bəs mövcud vəziyyət yeni və ikinci əl avtomobillərin qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, avtomobil bazarında qiymətlərin formalaşmasına təkcə daxili amillər deyil, qlobal proseslər də ciddi təsir edir.

Bu şəxslərə qaz, işıq və su pulu güzəşti edilə bilər | KONKRET

Onun sözlərinə görə, regionda baş verən gərginliklər ilk növbədə logistika zəncirinə və avtomobil idxalının maya dəyərinə təsir göstərəcək:

“Avtomobil bazarı birbaşa idxaldan asılı olan sahələrdəndir. Nəqliyyat xərclərinin artması, gömrük prosedurlarında dəyişikliklər və valyuta riskləri yeni avtomobillərin qiymətlərində yüksəliş yarada bilər. Xüsusilə xaricdən gətirilən modellərdə bu təsir daha tez hiss olunur”.

Ekspert qeyd edib ki, ikinci əl avtomobil bazarında isə vəziyyət bir qədər fərqli ola bilər:

“İkinci əl avtomobillərin qiyməti əsasən tələb və təklifdən asılıdır. Əgər yeni avtomobillərin qiyməti artarsa, müəyyən alıcı qrupu daha münasib qiymətli işlənmiş avtomobillərə yönələcək. Bu isə bəzi seqmentlərdə qiymətlərin sabit qalmasına və ya artmasına səbəb ola bilər”.

Asif İbrahimovun fikrincə, yaxın dövrdə bütün avtomobillərin bahalaşması gözlənilən ssenari deyil. Bazarda daha çox seçmə xarakterli dəyişikliklər mümkündür:

“Yanacaq sərfiyyatı az olan, hibrid və elektrik avtomobillərinə maraq artır. Bu kateqoriyalarda tələb yüksək olaraq qalarsa, qiymətlər daha dayanıqlı ola bilər. Lakin köhnə, böyük mühərrikli və saxlanması baha başa gələn avtomobillər əvvəlki qədər tələbat görməyəcək”.

Ekspert əlavə edib ki, bazarın gələcək istiqaməti əsasən regional sabitlikdən, idxal kanallarının vəziyyətindən və manatın məzənnəsindən asılı olacaq:

“Əgər xarici valyuta bazarında ciddi dəyişiklik olmazsa, qiymətlərdə kəskin sıçrayış gözlənilmir. Amma risklər artarsa, bu, ilk növbədə yeni avtomobillərin, daha sonra isə ikinci əl bazarın qiymətlərində özünü göstərə bilər”.

Beləliklə, hazırkı mərhələdə avtomobil bazarında əsas gözlənti kəskin ucuzlaşmadan çox, seqmentlər üzrə fərqli qiymət dinamikasının müşahidə olunmasıdır. Yeni avtomobillərdə maya dəyəri amili, ikinci əl bazarda isə alıcılıq qabiliyyəti və tələbat qiymətlərin əsas müəyyənedicisi olaraq qalacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*